Onlayn ictimai-siyasi qəzet
20 sentyabr 2023-cü il - Qarabağın tam azad olunduğu, erməni separatizminə birdəfəlik son qoyulduğu və dövlət suverenliyimizin bərpa edildiyi tarixi gündən bir il ötür.
Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra bu tarixi günə hazırlıq düz üç il idi ki, davam edirdi. Dünya erməniliyi, bir çox Qərb ölkələri və institutları suveren hüquqlarımızın bərpası uğrunda apardığımız mücadilənin qarşısını almaq üçün hər cür çirkin üsullara əl atır, ölkəmizə qarşı təhdid, təxribat və böhtan dolu kampaniyaları genişləndirirdilər.
Ancaq bunların heç biri Azərbaycanı haqq yolundan döndərə bilmədi. Ermənistanın 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməni kobud şəkildə pozması, Laçın yolu ilə Qarabağa silah-sursat daşıması və orada qanunsuz olaraq saxladığı hərbi qruplaşmalarını mütəmadi olaraq rotasiya etməsi bizi unikal və dünyada presedenti olmayan bir taktikaya əl atmağa vadar etdi: 2022-ci ilin dekabrında Xankəndi yolunda QHT-lər və eko fəalların etiraz aksiyaları başladı. Tətbiq olunan bu “yumşaq güc” özünü tam doğrultdu və nəticədə 2023-cü ilin aprel ayında Laçında dövlət sərhəd-keçid məntəqəsi quraşdırıldı, Ermənistanın laçın yolundan sui-istifadəsinə son qoyuldu və Azərbaycanın sərhədlərində suverenliyi tam bərpa edildi.
Artıq Qarabağı separatçılardan və işğalçılardan təmizləməyin vaxtı çatmışdı. Paşinyanın 2 sentyabrda separatçıların qondarma müstəqillik gününü təbrik etməsi və mina terrorunun pik həddə çatması ordumuzun 19 sentyabrda hərəkətə keçməsinə səbəb oldu. Azərbaycan çoxlarının gözləmədiyini etdi: 24 saatdan az müddətdə Ermənistanın Qarabağda 35 ildən artıq qanunsuz olaraq saxladığı 15-18 minlik işğalçı hərbi qruplaşmasını döyüş texnikası ilə birlikdə təslim olmağa məcbur etdi. Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və yurisdiksiyası Qarabağın hər yerində bərpa olundu.
Azərbaycanın mülki əhaliyə zərər vurmadan qısa müddətdə 18 minlik silahlı dəstəni təslim olmağa, qondarma separatçı qurumu özünü buraxması haqqında bəyanatla çıxış etməyə məcbur etməsi separatizmin kökünü kəsmək baxımından dünyada bir ilk idi. Ona görə də 20 sentyabr əməliyyatı etnik separatizmdən və işğaldan əziyyət çəkən dövlətlərin indiyə kimi qazana bilmədiyi və həsəd aparacağı tarixi nailiyyət oldu. Bəli, bu gün qürurla deyirik ki, Azərbaycan 20 sentyabrda dünyada heç kimin edə bilmədiyini etdi!
Uğurla həyata keçirilən anti-terror əməliyyatından 7 ay sonra Cənubi Qafqazın gələcəyinə birbaşa təsiri olan və yenə də çoxlarının gözləmədiyi daha bir tarixi hadisə baş verdi: 2024-cü ilin aprel ayında mövcud reallıqla barışmalı olan Rusiya sülh məramlıları (hərbi kontingenti) vaxtından əvvəl Qarabağı, ölkəmizi tərk etməli oldular. Ard-arda baş verən bu hadisələr Cənubi Qafqazda köklü geosiyasi dəyişiklərə səbəb oldu və Azərbaycanı dünyada orta güc mərkəzinə çevirdi.
Bütün bunlar heç şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörənliyi, diplomatik məharəti, siyasi zəkası, cəsurluğu və qətiyyəti hesabına mümkün oldu. Müzəffər Ali Baş Komandan elə bir döyüşkən ordu yaratdı ki, cəmi 44+1 gündə 30 il işğal altında qalan 17 min kv. km ərazinin hamısını azad etdi, şəhidlərimizin qisasını artıqlması ilə aldı. İlham Əliyev dünya liderləri arasında torpaqlarını çox məkrli və qlobal mərkəzlərin hərtərəfli dəstəklədiyi bir ölkənin işğalından qurtaran, çox mürəkkəb və həlli mümkünsüz kimi görsənən dövlətlərarası münaqişəni böyük ustalıqla həll etməyi bacaran yeganə Prezident kimi adını qızıl hərflərlə tarixin şərəfli səhifəsinə yazdırdı. Prezident İlham Əliyev bu nailiyyəti ilə həm də dünyanın bütün liderlərindən nə qədər üstün olduğunu praktiki əməli ilə sübut etdi.
Bundan başqa, Azərbaycan təkcə 200 ilə yaxın müddətdə millətimizə qarşı qənim kəsilən dünya erməniliyini, erməni millətçiliyini hərbi və siyasi meydanda məğlub etmədi, eyni zamanda, Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətləri dəstəkləyən və sitimullaşdıran Fransanı, ABŞ-ı, Rusiyanı, Niderlandı, Yunanıstanı, İranı və digər bu kimi ölkələri məğlub etdi. Bizim əldə etdiyimiz qələbələrin tarixi əhəmiyyəti və təsir dairəsi həm də bununla ölçülür. Ona görə də adlarını çəkdiyim ölkələr Azərbaycanı məhz buna görə rahat buraxmaq isəmirlər, ölkəmizə qarşı hər keçən gün yeni-yeni təxribatlar və məkrli planlar hazırlayıb həyata keçirtməyə, Ermənistanı silahlandırmağa, dövlətimizi zəiflətməyə, suverenliyimizi və ərazi bütövlüyümüzü yenidən təhdid etməyə çalışırlar. Əlbəttə, qalib xalq və qalib dövlət olaraq biz buna heç vaxt imkan verməyəcəyik!
Bununla yanaşı, ölkəmizə qarşı hazırlanan oyunların və bölgədə baş verən hadisələrin təhlili onu göstərir ki, biz bundan sonra da milli birliyimizi və siyasi həmrəyliyimizi daha da gücləndirməli, qorumalı və gələcəkdə bizi gözləyən sınaqlara və çağırışlara tam hazır olmalıyıq.
Ancaq təəssüf ki, bəzən daxilimizdə bu şanlı tariximizi unutmaq və unutdurmaq, milli birliyimizi pozmaq, süni şəkildə ədavət yaratmaq istəyənləri, xarici kəşfiyyatın planlarında rol alanları da görürük. Bax, buna qətiyyən yol vermək olmaz, ermənilərin də, onların havadarlarının da əsl istəyi və planı məhz elə budur.
Sevindirici haldır ki, cənab Prezident qürur duyduğumuz 20 sentyabr gününün xalqımızın yaddaşında əbədi həkk olunması üçün çox vacib sərancamlar imzaladı. Artıq hər il 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və eyni zamanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunacaqdır.
Bu tarixi Günlər münasibətilə hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızı, silahlı qüvvələrimizin bütün mənsublarını, şəhid ailələrini, qazilərimizi və veteranlarımızı ürəkdən təbrik edirəm!
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!
Azay Quliyev,
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ