İnsanlara hürriyət, millətlərə istiqlal!

Az qalmışdı kraliçanın qudası olsun-misirli tacirin hekayəti  

 

 

Məhəmməd əl-Fayed oğlunun və şahzadə Dianın ölümünə görə kral ailəsini günahlandırırdı 

Avqustun 30-da zəmanəmizin ən varlı adamlarından biri Məhəmməd əl-Fayed 94 yaşında vəfat etdi.

O, yalnız şahzadə Diananın sevgilisinin atası və bütün var-dövlətinə baxmayaraq, Britaniya pasportu ala bilməyən adam kimi xatırlanır. 

Məhəmməd Fayed 1929-cu ildə İsgəndəriyyədə anadan olub. Məhəmməd ilk pulunu Misirin ticarət paytaxtının səs-küylü küçələrində içki sataraq qazanıb. O, bu bazarda ilişib qala bilərdi, amma daha şanslı oldu. İsgəndəriyyədə işgüzar səfərdə olan Adnan Kaşıkçı-sonralar dünyanın ən məşhur silah taciri- ilə tanış oldu. Adnan Kaşıkçı Səudiyyə Ərəbistanı kralının həkiminin oğlu idi. Fayed Səudiyyə Ərəbistanına köçdü, əvvəl onun köməkçisi, sonra isə kürəkəni oldu.

Məhəmməd qardaşlarının maliyyə yardımı ilə gəmiçilik şirkəti yaratdı, lakin tez bir zamanda müflis oldu. Kreditorlardan qaçmaq üçün o arvadını qoyub Haitiyə sığındı. Amma Fayedin işi burada da düz getmədi və o bu dəfə nə Asiya, nə Afrikaya deyil, Londona getdi.

1960-cı illərin əvvəllərində Londonda ərəblərin sayı çox az idi. Fayed Londonda özünü tanıtmaq üçün sağa-sola pul xərcləyərək “playboy” rolunu oynamağa başladı. Əlbəttə ki, heç kim bilmirdi ki, Fayedin demək olar ki, yeganə aktivi “Costain” tikinti şirkətindəki payı idi.  Fayedin qısa da olsa Səudiyyə kralının həkiminin qızı ilə evli olması işinə yaradı. 

Londonda Fayed  Dubay səfiri Mehdi əl-Tacirlə dostluq münasibətləri qurdu. Fayed  danışıqları ilə Əl-Tacirini o qədər heyran etdi ki, əmirlikdə xəstəxananın, müasir hava limanının və yolların asfaltlanmasını onun şirkətinə verilməsinə vasitəçilik etdi. Nəticədə şirkət özünün ilk ciddi beynəlxalq layihəsini aldı və Məhəmməd ilk real pulunu qazandı. Zəngin ərəb iş adamı rolunu oynamaq daha lazım olmadı, o gerçəkdən zəngin birinə çevrilməyə başladı. Ona Dubay diplomatik pasportu verildi.

“Mən onun soyadını və yaşını soruşdum. O, soyadının daha təsirli görünməsi üçün ona “əl” əlavə edib və real yaşından beş yaş az dedi”, – səfir onun haqda xatirələrində deyib.

Bu, artıq Məhəmməd əl-Fayed əfsanəsinin başlanğıcı idi. 

Məhəmməd Fayed dövrünün ən zəngin adamlarından biri - Bruney sultanı III Ömər Əli Seyfuddinin maliyyə müşaviri olduqdan sonra daha çox pul xərcləmək və daha zəngin nüfuzlu insanlarla dostluq etmək imkanı əldə etdi. O, Bruney sultanın İngiltərə və Avropada bir çox faydalı aktivləri almasına kömək etdi. O, İngilis aristokratiyasına heyran idi və həqiqətən də onun bir hissəsi olmaq istəyirdi. Məhz onun pulu ilə Britaniyanın hələ də fəxr etdiyi Oskar mükafatlı “Od arabaları” filmi çəkildi.

Əl-Fayed Londonun ən yaxşı evlərində, Bukingem sarayında və Vindzor qəsrində qəbul olunmağa başladı. Kral ailəsinə daha yaxın olmaq arzusu ilə o, keçmiş kral VIII Edvardın evini aldı. Nəhayət, 1986-cı ildə o, yüksək cəmiyyətə son və geri dönməz keçid hesab etdiyi şeyi - Avropanın ən məşhur və ən mühüm univermağı olan “Harrods”-un sahibi olan “Fraser House”ni aldı.

Əl-Fayed “Harrods” univermağını alması Fayedin gələcək planlarını pozdu. Çünki “The Observer” nəşrinin  sahibi də “Harrods”u  almaq istəyirdi. Bu istəyi gerçəkləşmədiyi üçün də medianı onun üzərinə yönəltdi. “The Observer” misirli iş adamının əməllərini araşdırdı, onun maliyyə maxanisayaları haqda xeyli faktlar aşkarladı. 

“Harrods” əl-Fayedin əlindən alınmadı. 

1997-ci ildə Məhəmməd əl-Fayed birinci evliliyindən olan oğlu Dodi ilə Şahzadə Diananı (o zaman artıq boşanmışdı) yanına gətirdi. Diana və Dodi bir-birlərini 1986-cı ildən tanıyırdılar, lakin 1997-ci ildə Məhəmmədin yaxtasında münasibət qurmuşdular. Mətbuatın həm şahzadəyə, həm də qalmaqallı milyarderin oğluna diqqətini nəzərə alsaq, sevgi romanı qeyri-adi ictimai xarakter almışdl. Dodi və Diananın gülümsəyərkən, günəş vannası qəbul edərkən, yemək yeyərkən və gəzinti zamanı çəkilən fotoları hər gün Britaniya tabloidlərində yer alırdı. İşlərin toya doğru getdiyi barədə də söz-söhbətlər var idi.  Amma 1997-ci ilin sentyabrında cütlük Parisdə avtomobil qəzasında öldü.

Oğlunun ölümü Məhəmmədi dəyişdi.  O, Dodi və Diananın ölümündə kral ailəsi günahlandırırdı. Bir neçə müstəqil təhqiqat Məhəmməd üçün heç nə demək deyildi. O, komissiyaların nəticələrini tamamilə yalan hesab edirdi.  

İngilis mətbuatı isə faktiki olaraq əl-Fayedi boykot elan etdi. Onu dinləməyi  və  haqqında yazmağı dayandırdılar.  O, “Harrods”da “Misir otağı”nı açaraq, orada özünə heykəlini, oğluna və şahzadə Dianaya həsr olunmuş güşə yaratdı.  2010-cu ildə  “Harrods” Qətərin suveren fonduna 1,5 milyard funt sterlinqə satıldı. Satışdan sonra Məhəmməd  qalan günlərini həyat yoldaşı Heidi ilə İngiltərənin cənub-qərbindəki malikanəsində keçirdi. 

Onun haqqında yalnız ölümündən sonra danışmağa başladılar. Vaxtilə ona məxsus olan “Fulhem” futbol klubunun rəhbərliyi onu dost adlandırdı, qəzetlərdə kədərli,  bəzən isə rəğbət dolu nekroloqlar dərc olundu...

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR