Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutularında olan məlumatları təhlil etməyə başlayıblar.
Musavat.com xəbər verir ki, Braziliya mətbuatının məlumatına görə, Qazaxıstandan olan üç müstəntiq, həmçinin Azərbaycan və Rusiya nümayəndələri Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) toplaşıb.
Mütəxəssislər pilotların danışıqlarının qeydlərini və qəza anına qədər bütün uçuş zamanı təyyarənin vəziyyəti haqqında məlumatları ehtiva edən məlumatların çıxarılması və təhlili üzərində işləyirlər.
CENIPA baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmağı planlaşdırır. Analizin nəticələri istintaqın yekun hesabatına daxil ediləcək.
Təyyarələrin qara qutularının təhlili beynəlxalq aviasiya standartlarına uyğun aparılır. Fəlakətin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Bütün araşdırmalar başa çatdıqdan və toplanmış məlumatlar təhlil edildikdən sonra yekun nəticələr elan ediləcək.
Xatırladaq ki, qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 reysini həyata keçirən Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsinin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ