İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib

Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun 2024-cü il tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.

Musavat.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 7 iyun 2024-cü il tarixli bəyanatına dair şərhində əksini tapıb.

Bu gün həqiqətən də əsas problem, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.

Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz.

Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Bundan əlavə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Azərbaycanın sülh prosesi təşəbbüsü ilə çıxış etdiyini və ilkin layihəsi məhz Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə danışıqlar aparmağa Ermənistanı təşviq etdiyini nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

Ermənistan başa düşməlidir ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrlə suverenlik və ərazi bütövlüyünün tanınması, habelə onlara riayət olunması əsasında münasibətlər qurmaq, həmçinin bu istiqamətdə təhlükə yaradan çağırışları aradan qaldırmaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR