Onlayn ictimai-siyasi qəzet
Avropa İnvestisiya Bankı da faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb
Xəbər verdiyimiz kimi, 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında Prezidenti İlham Əliyev Azərbaycanın Avropaya qaz ixracı ilə bağlı ilginc məqamlara toxunub.
“Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur” - deyə Prezident bildirib. Dövlət başçısı deyib ki, Avropa İnvestisiya Bankı da faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb: “Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi - bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir, tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var. Biz Sloveniyadan olan bir şirkətlə saziş imzaladıq və bu da Azərbaycanın doqquzuncu tərəfdaşıdır ki, bizim qazın istehlakçısı olacaqdır. Ancaq Avropanın maliyyə institutları bunu maliyyələşdirmir. Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq”.
Dövlət başçısı onu da əlavə edib ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik: “Bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni sonra da deyək ki, bizim qazımız haradadır. Yəni mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil”.
Qeyd edək ki, 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Bu anlaşma Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 ay sonra baş tutmuşdu: Moskvanın qaz şantajından qurtulmağa çalışan Brüssel Azərbaycan da daxil olmaqla, digər qaz hasilatçılarından alışları artırmağa çalışırdı. Memorandum imzalanandan sonra Avropa İttifaqının Azərbaycandan Avropaya qaz çatdıran Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsində mövqeyi aktuallaşdı, bu istiqamətdə tezliklə real qərarların alınacağı gözləntiləri yarandı. Lakin 2022-2023-cü il qışı keçəndən sonra Avropanın qaz ehtiyatlarının bolluğu bu məsələnin arxa plana keçməsinə səbəb oldu. Avropa İttifaqı dəhlizin genişləndirilməsi planlarından kənarlaşdı, hətta bir sıra xarici mətbu orqanlarda Azərbaycanın ehtiyatlarının nəzərdə tutulan 20 milyard kubmetrlik həcmləri təmin etməyə yetərli olmadığına dair əsassız məlumatlar yer aldı.
Rusiya qazının əvəzlənməsi prosesi uğurla həyata keçiriləndən sonra Avropa İttifaqının neft-qaz kimi qalıq yanacaqlardan imtinaya dair siyasəti yenidən ön plana keçirildi. Bu plana əsasən, Avropanın maliyyə qurumları neft və təbii qazla bağlı layihələri maliyyələşdirməkdən imtina edirlər. Lakin maraqlıdır ki, Aİ İsrail və Kiprdən Avropaya qaz nəqlini nəzərdə tutan digər bir layihəni həvəslə dəstəkləyir. Söhbət Şərqi Aralıq dənizi qazının Avropaya nəqli üçün 2020-ci ildən icrasına başlanmasına çalışılan “EastMed pipeline” layihəsindən gedir. Layihə İsarilin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından qazın İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəməri layihəsinin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər. Aİ layihəni özü üçün prioritetlər sırasına aid edib, icrasına dəstək verir. Lakin Türkiyənin haqlı etirazları üzündən kəmərin fiziki tikinti işlərinə hələ də başlamaq mümkün olmayıb.
Xatırladaq ki, iyulun 18-də Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Azərbaycan qazının Avropaya ixrac həcminin artırılması məsələsindən danışıb: “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi ittifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir".
Prezidentin bu çıxışdan az sonra Aİ-nin mövqeyindən narazılığını büruzə verməsi diqqət çəkir. Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Prezident ilk dəfə bu məsələ barədə 2023-cü ilin yanvarında yerli TV-lərə müsahibəsində qeyd edib: “Görünür ki, ötən ilyarımda vəziyyət dəyişməyib ki, Prezident yenidən xatırlatma etməli olub. Hamıya bəllidir ki, Azərbaycanın Avropaya qaz ixracı həcmini artırması "Abşeron" yatağının işlənməsinin ikinci mərhələsinə bağlıdır. Bu yataq Xəzərin dərin hissəsində yerləşir, “Şahdəniz”dən 50 metr dərindədir. Bu yatağın ikinci mərhələ işlənməsi, 5 milyard kubmetr qazın çıxarılmasının təmin olunması üçün 10 milyard dollar investisiyaya entiyac var. Bunun 5 milyardı sualtı qurğuların tikintisinə, qalanı suyun üzərindəki infrastrukturun yaradılmasına sərf olunacaq. Qaz nəqli infrastrukturunun genişləndirilməsi xərcləri hələ bura daxil deyil. Boru kəmərlərinin genişləndirilməsinə də bir neçə milyard dollar investisiya gərəkdir. Bütün bu işləri görmək 5-6 il zaman alacaq. Yəni yataqdan ikinci mərhələ qazın əldə olunması gəlib düşəcək 2030-cu ilə. 2040-cı ildən isə Avropa İttifaqı qazdan istifadəni kəskin azaltmağa başlayacaq, 2050-ci ilədək sıfırlayacaq. Axı qaz layihələrinə qoyulan xərcləri 10 ildə geri qaytarmaq mümkün deyil? “Şahdəniz”ə yatırılan vəsaitlərin geri qayıtması 2030-cu ilə gözlənilir. Bu halda, külli miqdarda xərc çəkib Avropaya qaz nəqlini artırmağa dəyərmi?"
Ekspert bildirir ki, Azərbaycanın alternativləri var: “Türkiyə bazarı var ki, ehtiyacları böyükdür, ora ixracı artırmaq olar. Digər bir alternativ Azərbaycan qazın mayeləşdirilmiş halda satışı barədə düşünə bilər. Bu, onun ehtiyac olan bazarlara daşınmasına imkan verə bilər. Məndə olan məlumata görə, bu variant üzərində həqiqətən işlər gedir. Hətta bəzi Qərb mənbələrində də Azərbaycanın Gürcüstan və ya Rumıniyada mayeləşdirilmiş qaz infrastrukturuna sahiblənməsi barədə məlumatlar yer almağa başlayıb”.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə qaz nəqli infrastrukturunun genişləndirilməsi ölkənin Avropaya qaz ixracının artırılması baxımından həll yollarından biri hesab olunur. Belə ki, hazırda Türkiyədən Avropaya qaz ötürən iki xətt var: ""Türk axını"nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr (2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb - red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Bundan əlavə, əvvəllər Rusiya qazını Balkanlardan Türkiyəyə çatdıran Transbalkan qaz kəməri var ki, onun geriyə rejimlə işə salınması ildə 8-10 milyard kubmetr qazın Avropaya ötürülməsinə imkan verəcək.
Son aylarda Aİ-nin başqa bir təklifi gündəmə gətirilib: Azərbaycan qazının Rusiya ərazisi vasitəsilə Ukrayna üzərindən nəqli. Məlumdur ki, Kiyev Rusiya qazının öz ərazisindən keçməklə Avropaya nəqlinə qarşı çıxır. Əvəzində isə Ukrayna qazın enerji ilə zəngin digər ölkələrdən alınaraq öz qaz nəqli şəbəkəsi ilə Qərbi Avropa ölkələrinə nəqlini təklif edir. Bu, həm Ukraynanın çox nəhəng qaz nəqli infrastrukturunun işlək vəziyyətdə qalmasını təmin edər, həm də Rusiyanın onu dağıtmaq fikrinə düşməsinin qarşısını alar. Bunu əsas gətirən Ukrayna mediasının yazdığına görə, rəsmi Kiyev Azərbaycan qazının da öz ərazisindəki Rusiya kəmərlərinə vurulmasında maraqlı olduğunu bildirib.
Azərbaycan tərəfi hələlik bu məsələyə rəsmi mövqeyini açıqlamayıb.
Azərbaycan Energetika Nazirliyinin rəsmi məlumatına əsasən, 2024-cü ilin yanvar - iyun aylarında 25,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,5 milyard kubmetri AÇG-dən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri Abşerondan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ