İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan Rusiyaya qarşı yeni sanksiya paketi gəlir

Moskva Qərb dövlətləri arasındakı vahid mövqeni poza biləcəkmi?

Ukraynaya hücumuna görə Qərbin görünməmiş sanksiyaları ilə üzləşən Rusiyaya qarşı qadağaların yeni dalğası hazırlanır. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Avropa Birliyi sayca yeddinci sanksiya paketi üzərində artıq bir aydan çoxdur ki, işləyir. Agentlik bildirir ki, bu prosesin iyulun sonunadək yekunlaşması və paketin açıqlanması nəzərdə tutulur. Bu paketdə Rusiya neftinə qiymət tavanının müəyyənləşdirilməsi, Rusiya qızılının birlik dövlətlərinə idxalının dayandırılması, həmçinin Rusiyadan olan fiziki və hüquqi şəxslərin daha bir qisminin adının sanksiya siyahısına əlavə edilməsi kimi tədbirlər olacağı gözlənilir. Bundan əlavə, bəzi birlik üzvləri Rusiya qazının idxalının da məhdudlaşdırılmasını təklif edirlər, lakin əksəriyyət bununla razılaşmır.

Qeyd edək ki, Rusiya qızılına qarşı embarqo təklifi ilk olaraq iyunda G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə müzakirə edilib. Təklif bu məhsulun ən böyük alıcısı olan Böyük Britaniyadan gəlib. Məlumat üçün bildirək ki, qızıl (qiymətli metallar) Rusiyanın ixrac strukturunda enerjidən sonra ən çox gəlir gətirən 2-ci bölmədir. Rusiya 2021-ci ildə 302,2 ton qızıl satıb və 17,4 milyard dollar gəlir əldə edib, bu qızılın 266,1 tonunu (15,4 milyard dolar) Böyük Britaniya alıb. Məhz bu ölkə ilk addım ataraq Rusiyadan qızıl alışına qadağa qoyulacağını bəyan edib. Britaniya hökumətinin bununla bağlı açıqlamasında bildirilir ki, Rusiyanın əsas ixrac məhsullarından biri olan qızıl həm də Putin hakimiyyətinə yaxın oliqarxların beynəlxalq sanksiyalardan yayınmaq üçün yatırım etdikləri əsas əmtəədir.

Böyük Britaniyadan sonra ABŞ, Kanada və Yaponiya da Rusiya qızılının idxalını qadağan ediblər. Qadağa iyunun 28-dən sonra Rusiyadan çıxarılacaq qızıl partiyalarına aid edilir.

Şarl Mişel: "Rusiya ərzağı müharibə silahı kimi istifadə edir"

İyulun 6-da Avropa Şurasının rəhbəri Şarl Mişel açıqlama verərək qızıla qarşı embarqonun Rusiyaya qarşı 7-ci sanksiya paketinə daxil ediləcəyi ehtimalının yüksək olduğunu bildirib.

İki gün əvvəl ABŞ və Yaponiyanın maliyyə nazirləri Canet Yellen və Syuniti Suzuki Tokioda Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasını müzakirə ediblər. “Kyodo” agentliyinin yazdığına görə, onların müzakirəsi Rusiyanın gəlirlərini azaltmaq və enerji qiymətlərini sabitləşdirmək üçün “Böyük yeddilik” (G7) ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq təklifi ətrafında olub

Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kisida danışıqlarda Rusiya neftinin qiymətinin iki dəfə azaldılması ətrafında müzakirələr aparılacağını bildirmişdi. Eyni zamanda Avropa İttifaqı (Aİ) ölkələri artıq Rusiyadan dəniz yolu ilə neft tədarükünə embarqo qoyub. Qadağa dərhal qüvvəyə minir, lakin keçid dövrləri var. Belə ki, dekabrın 5-dək Rusiya neftinin idxalı və ya alınması üzrə müqavilələrin icrası (əgər iyunun 4-dək bağlanıbsa) üçün “birdəfəlik” əməliyyatlara icazə verilir.

Hindistanın qızıl idxalı 3,6 dəfə azalıb

Rusiyanın şimal-qərb gömrük idarəsi ixrac-idxalla məşğul olan sahibkarlarına xəbərdarlıq edərək iyulun 8-dən Avropa İttifaqının ölkəyə qarşı tətbiq etdiyi qadağaların qüvvəyə mindiyini, buna görə də fəaliyyətlərini planlaşdırarkən bu amili nəzərə almalarını tövsiyə edib. Aprelin 8-də qəbul edilən 5-ci paket sanksiyalara əsasən Rusiyadan Avropa İttifaqı ərazisinə maşın və avadanlıqların, metallar və onlardan hazırlanan məhsullar, yanacaq, qaz, neft və neft məhsulları, torf, kimya və ağac email sənayesi məhsulları, şüşə, keramika, nəqliyyat vasitələri və avadanlıqları, foto məhsulları, tekstil sənayesi məhsulları, spirt, mebel, meşəmaterialı, xərçəngkimilər, ikra və digər çoxsaylı məhsulların idxalı dayandırılır.

İyulun 12-də məlum olub ki, Avropa İttifaqı Rusiya hakimiyyətinə yaxın oliqarxlara məxsus aktivləri Ukraynanın bərpası üçün yaradılan fonda köçürməyə hazırlaşır. Avropa İttifaqının hüquqi məsələlər üzrə komissarı Didye Reyndersin verdiyi açıqlamaya əsasən Avropa İttifaqı indiyədək Rusiya oliqarxlarına məxsus 13,8 milyard avro vəsaiti dondurub. Onun dediyinə görə, hazırda bu vəsaitləri müsadirə etmək üçün hüquqi mexanizm yoxdur.

Avropa İttifaqı Rusiya mənşəli aktivlərin Ukraynaya veriləcəyini açıqladı

Avropa komissarı qeyd edib ki, payıza doğru Avropa İttifaqının Rusiya oliqarxlarının, həmçinin sanksiyalardan yayınmağa çalışan Rusiya şirkətlərinin aktivlərini müsadirə edərək Ukraynaya verilməsini mümkün edəcək direktiv qəbul olunacaq: “Oktyabrda mən Avropa Birliyinin sanksiyalarından yayınmağı cinayət məsuliyyəti hesab edəcək direktivi təqdim edəcəm. Bu direktiv Avropa Birliyi ölkələrinin məhkəmələrinə aktivləri müsadirə etməyə imkan verəcək.Daha sonra həmin aktivlər Ukraynaya yardım fonduna köçürüləcək”.

Qeyd edək ki, iyulun əvvəlində "Bloomberg" agentliyi öz mənbələrinə istinadən Avropa Birliyinin Rusiyalı varlılara məxsus 14 milyard avronu dondurduğunu açıqlamışdı. Mənbə Avropa Birliyinin sanksiya altına düşən rusiyalıların Avropadakı aktivlərini aşkarlamaq üçün fəaliyyətləri gücləndirdiyini bildirmişdi. Habelə iiyun ayında ABŞ-da dondurulmuş 330 milyard dollarlıq Rusiya aktivinin müsadirəsinə imkan verəcək qanunverici bazanın yaradılmasına başlanıb. Vaşinqtonda da prosesin payızda yekunlaşacağı və akivlərin Ukraynaya yardım fonduna köçürüləcəyi gözlənilir.

Rusiya tərəfi bu addımları qanunsuz adlandırmaqla yanaşı, onların beynəlxalq aləmdə mənfi presedentə çevriləcəyini iddia edir. Rusiya dövlət rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, ölkənin və vətəndaşların Qərd dövlətləri ərazisindəki aktivləri Ukraynanın xeyrinə müsadirə olunacağı təqdirdə Rusiya ərazisində Qərb şirkətlərinə məxsus aktivlər də müsadirə olunacaq. Bu açıqlamalarla yanaşı, Rusiya sanksiyalardan hissəvi də olsa azad olmaq üçün müxtəlif təzyiq alətlərindən istifadə etməyə çalışır. Məsələn, Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına şərait yaratmaq müqabilində özünün və Belarusun məhsullarına tətbiq olunan sanksiyaların aradan qaldırılması şərti irəli sürülür. Avropa və Qərb bu şərti qəbul etməsə də, artıq iki istiqamətdə Rusiyaya qarşı sanksiyalardan istisna müşahidə olunur. Bunun birincisi, Rusiya qazını Almaniyaya daşıyan “Şimal axını-2" qaz kəməri üçün olan turbinlərin Kanadadan çıxarılmasıdır. Rusiya kəmərlə qaz nəqlini 60 faiz azaltmaqla Almaniyanın Kanadanı turbinlərin çıxşına razı salmasına nail olub. Halbuki turbinlər Almaniyaya çatdıqdan sonra da Rusiyanın qaz təchizatındakı məhdudiyyəti aradan qaldıracağı bilinmir. Hətta Moskvanın nəzarətində olan Rusiya KİV-ləri turbinlər çatdırılsa belə, digər texniki problemlərə görə kəmərlə qaz nəqlinin tezliklə tam bərpa olunmayacğına dair məlumatları tirajlamaqdadılar.

Litva Kalininqrada yaşıl dəhliz açılmasına razılıq vermədi

Avropa İttifaqı isə Rusiyanın Kalininqrad əyalətinə yüklərin daşınması məsələsində Moskvaya güzəştə getməyə hazırlaşır. “İzvestiya” qəzetinin Rusiyadakı yüksək vəzifəli dövlət məmuruna istinadən yazdığına görə, Avropa İttifaqı Rusiyadan Kalininqrad vilayətinə daşınacaq yüklər üçün sanksiyalardan istisnaya razılaşıb. Qəzet qeyd edir ki, iyulun əvvəlində bununla bağlı sənəd Brüssel tərəfindən Moskvaya təqdim olunub: “Sənəddə qeyd olunur ki, Rusiyanın subyektləri arasında yükdaşımaların dayandırılmasına getmək olmaz. Başqa sözlə desək, Kalininqrad əyalətinə göndərilən bütün yüklər - istər dəmiryolu, istərsə də avtomobillə daşınsın, sanksiya siyahısından çıxarılacaq”.

Mənbə bildirib ki, artıq bir neçə həftədir Avropa İttifaqı Litva ilə danışıqlar aparır ki, yekun sənədin hazırlığı başa çatdırılsın. Lakin rəsmi Vilnüs Rusiyaya münasibətdə sanksiya siyasətində hər hansı güzəştə getməyin qəti əleyhinə olduğu üçün Brüssellə razılaşmır.

“İzvestiya”nın digər yüksək vəzifəli mənbəsi isə bildirib ki, Kalininqradla bağlı istisna xüsusi maddə şəklində Avropa İttifaqının iyulda Rusiyaya qarşı qəbul edəcəyi 7-ci sanksiya paketində əksini tapacaq. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hələlik Kalininqrada yükdaşımalarla bağlı hər hansı irəliləyiş olmadığını açıqlayıb: “Biz gözləyirik ki,  u problemin həlli ilə bağlı addımlar atılsın. Lakin hələlik konkret nəticə əldə olunmayıb, vəziyyətdə hər hansı dəyişiklik yoxdur”.

Xatırladaq ki, Litva iyunun 18-dən etibarən öz ərazisi ilə Rusiyadan Kalininqrad əyalətinə yükdaşımaların 30 faizini dayandırıb. Bura Avropa İttifaqının sanksiyalarında əksini tapan mal və məhsullar aiddir.

Göründüyü kimi, Qərb dövlətlərinin Rusiyanın aqressiyasının qarşısını almaq üçün nümayiş etdirdiyi vahid mövqedə müəyyən qədər yayınmalar meydana çıxmaqdadır. Bu yayınmaların genişlənərək ciddi fikir ayrılığı və fərqli yanaşmalara çevrilməsi Rusiyanın Ukraynada qalibiyyəti demək olacaq. Hələlik Rusiyanın əlində xüsusilə Avropa İttifaqı daxilində özünə münasibətdə ikitirəliyi gücləndirmək üçün təzyiq vasitəsi var - söhbət təbii qazdan gedir. Avropanın ən azı bu qış Rusiya qazı olmadan keçinməsi mümkünsüz görünür. Bu isə Rusiya üçün ciddi fürsətlər yarada bilər. Bu baxımdan, Avropa İttifaqı, həmçinin ABŞ və Böyük Britaniyanın fəaliyyətlərini daha sıx əlaqələndirməsinə ehtiyac var. Rusiyanın məqsədinə çatmasının qarşısını alacaq daha bir amil Ukraynanın döyüş cəbhəsində üstünlüyü ələ alması ola bilər ki, bu da Qərbin Kiyevə silah yardımından asılıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR