İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyadan 1 milyard 36 milyona nə və niyə almışıq?

Bu ilin on ayında Azərbaycanın idxalında əsas ölkələr siyahısında Avstraliya dördüncü yeri tutub

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın idxalında ciddi artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 16 milyard 636 milyon 394.94 min dollarlıq mal və məhsul idxal edilib. Bu, ötən ilin on ayı ilə müqayisədə 17,4 faiz və ya 2 milyard 462 milyon 204.34 min dollar çoxdur. İdxaldakı bu artımın əsasında dövlət sektorunun xaricdən alışlarındakı artım dayanır. Dövlət alışlarındakı artımı isə əsasən işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərinin tələbatı, həmçinin silahlanma xərcləri ilə izah edirlər. Lakin burada başqa bir amil də var...

Belə ki, bu ilin on ayında Azərbaycanın idxalında əsas ölkələr siyahısında Avstraliya 1 milyard 35 milyon 985 min dollar məbləğ ilə dördüncü yeri tutub. Bu dövrdə Azərbaycandan Avstraliyaya cəmi 114 min dollarlıq ixrac qeydə alınıb.

Ötən ilin 10 ayı ərzində Azərbaycanın Avstraliyadan idxalı cəmi 9 milyon 4 min dollar olmuşdu, Azərbaycandan Avstraliyaya ixrac isə 29 milyon 208 min dollar təşkil etmişdi. Tam 2023-cü il ərzində isə Azərbaycanın Avstraliyadan idxalının həcmi cəmi 11 milyon 688 min dollar məbləğində qeydə alınıb.

Beləliklə, gömrük statistikasından aydın olur ki, on ayda Azərbaycanın Avstraliyadan idxalında illik ifadədə təxminən 115 dəfə artım qeydə alınıb. Bu uzaq ölkədən nə almışıq? Suala cavab tapmaq üçün Dövlət Statistika Komitəsinin xarici ticarətə dair mallar və və ölkələr üzrə statistik bülletenə nəzər saldıq. Yanvar-sentyabr aylarına dair detallı alış-verişi əks etdirən bülletenə əsasən 9 ayda Azərbaycan Avstraliyadan 906 milyon 115,42 min dollar dəyərində 11 ton 854,14 kq “qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərləri” idxal edib.

On ayda həmçinin Azərbaycan 464 milyon 232,32 min dollar dəyərində daha 5 ton 947,8 kq qızıl ABŞ-dan, 150 milyon 574,06 min dollar dəyərində 2 ton 23,23 ton qızıl Kanadadan, 150 milyon 779,07 min dollar dəyərində 1 ton 977,76 kq qızıl isə İsveçrədən, 160 milyon 625,51 min dollar dəyərində 1 ton 985,03 kq qızıl Rusiyadan, 1 milyon 485,89 min dollar dəyərində 69,94 kq qızıl Türkiyədən alıb. Beləliklə, 9 ayda Azərbaycanın qızıl idxalı 1 milyard 833 milyon 814,45 min dollar dəyərlə 23 ton 858,46 kq təşkil edib. Bir ton qızılın dəyəri 76 min 862,2 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü il ərzində Azərbaycanın cəmi belə qızıl idxalı 1 milyon 816,02 min dollar dəyərində 55,12 kq-a bərabər olmuşdu.

Qeyd edək ki, Neft Fondu 2012-ci ilin fevralından qızıl alışına başlayıb. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı baş tutub. Daha sonra 2018-2020-ci illərdə qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində fondun investisiya portfelinə daxil edilməsi həyata keçirilib. 2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızıl alışı davam etdirilib, nəticədə fondun investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılıb. Daha sonra alışlar dayandırılıb, 2024-cü ilin əvvəlindən yenidən bərpa olunub. Birinci rübün yekununda qızılın həcmi 104,6 tona, ikinci rübün yekununda isə 114,9 tona çatdırılıb. Qızılın qiymətinin ən yüksək həddə çatdığı ikinci rübdə Neft Fondu 10 tondan çox qızıl alıb. Nəticədə birinci yarımilin sonunda fondun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8 faiz) qızıl investisiyaları təşkil edib.

Üçüncü rübdə Neft Fondu daha 12,1 ton qızıl alıb. Hazırda onun qızıl investisiyalarının həcmi 10 milyard 830,8 milyon dollara bərabərdir.

Neft Fondunun qızıla investisiyaları artırmasının səbəbi açıqlanmasa da, bu qiymətli metalın böhran dövrlərinin ən etibarlı yatırım aləti olduğu heç kimə sirr deyil. Bu il yalnız Azərbaycanın Neft Fondu deyil, dünya mərkəz banklarının əksəriyyəti qızıl alışlarını artırıblar. Bu isə son nəticədə metalın dünya bazar qiymətinin kəskin artaraq 2800 dollara çatmasını şərtləndirib.

İsveçrənin UBS bank qrupunun analitikləri hesab edirlər ki, 2025-ci ilin sonuna qədər birjalarda qızılın unsiyası 2900 dollara qədər yüksələcək. Bankın hesabatına əsasən, 2026-cı ilin sonuna qədər qızılın qiyməti bir unsiya üçün 2950 dolları keçəcək. Analitiklər qeyd edirlər ki, qiymətli metal ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi və qlobal qeyri-müəyyənliyin artması ilə dəstəklənəcək. Qızıl 2024-cü ildə bazarda ən yaxşı performans göstərən aktivlərdən biridir. Qiymətli metalın qiymətləri dolların bahalaşması ilə ABŞ-da prezident seçkisindən sonrakı azalmadan əvvəl 10 ay ərzində ardıcıl rekordlar vurub. Yanvar ayından qızıl təxminən 30 faiz bahalaşıb. Tarixi rekord oktyabrın 30-da qeydə alınıb. Həmin gün hərracda qiymətli metalın qiyməti bir unsiya üçün 2801,8 dollara qalxıb. Hazırda Çikaqo Ticarət Birjasında (CME) qızıl fyuçersləri bir unsiya üçün 2622-2645 dollar diapazonunda ticarət edilir.

"IG Markets"in bazar analitiki Axel Rudolfun proqnozuna görə, qızıl bu ilin sonuna qədər bir unsiya üçün 2900 dollara qədər yüksələ bilər. 2025-ci ilin birinci rübündə qiymət 3000-ə çatacaq və 3113 dollar ətrafında dəyişəcək. Təhlilində Rudolf son iki il ərzində sarı metal bazarında yüksəliş əhval-ruhiyyəsinin davam etdiyini vurğulayıb. Analitik hesab edir ki, hətta ciddi geriləmə halında belə qızılın qiyməti uzunmüddətli yüksəliş trendində qalacaq.

Qızıl qiymətlərinin artma səbəblərindən biri də ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salmağa başlamasıdır. Təhlükəsiz sığınacaq aktivlərinin alınması qızıla da fayda verib.

"IG Asia Pte"nin bazar strateqi Yun Rong Yeap hesab edir ki, qızıl qiymətləri geosiyasi risklər və Federal Ehtiyat Sisteminin daha yumşaq proqnozu arasındakı əlaqəni əks etdirməyə davam edir: “İstənilən inflyasiya sürprizləri gözləntiləri dekabr ayında faiz dərəcələrinin azaldılmasında potensial fasiləyə yönəldə bilər və faiz dərəcələrinin daha yavaş azaldılması perspektivləri, ehtimal ki, qızıl qiymətlərinin artmasına təsir göstərəcək”.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Skott Bessentin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürməsindən sonra qızıl qiymətlərində müəyyən azalma qeydə alınmaqdadır. Lakin əksər analitiklər bunun qısamüddətli xarakter daşıdığı qənaətindədirlər.

Azərbaycanın ən çox qızıl aldığı Avstraliya dünyanın 3-cü ən böyük qızıl hasilatçısıdır. Onun qızıl ixracının illik həcmi 20 milyard dollara yaxındır. "Surbiton Associates" konsaltinq şirkətinin materiallarına görə, dünyanın ən böyük qızıl istehsalçılarından biri olan Avstraliya 2024-cü ilin aprel-iyun aylarında qiymətli metalın istehsalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz -  75 tona qədər azaldıb. Lakin bu göstərici davamlı yağışlara görə ikinci rübdə  69 ton təşkil edən hasilatdan 9 faiz çoxdur. Avstraliyada iyunun 30-da başa çatan maliyyə ilində ümumilikdə 297 ton (9,55 milyon unsiya) qızıl hasil edilib ki, bu da bir il əvvəlkindən 10 ton azdır.

Dövlət Neft Fondunun qızıl alışlarını kəskin artırmasının səbəbləri sırasında beynəlxalq geosiyasi gərginliyin son dərəcə artması, üstəlik, qlobal ticarət sistemində indiyədək görünməyən addımların atılmasını göstərmək olar. Belə ki, Avropa İttifaqı ilə Çin, ABŞ-la Çin arasında qarşılıqlı idxal-ixrac məhdudiyyətləri getdikcə artır, eyni zamanda inkişaf etmiş ölkələr Rusiya və onun yanında duran ölkələrə qarşı iqtisadi-maiyyə-ticari sanksiyaları getdikcə dərinləşdirirlər. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə qlobal ticarətdə, maliyyə və fond bazarlarında böyük təlatümlərin başlanacağı gözlənilir. Onun ABŞ-a bütün növ məhsulların idxalına əlavə rüsumlar tətbiq etmək niyyəti dünya iqtisadiyyatını böyük dəyişikliklərə məruz qoya biləcək addım kimi dəyərləndirir. Belə bir şəraitdə səhm, qiymətli kağızlar kimi investisiya alətləri bazarında çöküşlərin olması proqnozlaşdırılır. Bu isə vəsaitlərin mümkün qədər çox hissəsinin qızıl kimi etibarlı alətlərə yatırılmasını zərurətə çevirir.

Dünya SAKİT,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR