İnsanlara hürriyət, millətlərə istiqlal!

Aytən Kərimova: “Günəşli və isti yay ayları D vitaminin qəbulu..."

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aytən Kərimovanın müsahibəsini təqdim edirik:

- Aytən xanım, ilk öncə D vitamini barədə ümumi məlumat verərdiniz...

- Vitamin D xolesteroldan sintez edilən və yağda həll olunan steroid tərkibli bioloji aktiv maddədir. O, dəridə sintez olunur və bağırsaqlardan sovrulur. Bu səbəbdən uşaqlarda bağırsaq sovrulması yaxşı olmalıdır. Vitamin D orqanizmdə bir çox funksiyaları icra edir.

D vitamininin iki əsas forması var - vitamin D2 və vitamin D3. Alimlər D2-ni erqokalsiferol və D3-ü xolekalsiferol adlandırırlar. Hər ikisi orqanizmdə eyni rol oynayır, lakin D2 və D3 vitaminləri bir qədər fərqli molekulyar quruluşa malikdir. Belə ki, vitamin D2 bitki mənşəli, D3 isə heyvan mənşəli məhsullardan əmələ gəlir.

Xolekalsiferol öncə qaraciyərə, oradan isə böyrəklərə keçərək, aktiv hal alır və 1,25-dihidroksixolekalsiferola çevrilir. Vitamin olmasına baxmayaraq, hormon kimi təsiri var. Bədənimizin bir çox hüceyrələrində D vitamini reseptorları mövcuddur. D vitamini bu reseptorlara bağlanaraq, hüceyrə içərisində öz fəaliyyətini yerinə yetirir.

- Doktor, vitamin D çatışmazlığı uşaqlarda nələrə səbəb olur?

- Bu vitaminin çatışmazlığı daha çox uşaqlarda olur və onların inkişafında mühüm rol oynayır. Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və uzun müddət ərzində təmiz havada gəzintilərin olmaması ciddi D vitamini çatışmazlığına səbəb olur. Bundan əlavə, bu vitamin çatışmazlığı ilə yorğunluq, diqqət əskikliyi, onurğa sütununda və döş qəfəsində deformasiya kimi qüsurlar meydana çıxa bilər.

Vitamin D azlığı uşaqlarda yaddaş pozğunluğuna səbəb olur. Bu vitaminin ən vacib funksiyalarından biri bağırsaqlardan kalsium və fosforun sovrulmasını təmin etməkdir. Vitamin D təyin edilərkən, uşaqlarda yanaşı olaraq K2 vitamini və maqneziumun qəbulu da vacib hesab edilir. Uzun müddət kifayət qədər vitamin D qəbul edilmədikdə, kalsium və fosforun bağırsaqdan sovrulması azalır. Sümüklər kövrək və yumşaq olur. Uşaqlarda ayaqlarda əyrilik, əl və ayaq biləklərində qalınlaşma, döş qəfəsində deformasiya, tez-tez yıxılmalar və sınıqlar müşahidə olunur.

- Vitamin D azlığı zamanı uşaqlarda müşahidə olunan şikayətlər hansılardır?

- D vitamini çatışmazlığı uşaqlarda ciddi problemlərə yol açır. Əsasən sümük-əzələ və oynaq sistemində ağrı, axşamlar uşaqlarda ayaq ağrıları, tez-tez yorulma, piyada yürüş edə bilmə qabiliyyətinin aşağı enməsi, aşırı tərləmə, dəri quruluğu, boy inkişafının ləngiməsi, saçların tökülməsi, xroniki yorğunluq hissi, depressiya, çox çəki alma, yuxunun pozulması, immun sistemin və yaddaşın zəifləməsi, dişlərin çürüməsi, iştahsızlıq, dırnaqların qırılması, yüksək təzyiq, revmatizm. Bu səbəbdən uşaqların həyatlarının ilk günlərindən D vitaminin verilməsi vacibdir.

- Bu vitamini kənardan necə ala bilərik?

- Orqanizmin 95% vitamin D ehtiyacını günəş şüaları, digər 5%-i isə gündəlik qəbul etdiyimiz qidalar vasitəsilə təmin edilir. Ona görə də uşaqların qışda sağlam olması üçün yay aylarında günəş şüalarından səmərəli istifadə etməsi lazımdır. Vitamin D dərimizə düşən günəş işığına cavab olaraq əmələ gəlir.

Son illərdə aparılan araşdırmalar nəticəsində günəşli iqlim şəraitində yaşayanların da D vitamini əskikliyindən əziyyət çəkdiyi müəyyənləşdirilib. Bu da bizim daha çox qapalı mühitdə vaxt keçirməyimizlə bağlıdır. Günəşdə bir neçə dəqiqə olmaq heç də vitamin D ehtiyacımızı ödəmir. Ultrabənövşəyi şüalar birbaşa dəri səthinə düşməlidir. Buna görə də, uşaqları açıq havada günəşli havada və yüngül geyimdə gəzintiyə çıxarın. 1 yaşa qədər günəş kremləri istifadə etmək olmaz. Qapalı geyim, pəncərə şüşəsi, eyvan dəri səthinə birbaşa günəş şüalarının düşməsinin qarşısını alır, onları blok edir.

Gündəlik D vitamini ehtiyacınızı ödəmək üçün səhər saat 7 ilə 11 arasında günəş şüalarını qəbul etmək ən optimal vaxtdır.

- D vitamini ilə zəngin olan qidalar hansılardır? Uşaqlarda hansı qidalara üstünlük verilməlidir?

- Uşaqlarımızın gündəlik qida rasionu vitamin D ilə zəngin qidalar təşkil etməlidir. Bu vitamin ilə zəngin qidalar siyahımızda birinci yeri süd və süd məhsulları tutur. Vitamin D ilə yanaşı, zülal, dəmir, kalsium, maqnezium, mis və sink ilə zəngindirlər. Yağ tərkibi yüksək olan qidaları seçmək tövsiyə olunmur. Uşaqlarınızın gündəlik rasionu pendir, qatıq, kəsmik, təmiz nehrə yağı ilə zəngin olmalıdır.

Uşağınıza müntəzəm olaraq kərə yağı versəniz, onun sümükləri möhkəm olacaq. Bu da sümük xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin, qızılbalıq, tuna və treska balığı tövsiyə olunur. Treska balığı K2 vitamini ilə zəngindir. Bu balıqlar xüsusən qış aylarında D vitamininə olan tələbatımızı ödəməkdə bizə yardımçı ola bilər. B12 və protein ilə zəngin olan yumurta D vitamini ehtiyacının 4 faizini qarşılayır. Yumurta mütləq uşaqların yeddinci ayından rasiona daxil edilməlidir.

Taxıl məhsullarının keyfiyyətli olması üçün salat şəklində istifadə etmək daha məqsədəuyğundur. Yerkökü vitamin D ilə zəngin olan tərəvəzlər siyahısında birinci yerdədir və uşaqlara çox verilməsi tövsiyə olunur. Cəfəri kimi tanıdığımız bitki az da olsa, D vitamini ilə zəngindir.

- Uşaqlarda D vitaminin sutkalıq dozası nə qədər olmalıdır?

- Uşaqlarda D vitaminin sutkalıq dozası 1000-2000 BV (Beynəlxalq Vahid) təşkil edir. Bu doza uşağın şikayətlərinə görə, iqlim şəraiti, yaşam tərzi və dəri rənginə görə dəyişə bilər. Vitamin D təbii və süni olaraq qəbul edilə bilər. Təbii halda ehtiyacımız ödənilə bilmədikdə, D vitamini əlavələri qəbul edilə bilər. Dərman vasitəsi seçərkən, mütləq onun uşaqların sutkalıq tələbatını ödəyə biləcəyinə fikir verməliyik. Əgər ödənilməzsə, dərman qəbuluna baxmayaraq orqanizm yenə vitamin D əskikliyindən əziyyət çəkəcək.

İsti yay aylarında dərman qəbulunu dayandıra bilərik. Çünki günəş şüaları vasitəsilə ala bilirik. Lakin 3 yaşa kimi uşaqlar və qapalı məkanlarda çalışan insanlar kənardan vitamin D qəbuluna önəm verməlidirlər. Vitamin D səhər saatlarında və 400-800 BV profilaktik dozası qəbul edilməlidir. Çünki gündüz saatlarında biz günəş şüalarını qəbul edirik. Axşam saatları qəbul etdiyi təqdirdə, melatonin hormonunun sintezini pozur və uşaqlarda yuxuya təsir edir.

- Vitamin D azlığı gələcəkdə uşağın inkişafına təsir edə bilərmi?

- Təəssüf ki, təsir edə bilər. Körpələrdə dişlərin çıxması ləngiyir və keyfiyyətsiz olur. Süd verən analar mütləq vitamin D qəbuluna diqqət etməlidir. Bu, onun həm öz sağlamlığı həm də böyüməkdə olan körpəsinin inkişafı üçün çox vacibdir. 3 yaşa kimi D vitaminin orqanizmdə normal səviyyəsinə diqqət etməliyik, çünki orqanizm böyük inkişaf mərhələsindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR