Onlayn ictimai-siyasi qəzet
“Avroviziya-2024”mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətovun ifa etdiyi “Özünlə apar” mahnısının səhnə quruluşçusu ukraynalı Yevgeni Timoxin olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, ictimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Yevgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir.
2006-cı ildə onun musiqi klipi “Eurovideo Grand Prix” müsabiqəsində 1-ci yerə layiq görülüb. 2011-ci ildə onun “LOVE” musiqili videosu 24 saatdan az müddətdə bir milyondan çox baxış yığıb ki, bu da keçmiş SSRİ ölkələri arasında ilk belə göstəricidir. Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonce, Lady Gaga, Madonna kimi tanınmış ifaçıların prodüser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib.
Yevgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan “Maska" şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub.
Beləliklə, “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timó-nun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ