Onlayn ictimai-siyasi qəzet
Son iki ildə Avropa dövlətlərinin bir çoxunu ifrat şəkildə bir xof çulğayıb.
Rusiyanın Ukraynaya 2014-cü ildən bəri gözlənilən hərbi təcavüzü 2022-ci ilin fevralında gerçəkləşdikdən sonra bu tendensiya aşkar şəkil alıb.
Böyük ehtimalla həmin dövlətlərin rəhbərləri əllərindəki məxfi informasiyaların pessimist yozumlarından çıxış edir, gedişatın nikbinliyə əsas vermədiyini düşünürlər.
Onlar Rusiyanın son 300 ildəki tarixini, dəyişən siyasi quruluşlarının yeritdiyi eyni aqressiv siyasətin mahiyyətini, bu azman ölkəni idarə edənlərin zaman-zaman hansı isterikaya qapıldıqlarını və irrasional addımlar atdıqlarını bilirlər və qorxurlar.
Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Finlandiyanın tez-tələsik, panikləmiş halda NATO üzvlüyünə can atmasının əsas və yəqin ki, yeganə səbəbi bu idi.
NATO 1949-cu ilin aprel ayının 4-də yaradılıb, ancaq Finlandiya 73 il ərzində NATO-ya daxil olmamışdı, bitərəf qalmışdı, Ukraynada müharibə başlanandan sonra isə bu dövlət 73 gün belə gözləmədi, NATO-ya ərizə verdi.
Çünki bu ölkə 1940-cı ildə SSRİ ilə arasında olan müharibədə ərazi itirsə də, başının salamatlığını qoruya bilmiş, mühariəbədən sonra əmin olmuşdu ki, daha SSRİ ona hücum etməyəcək. İndi isə Finlandiya siyasiləri başa düşürlər ki, öz slavyan qardaşının başına od ələyən rus hərbi maşını üçün heç bir qoruq-qaytaq yoxdur.
Hazırda Finlandiya NATO-nun yeni üzvü kimi özünü təhlükəsizlik təminatı altına alaraq bir qədər arxayınlaşıb. Ancaq Finlandiya ilə eyni günlərdə Şimali Atlantika hərbi blokuna qoşulmaq üçün rəsmi müraciət edən İsveç krallığının işi çətinə düşüb. Buna Türkiyə və Macarıstanın arabanın təkərinə çomaq soxması səbəb olub. O dövlətlərin də belə etməkdə öz motivləri var.
Xüsusilə Türkiyənin mövqeyi daha aydındır. Vaxtilə İsveç Türkiyənin daxilində müharibə aparan PKK separatçılarına çox kömək edib, terrorçulara sığınacaq verib deyə, rəsmi Ankara əlnə düşən ilk fürsətdə Stokholma dünyanın 4 coğrafi cəhətdən ibarət olduğunu başa saldı. Başda ABŞ olmaqla İsveçi dəstəkləyən bütün Avropa ölkələri hazırda Türkiyə və Macarıstana minnətçi düşüblər ki, onlar İsveçin NATO-ya üzv olmasına yaşıl işıq yandırsın və ölkə əhalisinin “rus təhlükəsi” sarıdan əndişəsi azalsın.
Yəqin ki, bu il İsveç də öz “ülvi arzusu”na çatacaq və NATO üzvü olacaq. Ancaq bu, onun Rusiya qarşısında qapıldığı qorxunu azaldacaqmı, bunu demək çətindir.
Çünki lap çoxdan NATO üzvü olan ölkələrdə belə həmin xof var. Onlardan biri də Almaniyadır. Almaniya son 110 ildə iki dəfə müharibə etdiyi Rusiyadan qorxan ən böyük Avropa ölkəsidir. Hazırda o, üçüncüyə hazırlaşır.
Bu barədə yazan Avropa mediasının xəbərinə görə, Almaniya NATO və Rusiya arasında 2025-ci ilin yayında müharibə başlayacağını ehtimal edir və ona uyğun plan hazırlayır.
Almaniya generaliteti düşünür ki, NATO ilə Rusiya arasında müharibə başlansa, bu hərbi kampaniyada 30 min Bundesver əsgəri də iştirak etməli olacaq.
Qoşun birləşmələrinin şəxsi heyətinin sayına və ümumiyyətlə, ordusunun gücünə görə dünyanın 24-cü ölkəsi olan Polşa məhz Rusiyanın təcavüzündən ehtiyatlandığı üçün öz hərbi gücünə önəm verir. Son iki ildə isə bu ölkə Ukraynaya göstərdiyi köməyə və qatı anti-Moskva mövqeyi tutduğuna görə Rusiyanın əsas hədəflərindən biri halına gəlib. Rus propoqandistlər tez-tez Polşanın “yerində oturdulması”na dair çağırışlar edir, bəziləri isə hətta Polşanın raketlərlə vurulmasını məsləhət görürlər.
“Rusiya təhlükəsi”ndən qorxu Fransada və Böyük Britaniyada da var. Birinci Rusiya ilə oynamaq yolu seçsə də, ikinci 2022-ci ildə başlayan müharibənin ilk günündən qəti şəkildə Rusiyaya qarşı olduğunu gizlətmir və Ukraynaya ən çox kömək edən iki ölkədən biridir.
Serbiya və Macarıstanın Rusiyadan qorxusu boyat xarakterlidir, hazırda onlar özlərini Rusiyanın passiv müttəfiqi kimi aparırlar, əmindirlər ki, Rusiya Avropa ölkələrini ballistik raketlərlə vursa, zərbə hədəfi olmayacaqlar. Əvəzində Hollandiya, Çexiya, Baltikyanı ölkələr kollektivin Qərbin səfində, Rusiyanın qarşısındadırlar və “rus təhlükəsi”nin gerçək olduğunu bilirlər.
Bəs almanların proqnozlaşdırdığı, 2025-ci ildə başlanacağı gözlənilən NATO-Rusiya savaşı gerçəkdən də baş verə bilərmi? Əslində heç nə istisna deyil. Bu təfəkkürdə olan liderlərin əlindən nə desən, gələr.
Ancaq söhbət iki cüt bir tək tankı, 10-15 min “kalaşnikov”lu əsgəri olan kiçik ada dövlətlərinin hazırlaşdığı lokal müharibədən getmir, arsenallarında modern kütləvi qırğın silahları olan, nüvə başlıqlı raketləri işlətməkdən çəkinməyəcəyini bəyan edən iki qüvvədən – NATO və Rusiyadan gedir. Onların arasında müharibə olsa, bu, dünya miqyaslı fəlakət olar. Bunu dünyada hər kəs, o cümlədən NATO üzvü olan ölkələrin liderləri də anlayır, Rusiya Federasiyasının başbilənləri də.
Əgər qlobal savaş qaçılmaz olsa, o zaman İsveç və Finlandiyanın NATO-ya üzv olmaları əhəmiyyətsiz olmaqla yanaşı, həm də təhlükəli olacaq, hədəfə çevriləcəklər.
Bəs o halda vaxtaşırı NATO-ya dirəşən, Rusiya ilə isə bir sıra sahələrdə ciddi tərəfdaşlığı olan Türkiyə necə mövqe tutacaq? Böyük ehtimalla öz həlledici mövqeyi, manevrləri, vetoları ilə qlobal fəlakətin qarşısını almağa çalışan iki ölkədən biri elə Türkiyə olacaq.
Araz Altaylı, Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ