İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada növbəti anti-İslam dalğası - Quranı niyə yandırdılar...

Ramazan ayında Avropada “Qurani-Kərim”i alova verdilər, İslamofobiya yenidən baş qaldırır

Aprelin 16-da Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının rəhbəri Rasmus Paludan İsveçin Linköpinq şəhərində polisin mühafizəsi ilə Quranı yandıraraq videoçəkiliş təşkil edib və sosial şəbəkələrdə paylaşıb. Müqəddəs kitabın yandırılmasına mane olmaq istəyən insanlar polisin müqaviməti ilə qarşılaşıblar. Bundan sonra polislə insanlar arasında gərginlik yaşanıb. Polisə daşla hücum edən 8 nəfər saxlanılıb.

Rasmus Paludan aksiyanı öncə İsveçin Erebru şəhərində etməyi planlaşdırmışdı. Lakin müsəlmanlar etiraza qalxdı, 12 polis nəfəri yaralandı, Rasmus Paludan isə başından daşla zərbə aldı. Erebruda baş tutmayan aksiya polisin mühafizəsi altında Linköpinqdə gerçəkləşdi.

İsveçin baş naziri Maqdalena Anderson baş verənlərə münasibətini belə açıqlayıb: “İsveçdə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdir, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir. Fikrə necə yanaşmağınızdan asılı olmayaraq, zorakılıq göstərməli deyilsiniz. Biz bunu heç vaxt qəbul etməyəcəyik”.

Rasmus Paludanın tərcemeyi-halına nəzər salsaq, o, il yarım əvvəl İsveç pasportu alıb. Qatı anti-İslam mövqeyi ilə tanınan qalmaqallı siyasətçidir. 2019-cu ildə Kopenhagendə mitinq zamanı Quranı yandırması da toqquşmalara səbəb olmuş, onlarla insan həbs edilmiş, siyasətçinin başından daşla vuran bir nəfər gənc Suriya qaçqınının Danimarkaya girişinə ömürlük qadağa qoyulmuşdu.

Xatırladaq ki, Fransanın qalmaqallı satirik jurnalı “Charlie Hebdo”da 2015-ci ilin yanvarında Məhəmməd Peyğəmbərin karikaturasının dərcindən sonra jurnalın redaksiyasına silahlı hücum olmuşdu. Terror nəticəsində bir neçə nəfər öldürülmüş, çox sayda insan yaralanmışdı. İş o yerə çatmışdı ki, bütün Avropa ayağa qalxıb müsəlmanlara qarşı şüarlar səsləndirdi.

Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin  Həsənli

Hacı Şahin Həsənli

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli  “Yeni Müsavat”a bildirdi ki, Avropada islamofobiya dalğasının genişləndirilməsi müəyyən dairələrin marağına xidmət edir: “Dini zəmində münaqişələr, sivilizasiyalar arasında toqquşmalar müəyyən dövlətlərə sərf edən siyasətdir. Bu kimi addımları nə qədər ifadə azadlığı ilə pərdələməyə çalışsalar da, hesab edirəm ki, insanlara qarşı hörmətsizlikdir, inancın təhqir edilməsidir. Milyardlarla insanın inancının təhqir edilməsi yolverilməzdir. Söz azadlığının müəyyən bir sərhədi olur. Həmin Avropa ölkələri lazım olduqda ifadə azadlığına məhdudiyyət qoyurlar. Bu cür hadisələr radikalizmin artmasına səbəb olur. ”Qurani-Kərim"ə bu cür münasibət düşmənçilik münasibətidir, irqçilik, faşizmdən o qədər də fərqi yoxdur. Bir insan “Qurani-kərim”i qəbul etmirsə, fikrini deyə bilər, amma insanların gözü qarşısında “Qurani-Kərim”in yandırılması  heç bir yaxşı niyyət ifadə edə bilməz. İnsanları təhrik etmək, dinləri qarşı-qarşıya qoymaq, dini qarşıdurma yaratmaqla hansısa mənfəətə çatmaq qlobal siyasətə xidmət edir. Müsəlmanlar adekvat addım atmalıdırlar. “Qurani-Kərim”i dünyaya tanıtmalıdırlar. Müşahidələr və statistika göstərir ki, hər belə hadisədən sonra İslam dininə maraq artır. Belə məqamlarda dinimizi müsbət tərəfdən təqdim etməliyik. Eyni zamanda müsəlmanlar bu kimi hallarda öz fikirlərini ifadə etməlidirlər. Amma bunu sivil qaydada etməlidirlər ki, kiminsə əlinə bəhanə düşməsin. Belə məsələlər müsəlman dövlətləri tərəfindən gündəmə gətirilməlidir. Antisemitizm, ksenofobiya təhlükəli meyllər sayıldığı kimi, müsəlman dövlətləri dinlərin təhqir olunmasının bu qəbildən cinayət hesab olunmasına nail olmalıdırlar. Hətta İslam Əməkdaşlıq Təşkilatı da bu kimi məsələlərə münasibət bildirməlidir. Mən bu cür aksiyaların qadağan edilməsinin tərəfdarıyam".

İlahiyyatçı eyni zamanda Azərbaycan din xadimlərinin bu kimi aksiyalara müxtəlif səviyyələrdə münasibət bildirdiyinə diqqət çəkdi: “Din xadimləri mətbuatda bu cür aksiyaları pisləyiblər. Hesab edirəm ki, Azərbaycan təcrübəsini təqdim etmək lazımdır. Digər müqəddəs kitabları təhqir etmək Azərbaycanda müsəlmanların ağlına gəlməyib.  Bu, Azərbaycanda olan dinlərarası münasibətlər  modelini dünyaya təqdim etmək üçün fürsətdir. Azərbaycanda bu münasibətlər tarixən yüksək səviyyədə olub, bu gün də elədir”.

“İsveçdə “Quran-Kərim”in yandırılması, əlbəttə, bir təxribat hadisəsi idi. Ümumiyyətlə, son illərdə Avropada İslamofobiya artır. Son aylarda bir neçə ölkədə məscidlərin qarşısında aksiyalar, hətta donuz əti bişirilməsi aksiyası baş verdi”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu 

Bu fikirləri “Yeni Müsavat”a yazar Kənan Rövşənoğlu bildirdi: “Bütün bunlar ilk dəfə deyil baş verir. Sağçı, İslam əleyhdarı olan qruplar, o cümlədən radikal xristian dini cərəyanların təmsilçiləri bu aksiyalara əl atırlar. Bu cür aksiyaların bir məqsədi var: müsəlmanları provokasiyaya çəkmək, gərginlik və toqquşmalara nail olmaq. Sonuncu aksiyada buna qismən nail oldular, müsəlmanlar Quranı yandıran provokatorlara hücum etdilər.  Qarşıdurmada bir polis maşını yandırıldı. Fikrimcə, əslində bu aksiyaları planlaşdırıb həyata keçirənlərin, xüsusən də planlayanların məqsədi elə budur. Gərginlik olsun, toqquşmalar, dağıntılar baş versin. Bu zaman Avropa cəmiyyətində mənfi müsəlman obrazı yaratmaq daha asan olur. Eyni zamanda təxribatların indi baş verməsi sanki müsəlmanlarda Avropa düşmənliyi, nifrəti artırmağa hesablanıb. Dünya artıq qloballaşıb, İsveçdə və ya Danimarkada baş verən bu cür hadisələr anında bütün planetə yayılır və əlbəttə, müsəlmanları narahat edir, qəzəbləndirir. 2005-ci ildə Danimarka qəzetində (Yulend Posten) Məhəmməd Peyğəmbərin (s) karikaturasının dərc olunması bütün dünyada etirazlara və qarşıdurmalara səbəb oldu. Ukrayna müharibəsindən sonra sağ qrupların fəallaşmasını müşahidə edirik, bu cür İslam əleyhinə aksiyaların bu qruplar tərəfindən hazırlandığı və müsəlman aləmində Avropa nifrətini gücləndirmək məqsədi daşıdığını düşünürəm. Əlbəttə, bu cür hadisələrə cavab olaraq radikal terrorçu qruplar Avropada aksiyalar həyata keçirə bilərlər. Bunun daha əvvəl Parisdə ”Charlie Hebdo" jurnalına hücum zamanı şahidi olduq. Nəticə etibarı ilə bu hadisə və ona reaksiyalar nifrət və radikalizmi gücləndirməyə xidmət edir. Təəssüf ki, son 10-12 ildə Avropada məhz bu cür qrupların fəallaşması müşahidə olunur. Əlbəttə, paralel olaraq müsəlman aləmində də radikallar önə çıxır".

Pənah Hüseynin oğlu Vaqif də zabit kimi cəbhəyə yollanıb

Vaqif Hüseyn

Siyasi ekspert Vaqif Hüseynin fikrincə, bu cür təxribatlar diqqət yayındırmaq üçündür: “Düşünürəm ki, burada Ukrayna-Rusiya müharibəsinin izləri ola bilər. Yəni aksiya dünya ictimaiyyətinin diqqətini Ukraynadan yayındırmaq üçün təşkil edilə bilər. Avropanın bir çox ölkələrində bu cür təxribatlar törətmək üçün əlverişli imkanlar var. Məsələn, 1980-ci ildə dünya Moskvada keçirilən olimpiadanı boykot etmişdi. Hətta Böyük Britaniya səfirliyinə göstəriş verilmişdi ki, səfirliyin həyətində böyük tonqal yandırılsın (red: “1980 Yay Olimpiya Oyunları"nəzərdə tutulur. Sovet İttifaqı ilə ABŞ arasında soyuq müharibə davam edirdi. Oyunları boykot etməyin əsas səbəbi kimi tez-tez Sovet qoşunlarının məhdud bir kontingentinin Əfqanıstana gətirilməsi göstərilirdi).

Qeyd edək ki, bir sıra ölkələr rəsmi açıqlama yayaraq, İsveçdə baş verən bu hadisə ilə bağlı sərt mövqe bildiriblər. Türkiyə Xarici İşlər Nazirliyi də sözügedən aksiyaya sərt mövqe bildirib. Türkiyə XİN-i Danimarkadan İsveçin Malmö şəhərinə gələn İslam düşməni, irqçi bir “siyasətçi” ilə tərəfdarlarının “Qurani-Kərim”ə qarşı çirkin davranışlarını şiddətlə qınadığını bildirib: “Bu cür davranışlar birgə yaşayışa və Avropa dəyərlərinə vurulan zərbədir. Avropada yaşayan müsəlmanlar son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız olan ”Qurani-Kərim"ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir".

İranın Xarici İşlər Nazirliyi İsveç hökumətindən dərhal R.Paludanın cəzalandırılmasını tələb edib. XİN-in sözçüsü Səid Xətibzadə aksiyaya görə İsveç hökumətini günahlandırıb:  “Ramazan ayında müsəlmanların müqəddəs kitabının təhqir olunması ifadə azadlığı ilə əsaslandırıla bilinməz. İsveç hökuməti bu şəkildə nifrət yayanların qarşısını almağa görə məsuliyyət daşıyır”.

Analoji olaraq Malayziya da İsveç hökumətindən günahkarın cəzalandırılmasını tələb edib.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev də hadisə ilə bağlı mövqeyini bildirib: “Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır. Bu aktın özü də bir terror hadisəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını şiddətlə pisləyirəm. İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkə sayılır. İsveç bu hadisəni də söz azadlığı hesab edir. Lakin bu, söz azadlığı deyil, əksinə, yeni münaqişə ocaqları yaratmaqdır. İndi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı ”insan ovu" elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını pisləməyə çağırıram".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR