Onlayn ictimai-siyasi qəzet
Bir nəfər hərbçimizin məhkəməsi gedirdi, orda açıqlanan rəqəmlər, açığı, məni çox təəccübləndirdi.
Adam öz hərbçi yoldaşından 2500 manat sələmə pul götürüb, onun faizini ödəmək mövzusunda nəsə mübahisələri düşüb və sələmçini öldürüb. Ən maraqlısı isə təkcə adam öldürmək üçün məbləğin bu qədər inflyasiyaya uğraması, insan həyatına verdiyimiz dəyərin dəhşətli dərəcədə aşağı düşməsi deyil, biz 50 manata görə də qətl törədənlərin şahidi olmuşuq. Maraqlısı o idi ki, qatilin öz maaşı 1800 manat imiş.
Əgər rəsmi rəqəmlərə inansaq, guya bu saat Azərbaycanda, xüsusilə Bakı şəhərində orta aylıq əmək haqqı 1000 manat civarındadır. Belə çıxır orta əmək haqqının 2 misli qədər qazananların da normal yaşamağa imkanı yoxdur, mütləq sələmə girir, qatilə çevrilirlər. O zaman ayda 300-400 manata, gündəlik 18 saat işləyən kassirlər-filan həyatda qalmaq üçün nə edirlər – bunu düşünmək də qorxuludur. Düşünənlərin axırı isə yaxşı olmur, müstəqil həmkarlar təşkilatı qurmaq istəyən bir neçə cavan oğlan var idi, hamısını tutub həbs etdilər.
Təbii ki, zəhmətkeşlərimizin hamısı laqeyd və biganə deyildir, məsələn, hazırda həmişəki, tarixi, ciddi diskussiya yenidən gedir: Ayın gözlə görünməsi bayramı başlamağa bəs edir, yoxsa teleskop-filan da işə yarayır? Bu haqda Vatsapda tanışlardan biri ayətullah Seyid Əli Sistani ağadan səhih hədis paylaşmışdı. Deyir: “Hilalı (ayı) görməkdə (hansısa) cihaz olmadan, adi gözlə görmək şərtdir. Əgər ayı teleskopla görsə və teleskopsuz da görmək mümkün olmasa, yeni ayın daxil olmasında kifayət etmir”. Sitatın sonu.
Ayın adını ağa özü balaca hərflə yazmışdı, üslubuna toxunmağa qorxdum, birdən əlim quruyar. Ya da bəlkə Ay nəsə günah eləyib, üzü açıq çıxıb, ona İranda cəza kəsiblər. Nə biləsən... İndinin özündə bəzi yerlərdə Ay tutulanda göyə güllə atırlar.
Hələ söhbətin dəqiq, elmi olmasını isbat üçün axırda belə mənbə də yazılmışdı: “Minhacus salihin, cild 1, səhifə 302”. Yəni, bu kitabın hələ çoxlu cildləri də var, 302-ci səhifədə qurtarmır.
Mən mövzunu çox da anlamadım, məsələn, Ayı görməsən Ramazan başlamırsa, hava buludlu olsa, o zaman hörmətli müsəlmanlar nə etməlidir? Çünki Sistaninin son cümləsinə görə, Ayı görməyəndə yeni ay daxil olmur.
Doğrusu, bu, mənə bir qədər xoş mövzu oldu. Məsələn, düşündüm ki, əgər hazırda Trampı görmürəmsə, deməli Tramp da yoxdur.
Ümumiyyətlə, bu işin problemli cəhətləri çoxdur. Örnək üçün, astronomlar hesablamışdır ki, Ay hər il Yerdən, yəni bizdən 3,8 santimetr uzaqlaşır. Xeyli məsafədir, hardasa kibrit qutusu boyda. İndinin özündə hökumət on kibrit məsafəsindən xalqı görmək istəmir. Belə getsə zaman gələcək, biz Əhmədlidən baxanda Ayı heç görə bilməyəcəyik. Heç teleskopla da görünməyəcək. O zaman nə edəcəyik, başımıza haranın daşı düşəcək?
Hələ adambaşına 90 manatlıq iftar süfrəsinin ümummilli çətinliklərini şərh eləmək istəmirəm, o lap uzun temadır. Qara zeytunla oruc açmaq olarmı, olmazmı...
Ancaq din-imanımız öz yerində, fani dünya işlərinin idarə edilməsi sahəsində islahatlar paketi daim fəaliyyətdədir. Elə son günlər Konstitusiya Məhkəməsi hakimlərimizin həyat və yaradıcılığı üçün imkanlar artırılır. Milli Məclis həmin hakimlərin iş vaxtını 70 yaşdan 75 yaşa qaldırır. Hətta bəzi hörmətli deputatların təklifinə görə KM hakimləri ömürlük olsa yaxşı imiş. Allah eləməsin, ölənəcən işləsinlər. Məsələn, hakim komada olsa deputat seçkisini təsdiqləyə bilərmi?
Çox adam bu KM-in fəaliyyətindən xəbərsizdir, elə bilirlər orda klinika açmaq, Biləcəri bələdiyyəsinə Bibixanım müəllimənin üzv seçilməsinin təsdiqi kimi işlərə baxırlar, vəssalam. Tam da o cür deyil, hərdən müəyyən qanunların milli konstitusiyamıza uyğun gəlib-gəlmədiyini ekspertiza etməlidirlər. Xalqımızın yadında isə KM həmçinin öz məşhur emblemi ilə qalıb. Bir zamanlar onun emblemində Femida əlində tərəzi və kitabla təsvir edilmişdi. Qədim ilahədən fərqli olaraq, gözü açıq şəkildə! Bununla milli ədliyyəmiz işarə vururdu ki, biz ədalətə göz yuma bilmərik, kimin kim olduğunu görməliyik. 2021-ci ildə isə KM müsabiqə yolu ilə təzə emblem qəbul etdi, bu dəfə Femidanı ümumiyyətlə yığışdırdılar, bircə tərəzi qaldı. Məncə çox gözəl, dəqiq, simvolik obrazdır. Tərəzi bəsimizdir. Kimin əlində olmağının nə əhəmiyyəti var?
Üstəlik, Femidanın gözü bağlı olanda Ayı da görə bilmir.
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ