Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın “Avroviziya-2025” mahnı müsabiqəsinin birinci yarımfinalında finala keçə bilməməsi ölkədə geniş rezonansa səbəb olub. Bu il ölkəmizi səhnədə “Mamagama” qrupu təmsil etsə də, nəticə hər kəsi məyus edib.
Finala vəsiqə qazanan ölkələr sırasında Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna yer alıb.
Azərbaycan artıq üçüncü ildir ki, ard-arda bu mötəbər yarışın final mərhələsinə yüksələ bilmir.
Xatırladaq ki, 2023-cü ildə ölkəmizi təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə isə İlkin Dövlətov və Fahree də eyni aqibətlə üzləşmişdi.
Sosial şəbəkələrdə və şərh platformalarında bu nəticə ilə bağlı kəskin reaksiyalar səsləndirilib. Bir çox izləyici finala çıxmamağın təkcə musiqi ilə bağlı olmadığını, arxa planda “siyasi oyunların” rol oynadığını iddia edir.
Ötənilki təmsilçilərdən biri – Fahree isə şəxsi sosial media hesabında sərt çıxış edərək “Avroviziya”ya qarşı boykot çağırışı edib:
“Avroviziya, istefa! Bu, nə mahnı müsabiqəsidir, nə də ədalətli yarış! Daha nə etməliyik ki, finala keçək? Səhnə mükəmməl, ifa yüksək səviyyədə! Şou var, rəqqaslar var, “back vocal” da var idi! Tüpürüm bu siyasətə də, münasibətə də, ədalətə də!”
Fahree-nin bu emosional paylaşımı minlərlə dəfə paylaşılıb və çoxlu sayda şərhlərlə dəstəklənib.
İndi daha çox bu fikirlər səslənir - hər il milyonlarla tamaşaçının izlədiyi “Avroviziya” mahnı müsabiqəsi illərdir təkcə musiqi yarışması kimi yox, həm də siyasi, ideoloji və mədəni qarşıdurmaların mərkəzinə çevrilib.
Formal olaraq bir sənət tədbiri olsa da, bu yarışmanın kulislərində baş verənlər onu “yumşaq güc” alətinə çevirib. Artıq az adam tapılar ki, “Avroviziya”nın yalnız mahnılardan ibarət olduğunu düşünsün.
Ən çox müzakirə olunan nümunələrdən biri Gürcüstanın 2009-cu ildə “We don’t wanna put in” adlı mahnı ilə yarışmaya qatılmaq istəməsi idi.
Mahnının adında səslənən “Put in” ifadəsi Rusiya prezidenti Vladimir Putinə birbaşa eyham idi. “Avroviziya” bu mahnının sözlərini dəyişdirməyi tələb etdi, Gürcüstan isə buna razı olmadı və nəticədə yarışdan geri çəkildi.
Digər bir qalmaqallı nümunə isə 2016-cı ildə Ukraynanın təmsilçisi Camalanın ifa etdiyi “1944” adlı mahnıdır. Krım tatarlarının deportasiyasına həsr olunan bu kompozisiya SSRİ-nin repressiyalarını pisləməklə yanaşı, Rusiyanın Krımı ilhaq etməsinə də gizli mesajlar verirdi.
Maraqlıdır ki, Avropa bu dəfə açıq siyasi kontekstə göz yumdu və Camalanın çıxışı müsabiqənin qalibi oldu.
“Avroviziya” təkcə səhnə ilə deyil, səsvermə qaydaları ilə də illərdir tənqid olunur. Əksər mütəxəssislər ölkələrin bir-birinə verdiyi səslərdə siyasi və regional loyallığın açıq-aşkar hiss olunduğunu bildirirlər. Məsələn, Yunanıstan heç vaxt Türkiyəyə yüksək xal vermir. Skandinaviya və Balkan ölkələri isə öz aralarında sanki bir “blok” quraraq bir-birini dəstəkləyirlər.
Azərbaycanın ən çox xal verdiyi və aldığı ölkələr siyahısında Türkiyə, Rusiya, Ukrayna, Moldova, İsrail və Gürcüstan ilk sıralarda yer alır. Bu da göstərir ki, “Avroviziya” artıq bir növ beynəlxalq münasibətlər barometrinə çevrilib.
Son illər müsabiqənin ideoloji kontenti də ciddi müzakirələrə səbəb olur. Xüsusilə LGBT təbliğatının yarışmanın mərkəzi elementinə çevrilməsi tənqid olunur.
2014-cü ildə Avstriyanı təmsil edən Konçita Vurst adlı ifaçı – “saqqallı qadın” obrazı ilə – qalib gəldi və bir gecədə LGBT hərəkatının simvoluna çevrildi. Onun “Rise Like a Phoenix” (“Simurq kimi yüksəl”) adlı mahnısı cinsi azlıqların “azadlıq marşı” kimi təqdim olundu. Bu qalibiyyət “Avroviziya”nın artıq sənət yox, ideologiya platformasına çevrildiyini bir daha təsdiqlədi.
Qardaş Türkiyə “Avroviziya” ilə uzun illər isti münasibətdə olub – 1975-ci ildən 34 dəfə iştirak edib. 2003-cü ildə Sertab Erenerin “Everyway That I Can” mahnısı ilə qalib olması hələ də yaddaşlardadır. Lakin 2013-cü ildən sonra Türkiyə yarışmanı boykot etdi.
Rəsmi səbəb kimi səsvermə sistemindəki dəyişikliklər göstərilsə də, əslində bu qərarın arxasında dərin ideoloji və siyasi narazılıqlar dayanırdı.
Politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında deyib:
“İlk vaxtlar “Avroviziya” cəlbedici idi. Dünyanın bir çox ölkələrini, o cümlədən Azərbaycanı da özünə cəlb etmişdi. Hətta bu müsabiqədə qalib də olduq, tədbir Azərbaycanda keçirildi. Lakin son illər Azərbaycana qarşı rasizmə və şovinizmə bənzər münasibət formalaşmağa başlayıb. Təmsilçilərimiz artıq müsabiqənin elə ilk turundan kənarlaşdırılır, qiymətləndirmə zamanı siyasi məqamlar ön plana çəkilir.
Musiqi, səhnə performansı, rəqs və digər estetik göstəricilər isə bəzən sanki unudulur. Zəngin musiqilər əvəzinə bəsit melodiyalar önə çıxarılır və s.
Ümumiyyətlə, Avropada həm mentalitet fərqlərinin, həm də millətçiliyin cücərdiyini görürük. Məsələn, Avropanın miqrasiya siyasəti ciddi tənqidə layiqdir. On illərlə Avropada yaşayan insanları çatışmayan hansısa sənəd ucbatından zorla ölkədən çıxarırlar. Son iki ildə Avropada digər xalqlara qarşı fərqli münasibət daha da artıb. “Sən bu ölkədə doğulmamısansa, burada yaşaya bilməzsən”, “Bu ölkənin dilini bilmirsənsə, burada yaşaya bilməzsən” kimi yanaşmalar geniş yayılıb. Ona görə də “Avroviziya” artıq bu bədxah siyasətə dəstək verir.
Bəs bu müsabiqəni boykot edəkmi?
Bütün bunlara baxmayaraq, “Avroviziya”nın potensialını inkar etmirəm. Düşünürəm ki, dünya mədəniyyətinə töhfə verə biləcək baxışlar sistemli şəkildə mədəni platformalarda ifadə olunmalıdır. Hələ ki, boykot etmək yox, bir müddət də bu müsabiqədə iştirak etmək lazımdır.
İndi çıxmağın nə mənası var? Biz bu məsələnin axırına qədər getməli, avropalıların bu sahədəki bütün oyunlarını üzə çıxarıb, sonra başlarına çırpmalıyıq”.
Xalidə Gəray
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ