Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen 2024-cü ili demokratiya üçün əsas il hesab edib. AK rəhbəri xatırladıb ki, bu il ABŞ-da prezident və Avropa Parlamentinə seçkilər keçiriləcək. Onun sözlərinə görə, AK açıq, azad demokratiyaların üstünlük təşkil etməsi üçün hər şeyi edəcək.
Qeyd edək ki, dövlət başçılarının və parlament üzvlərinin seçilməsi üçün ən çox seçkilərin Avropa regionunda keçirilməsi planlaşdırılır və səsvermə ən azı 19 ölkədə keçiriləcək.
Avropada parlament seçkiləri olacaq 11 ölkə bunlardır: Avstriya, Belçika, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Portuqaliya, San-Marino, Şimali Makedoniya, Xorvatiya və Çexiya.
Bu il Avropanın 10 ölkəsində dövlət başçısı da dəyişə bilər. Yanvarın 28-də Finlandiyada seçkilər baş tutacaq. Şimali Makedoniya və Litvada seçki yazda, İslandiyada iyunda, Rumıniya və Moldovada noyabrda, Xorvatiyada isə dekabrda seçki təşkil olunacaq. Slovakiya və Gürcüstanda prezident seçkisinin vaxtı müəyyən edilməyib, Ukraynada isə müharibə səbəbindən keçirilməyə bilər.
İyunun 6-9-da Avropa Parlamentinə seçkilər keçiriləcək. Avropa İttifaqına üzv olan 27 ölkənin hamısından 720 deputat seçməlidirlər (hər ölkə üçün yerlərin sayı əhalinin sayına uyğun olaraq müəyyən edilir). Proqnozlara görə, AP-də milli mühafizəkarlar, avroskeptiklər və ifrat sağçılar mövqelərini gücləndirəcəklər.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hazırda Avropa ölkələrində lider qıtlığının yaşanadığını söylədi: “Avropa İttifaqı adətən İttifaq dövlətlərində keçirilən bütün səviyyələrdəki seçkiləri azad demokratik və xalqın iradəsini ifadə edən seçkilər kimi təbliğ edib. Bu doğurdan da belədir. Amma əsas keçirilən seçkilərin nəticəsi olaraq istər Avropa İttifaqında, istərsə də quruma üzv olan ölkələrdə iqtisadi-siyasi sabitliyin, illərlə formalaşan ənənəvi şəraitin necə olmasıdır. Hazırda Avropa dövlətləri ciddi olaraq liderlər problemi yaşayır və bu hal xeyli müddətdir ki, bir çox istiqamətlərdə problemlər yaratmağa başlayıb. Bizim son zamanlara qədər müşahidə etdiyimiz əsas siyasi səhnə aktyorları müxtəlif adlarla olsalar da, mühafizəkar sağ mərkəz partiyaları və sosial demokratlarlardn ibarət idi. Ölkələrdə hakimiyyətlər hər zaman bunlar arasında dəyişirdi. Amma ən azı son 10-15 ilik tarixə baxanda görə bilərik ki, Avropada ultra sağçılar, millətçilər hər seçkidən sonra səslərini artırırlar. Hələ təkbaşına hakimiyyətə gələ bilməsələr də, kifayət qəddər ciddi səslərlə parlamentə daxil olub, hətta bir çox yerlərdə koalision hökumətlərin formalaşdırılmasında açar rolunu oynayırlar. 2000-ci illərdə, ondan öncələr millətçilərin parlamentə girmək perspektivlərinə kimsə inanmazdı. Çünki, əhali arasında onlara qarşı barışmaz münasibət var idi. Millətçilərlə hər hansı iş birliyində kiminsə olması bilinərdisə, həmin siyasi partiyanın səsləri ciddi şəkildə aşağı düşərdi. Bu demokratik cəmiyyətin yaratdığı şəraitdən istifadə edən xalqın qərarı idi. Eyni zamanda, bu gün parlamentlərə millətçi partiyaların daxil olmasına şərait yaradan, ona səs verən də məhz həmin demokratik hüquqlardan istifadə edən xalqdır”.
Siyasi ekspert bir sıra səbəblər də açıqladı: “İlk öncə yuxarıda dediyim kimi, Avropada xalqın sevdiyi, dəstəklədiyi, iqtisadi və siyasi uğurları ilə üzdə olan liderlər demək olar ki, yoxdur. Yəni Avropa İttifaqının Jak Şirak, Angela Merkel və.s kimi nəhəng siyasətçiləri yoxdur və əvəzində daha az nüfuzu olan Emmanuel Makron, Olof Şolts kimi siyasətçilər bu gün ittifaqa liderlik etməyə cəhdlər edirlər.Təsadüfi deyil ki, Avropa Parlamentinə, ölkələrin özünün milli parlamentlərinə irəli sürülən namizədlərin çəkisi, təcrübəsi əvvəlki illərdən daha aşağı olur. Çünki, ciddi siyasətçilərin bir çoxu hazırda yürüdülən siyasətə qarşı olduqlarından, açıq etiraz etməsələr də, namizəd olaraq irəli çıxmaq istəmirlər. Yaxud təsadüfi insanların siyasi partiyaların namizəd siyahılarının ön sıralarında yer alması yenə də bir çox insanları narazı salmağa başlayır. O səbəbdəndir ki, əvvəlki illərə baxanda Avropa Parlamentinin tərkibi daha zəif olur, öz sözü, müstəqil qərar vermək fikri olan deputatların sayı hər dəfə azalır.
Bu sahədə yaranan boşluq isə təbii ki, populist çağırışlarla önə cıxan xarizmatik və iddialı millətçi liderlər tərəfindən doldurulmağa başlayıb. Digər mühüm səbəblərdən biri ölkələrdə ciddi miqrasiya probleminin olmasıdır. Əvvəlki illərdən fərqli olaraq qərbə gedən miqrantların daxil olduqları cəmiyyətlərə inteqrasiya etmək istəməmələri, əvəzində məhz onların iştirakı ilə baş verən cinayətlərin sayının fantastik sayda artması, onların saxlanılmasına milyardlarla pul xərclənməsi, ən əsası çıxış yollarını göstərə bilməmələri yenə də millətçi partiyalara bundan istifadə edərək önə çıxmağa kömək edir. Bu gün fikir versək görərik ki, Avropa İttifaqı dövlətlərində ənənəvi partiyaların uduzduğu bütün nöqtələr eynidir. Yaxın Şərqdə, Ukraynada baş verənlərdən dolayı yaranan problemlərin, insanların birbaşa iqtisadi, mənəvi maraqlarına təsirlərinin qarşısını almaq gücündə olan siyasi liderlərin, effektli, təsirli proqramların olmaması bu gedişlə avrospektiklərin Avropada siyasi hakimiyyətə gəlməsinə, ya da təsir imkanlarını daha da artırmasına gətirib çıxaracaq.
Avropa İttifaqı üzvü olmasa da, bu istiqamətdə hələlik Böyük Britaniya nələrsə etməyə cəhdlər edir. Böyük Britaniya digər Avropa ölkələri kimi nəhəng miqrant problemi ilə üzləşməsələr də, bu sahədə onların da problemi var. Eyni zamanda, mühafizəkar ingilis cəmiyyətinə az təcrübəli Rishi Sunakı baş nazir kimi təqdim etmələri ingilis cəmiyyətinin mühafizəkar təbəqəsinin millətçilərə üzünü çevirməsi təhlükəsi yarada bilər. Gənc ikən iki dəfə ardıcıl Mühafizəkarlar partiyasını hakimiyyətə gətirib baş nazir olan, 3- cü dəfə də seçilmə şansları yüksək olmasına baxmayaraq prinsipal mövqeyinə görə könüllü istefa verən, əhali arasında böyük nüfuzu olan Devid Kamerunun xarici işlər naziri gətirilməsi hesab edirəm ki, Britaniya konservatorlarına bu sahədə uğur gətirəcək.
Çünki, millətçilərə elektorat transferi əsasən mühafizəkar sağ mərkəz partiyalardan olur. Düşünürəm ki, Avropada bu şəkildə tendesiyaların başlamasının və günü-gündən artmasının səbəbi hakimiyyətdə olan siyasətçilərin transmilli şirkətlərin və korporotiv maraqları olan beynəlxalq güclərin sifarişlərindən imtina etmək cəsarətlərinin olmamasından irəli gəlib. Əgər bu sahədə inqilabi dəyişikliklərə gedilməyəcəksə, Avropada millətçilər yaxın gələcəkdə sözün əsl mənasında Avropa İttifaqını idarə edən qüvvəyə çevrilə biləcəklər. Bu gün mövcud vəziyyətin məsuliyyətini bir-birilərinin üzərinə atmağa çalışsalar da, hesab edirəm ki, yaranmış vəziyyətə səbəb ənənəvi siyasi partiyaların apardıqları siyasət olub və bu siyasətlərində dəyişiklik edilməyəcəksə, həmin baxışlı partiyaların öz ölkələrində tarixə qovuşacağı gün uzaqda deyil”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu il gözlənilən seçkilərin başında Amerikadakı prezident seçkilərinin dayanacağını söylədi: “ABŞ-da nə qədər demokratik qaydalara və seçki etikasına zidd olsa da, müşahidələr onu deməyə əsas verir ki, Tramp respublikaçıların favorit namizədi olaraq seçkilərə qatıla biləcək və hətta qalib gəlmək şansları da çoxdur. Vaxtilə iddia ortaya atılmışdı ki, guya Rusiya ABŞ seçkilərinə müdaxilə etdiyi üçün Tramp seçilib. İndi də iddia ortaya atılıb ki, Trampın hakimiyyətə gəlməsini ən çox Putin gözləyir. Çünki o, antimüharibə mövqeyinə malikdir. Daha öncə Tramp Baydenin Ukraynaya hərbi yardımlarını qınamış və hakimiyyətə gələrsə, bu yardımların dayandırılacağını bəyan etmişdi. Tramp Amerikanın ”izolyasionizm" siyasətinə geri dönüşü planlaşdırır. Bu isə ABŞ-ın müttəfiqlərini çətin vəziyyətdə qoya bilər, xüsusilə Çin-Tayvan, Rusiya-Ukrayna, İsrail münaqişələrinin fonunda. Bütün bunlar təbii olaraq ABŞ-ın regional müttəfiqi, dünyanın əsas aparıcı geosiyasi mərkəzlərindən olan Avropa İttifaqına və onun siyasətinə də təsirsiz ötüşməyəcək. Avropada artıq anti-Ukrayna müharibəsi mövqeli siyasətin yüksəliş göstərdiyini müşahidə edirik. Ötən ilin fevralında Böyük Britaniyada, Almaniyada, hətta Avropanın siyasi paytaxtı sayılan Brüsseldə Ukraynaya silah göndərilməsinin dayandırılmasını tələb edən geniş aksiyaların keçirildiyini gördük. Bütün bunlar qarşıdakı dövrdə Rusiya-Ukrayna müharibəsi fonunda yeni nizama sürüklənən dünyanın ilkin forma və əlamətlərini özündə ehtiva edir. Həmçinin müharibəyə və silahlanmaya qarşı çıxanlar təbii olaraq, immiqrant axınından da narazı olduğu üçün qarşıdakı dövrdə Avropanın antiimmiqrasiya populist siyasətçilərinin ön plana çıxacağı, millətçi və sağyönümlü siyasi hərəkatların güclənəcəyi gözlənilir. Xüsusilə qarşıdakı dövrdə Avropa ilə Çinin münasibətlərinin yüksələcəyi vurğulanır. Belə ki, Rusiya və Çini eyni cəbhədə özünə qarşı yönəltməyin Avropa üçün faydalı olmayacağını anlayan Qərb siyasətçiləri ehtiyatlı mövqe seçməyə üstünlük verirlər. Odur ki, von der Leyenin 2024-cü ildə yenidən Ali Komissar (Avropa Komissiyasının Prezidenti) olaraq seçiləcəyi və Avropa İttifaqı-Çin münasibətlərinin inkişafına xüsusi önəm veriləcəyi ehtimal olunur. Bu çərçivədə qarşıdakı dövrdə Avropa İttifaqı və Çin arasında ən rahat və sürətli marşrut olacaq Bir kəmər-bir yol, yaxud Şərq-Qərb dəhlizinin yeganə çatışmayan parçası olan Zəngəzur dəhlizinin reallaşması gözlənilə bilər. Bununla yanaşı, Avropa Parlamentinin yeni seçiləcək tərkibi von der Leyenin Ukrayna siyasətini revizə etməsinə hüquqi imkan tanımış, yəni şərait yaratmış olacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ