Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş əsnasında Prezident deyib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Ölkə başçısı Azərbaycan tərəfinin bu məsələni qaldırdığını və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görmədiyini qeyd edib.
ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Musavat.com-a şərhində bildirib ki, Azərbaycanın ATƏT-lə bağlı möqeyi birmənalıdır.
A.Quliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra Prezident birmənalı şəkildə ATƏT-lə bağlı mövqeyini ifadə etdi və bu mövqe dəyişməyib:
“Bu mövqe ondan ibarətdir ki, ATƏT və xüsusilə onun yaratdığı bədnam Minsk qrupu son 28 ildə nəinki keçmiş münaqişənin həll olunmasına kömək etmədi, əksinə, Azərbaycanın işğal altında olan ərazilərinin legitimləşdirilməsinə çalışdı. Bu da təəssüf hissi doğururdu. Ona görə də bizim ATƏT-in bu strukturları ilə hər hansı formada əməkdaşlığımız ola bilməz və onlar birmənalı şəkildə ləğv olunmalıdır. Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edəndə də dedi ki, ATƏT-də bir neçə lazımsız struktur var və onlar ləğv olunmalıdır. Lazımsız strukturlar deyəndə cənab Prezident ilk növbədə Minsk qrupunu nəzərdə tutur. Hələ də ATƏT-in saytında Minsk qrupunun ATƏT-in institusional qolu olduğu qeyd olunur. Bu qeyri-peşəkar formada, köhnəlmiş, bugünkü heç bir reallıqla əlaqəsi olmayan məlumatlar hələ də durur. Bu, ləğv olunmalıdır. Bunun üçün konsensus lazımdır. Bu konsensus olmasa da, qalmasının əhəmiyyəti yoxdur. Azərbaycan keçmiş Minsk qrupundakı 12 ölkədən biridir. Düşünürəm ki, Azərbaycan açıq məktubla bu qrupdan çıxdığını bəyan etməlidir”.
Azay Quliyev qeyd edib ki, əgər bu məsələ konsensus məsələsinə görə qalacaqsa, Ermənistan, yaxud da Fransa kimi ölkələr keçmişin qalığı olan, ancaq ikrah hissi yaradan Minsk qrupunu saxlamağa davam edəcəksə, Azərbaycanın əlində bir neçə rıçaq var:
“Birincisi, ölkəmiz bununla bağlı hər hansı büdcənin açılmasına imkan verməyəcək. Azərbaycan bütün platformalardan istifadə edərək Minsk qrupunun ləğvinə çalışacaq. Əminəm ki, bu, gec-tez baş verəcək. İkincisi, ATƏT sədrinin xüsusi nümayəndəsi vəzifəsidir. Uzun müddət bu vəzifəni polşalı diplomat Anjey Kaspşik tutmuşdu. 1995-ci ilin avqustun 10-da belə bir vəzifə təsis olundu. Məqsəd guya münaqişənin həlli ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi kimi regionlara səfər etmək və vasitəçi rolunu oynamaq idi. Kaspşik son 30 ildə yalnız bölgələrə səfər etməklə, mənasız görüşlər keçirməklə işini başa vurdu. Bildiyim qədərilə bu prosesdən uzaqlaşdırılıb. Ancaq vəzifə qalmaqdadır. Yəni ehtimal oluna bilər ki, gələcəkdə Kaspşikin yerinə kimsə təyin olunsun. Bu baxımdan vəzifə ləğv olunmalıdır. Cənab Prezidentin nəzərdə tutduğu ikinci qurum məhz budur. Üçüncüsü isə Yüksək Səviyyəli Planlaşdırma Komitəsidir. Bu da keçmişin qalığı kimi ləğv edilməlidir. Hesab edirəm ki, hər üç qurumun qalması ATƏT üçün əlavə yükdür. Azərbaycan bu qurumların maliyyələşdirilməsini bloklayır. Azərbaycan heç bir halda ödədiyi üzvlük haqqından ATƏT-in, o cümlədən mənasız qurumların maliyyələşdirilməsinə razılıq verməz”.
Ermənistanın ATƏT-lə bağlı mövqeyini şərh edən Azay Quliyev iki mühüm dəyişikliyə diqqət çəkib:
“ATƏT-in hazırkı sədrinin verdiyi bəyanatlarda birmənalı şəkildə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin ikirtərəfli proses olduğunu və ATƏT-in burada iştirak etmədiyini etiraf etməsi, Ermənistanda Qarabağ ermənilərinin hüquqları ilə bağlı verilən təxribat xarakterli suallara adekvat cavab verərək ATƏT-in bu məsələlərdə heç bir iştirakı olmadığını göstərməsi müsbət tendensiyadır. İkinci müsbət tendensiya Ermənistanın siyasətində Minsk qrupuna istinadın minimuma endirilməsidir. Hər iki fakt onu göstərir ki, cənab Prezidentin prinsipial mövqeyini, həyata keçirdiyi siyasəti və yaratdığı reallıqları artıq hər kəs qəbul edib. Bunun başqa alternativi yoxdur. Buna görə də Ermənistanın bununla bağlı mövqeyində əminəm ki, ciddi dəyişiklik olacaq. Yaxın müddətdə Ermənistanda Minsk qrupunun ləğv olunması ilə indiyə kimi sərgilədiyi təkidli mövqedən geri çəkiləcək. Buna şübhə etmirəm. Artıq reallıq budur ki, biz xeyli məsafə qət etmişik. Proseslər yalnız ikitərəfli müstəvidə, birbaşa danışıqlar yolu ilə həll olunur. Konkret nəticələr var və biz bu nəticələri qoruyub saxlamalıyıq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ