Onlayn ictimai-siyasi qəzet
Ölən dostunun adına bankdan 25 min manat kredit götürən şəxsin cinayət işinin təfərrüatı məlum olub. O, dəymiş zərərin 15 min manatını ödəyib. Bank isə əlavə 6 min manata yaxın pul istəyir.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü Ayxan Ağasəflidir.
İstintaqla müəyyən edilib ki, Ayxan Ağasəfli 2021-ci il tarixdə vəfat edən dostunun adına “PAŞA Bank” ASC-dən 25 min manat kredit götürüb.
O, mərhum dostu Zamiq Zülfüqarovun adına olan “Asan İmza” mobil telefon nömrəsi ilə bankın internet saytına daxil olaraq elektron ərizəni hazırlayıb. Kredit ayrıldıqdan sonra məbləği ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla mərc oyunlarındakı hesabına köçürüb. Sonra da özünə məxsus hesabına köçürməklə ələ keçirib.
Ayxan Ağasəfli özünü qismən təqsirli bilib. O, vergi sahəsində, kassa-nəzarət sistemində və mühasib kimi işlərdə çalışıb. Mərhum Zülfüqarla 7-8 il əvvəl Zərdabda tanış olduqlarını, aralarında dostluq münasibətlərinin yarandığını deyib.
Ayxan Ağasəflinin dostu Zamiqin Zərdab şəhərində ərzaq, meyvə-tərəvəz mağazası olub. Tanışlıqdan sonra Ayxan Zamiqin maliyyə işlərində ona kömək edib.
“Bir müddət sonra münasibətlərimiz daha da yaxşılaşdı. Şərikli şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladıq. Siqaret, içki və digər ərzaq mallarını topdan şəkildə alaraq pərakəndə formada mağazalara satırdıq. Sahibkarlıq fəaliyyətləri və VÖEN Zamiqin adına rəsmiləşdirilmişdi. Sahibkarlıq fəaliyyətləri ilə bağlı bütün hərəkətləri mən icra edirdim. Zamiq mənə etibarnamə vermişdi. Bizim vəsait çatışmazlığımız var idi. Buna görə kredit üçün müraciət etmişdik.
Bizim bank kartımız da Zamiqin adına idi, kartı etibarnamə ilə bankdan mən götürmüşdüm. “ASAN İmza” da məndə idi. Çünki ödənişləri, maliyyə hesabatlarını mən edirdim. İşlədiyimiz müddətdə 2-3 dəfə kredit də götürmüşdük”, - deyə Ayxan ifadəsinə əlavə edib.
Onun sözlərinə görə, dostu Zamiq 2021-ci ilin iyul ayında xərçəng xəstəliyindən vəfat edib.
Ayxanın dediyinə görə, Zamiq vəfat etsə də, biznes fəaliyyəti davam edib, firma və vergi borcları qalıb.
O, ödənişlərdə çətinlik çəkdiyi üçün Zamiqin adından kreditlə bağlı müraciət edib:
“Zamiq vəfat edəndən bir neçə ay sonra kredit üçün müraciət etdim. Pul köçəndən sonra mərc oyunlarının saytına yüklədim ki, nağdlaşdıra bilim. Az bir hissəsi ilə oyun oynadıqdan sonra nağdlaşdırdım. Pulları nağdlaşdırıb borcları ödədim. 1 il ödənişləri etdim. Sonradan ödənişlərdə gecikmələr başladı. Başqa şəxslərə də borclarım yarandı. Biznesdə də artıq ziyan edirdim. Bankdan mənə zəng gəlirdi. Çünki əvvəlki müraciətlərdə əlaqə nömrəsi kimi Zamiq mənim nömrəmi vermişdi. Bank işçilərinə krediti ödəyəcəyimi dedim. Xeyli müddət zənglər oldu, mən də ödəyəcəyimi dedim. Sonuncu dəfə 2 min ödədim. Sonra ödəniş edə bilmədim”.
Təqsirləndirilən şəxs əlavə edib ki, cinayət işi açıldıqdan sonra cəmi 15 min manat ödəniş edə bilib.
Bankın nümayəndəsi dəymiş ziyandan əlavə olaraq 5800 manat itirilmiş gəlirin də əlavə edilməsini, ümumilikdə 31 min manatın təqsirləndirilən şəxsdən tutularaq banka ödənilməsini istəyib.
Məhkəmə bankın itirilmiş gəlirlə bağlı hissəni qəbul etməyib. Qalan məbləğin Ayxan Ağasəflidən tutularaq banka ödənilməsi barədə qərar çıxarılıb. Məhkəmə Ayxanı dələduzluqda təqsirli bilərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. O, bundan sonra elektron qolbaqla gəzəcək.
Qeyd edək ki, Ayxan dostunun adına onlayn kredit götürən zaman bankdan videogörüntülü təsdiq olmayıb. Çünki həmin zaman bu tətbiq işə salınmamışdı. Son zamanlar isə onlayn kreditlərin verilməsində müştərinin mütləq videogörüntü ilə təsdiqi tələb olunur.
İlkin Muradov
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ