İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Hüseynov: “Avropa Parlamenti siyasi riyakarlığın ən pis təzahürünə çevrilib”  

 

 

“Avropa Parlamenti və Avropa Şurasında Azərbaycan əleyhinə səsləndirilən və dövlətimizin milli maraqlarına, mənafeyinə zidd açıqlamalar ikili standartlığın pik həddi və siyasi riyakarlığın ən pis təzahürdür. Azərbaycanın şanlı tarixi zəfəri Avropada erməni lobbisinin pulu ilə danışan bəzi senatorları qıcıqlandırır və onlar bu gün ölkəmizin yaşadığı qürurlu günləri qısqanclıqla qarşılayırlar. Bu səbəbdən ölkəmizə qarşı qərəzli təbliğatlar müşayiət olunur”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.  Millət vəkili vurğulayıb ki, 30 illik işğal dövrünün davamı olaraq hazırkı postmünaqişə mərhələsində də bəzi dünya gücləri, beynəlxalq təşkilatlar regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olduqları üçün Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatmasına dəstəklərini davam etdirirlər: “Ölkəmizə qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Avropa Parlamentinin son addımları bunun bariz nümunəsidir. Avropa Şurasının Nazirlər Komitəsinin və Avropa İttifaqı nümayəndə heyətinin bəyanatı da əslində, Qarabağdakı erməni avantürizminin davamına xidmət məramına söykənmiş kağız parçasıdır. Etnik təmizləməyə Azərbaycan məruz qalıb, uzun illər ərzində 1 milyon Azərbaycan vətəndaşı dözülməz qaçqın həyatı yaşayıb. Ermənistan bizə qarşı soyqırım həyata keçirib. Avropa Şurası və Avropa İttifaqı Ermənistanın hərəkətlərini dayandırmaq, hətta onu qınamaq üçün heç bir addım atmayıb. Ancaq bundan fərqli olaraq, Azərbaycan beynəlxalq hüququn prinsip və normalarına əməl edib. Azərbaycan başqa ölkənin ərazisinə mina yerləşdirməyib, etnik təmizləmə aparmayıb, mədəniyyət abidələrini məhv etməyib. Qarabağ ermənilərinə burada qalmağı təklif edib və onlara hər cür köməklik göstərib. 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı, bu torpaqların işğalı zamanı ermənilərin azərbaycanlı mülki əhaliyə getmək üçün dəhliz belə verməməsinə baxmayaraq, Azərbaycan ermənilərə yardım göstərib və qalmağı təklif edib”.

A.Hüseynov vurğulayıb ki, bəzi dünya güclərinin atdığı belə qərəzli addımların əsasında sülh müqaviləsinin imzalanmasına mane olmaq dayanır: “Ermənistanın baş nazirinin Avropa Parlamentinin tribunasından özünü “sülh gündəliyinin müəllifi kimi” təqdim etməsi onun riyakarlığının göstəricisidir. Nikol Paşinyanın Avropa Parlamentinin sessiyasında səsləndirdiyi bəyanat növbəti dəfə bu ölkənin Azərbaycana qarşı absurd ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi. Bir sözlə, Aİ-nin nümayiş etdirdiyi mövqe onun sülh üçün tərəfdaş kimi etibarını və rolunu sarsıdıb”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR