İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa pul xərcləmək istəmir, Tramp isə prosesdə iştirak etmək istəmir

Avropa İttifaqı əlavə müdafiə maliyyəsi üçün yüz milyardlarla avro ayırmaq niyyətindədir. Bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Bura milli resursların sərbəst buraxılması üçün büdcə qaydalarının dəyişdirilməsi, potensial birgə maliyyələşdirmə və mövcud vəsaitlərin yenidən bölüşdürülməsi daxildir.

Bloomberg yazır ki, eyni zamanda, Avropa iki mürəkkəb problemlə üz-üzədir: onun müdafiə sənayesi inkişaf etməmişdir və sürətli yenidən silahlanmaya hazır deyil, Ukraynaya dəstəyə görə silah anbarları praktiki olaraq boşdur. Eyni zamanda, yerli silah istehsalçılarını dəstəkləmək kifayət qədər vaxt və pul tələb edir. Agentlik qeyd edir ki, bu vəziyyət Aİ-ni istənilən mövcud resursları axtarmağa məcbur edir.

Politoloq Tofiq Abbasov Musavat.com-a şərhində bildirib ki, İkinci Dünya müharibəsindən sonra, NATO güclənməyə başladığı zamandan uzun illər ərzində bütün xərclərin əsas hissəsini ABŞ öz üzərinə götürürdü.

T.Abbasov ABŞ prezidenti Donald Trampın artıq bu yükü daşımaq istəmədəyini qeyd edib:

1608300153_tofiq-abbasov.jpg (36 KB)

“Donald Tramp öncə NATO büdcəsinə xərcin 4 faiz, daha sonra isə 5 faizə qaldırdığını deyib. O, bir növ avropalıları həm iş görməyə, həm də əllərini cibinə salmağa sövq edir. Əslində bu, bir tərəfdən müsbət addımdır. Artıq kollektiv Qərb artıq Ukraynaya dəstək göstərmir. Ümumiyyətlə, dünya siyasətində kollektiv Qərb anlayışı artıq işləmir. Avropa Ukraynaya dəstəyini dayandırmayacağını deyir, bu o deməkdir ki, Ukraynanı müharibəni davam etdirməyə təşviq edirlər. Digər tərəfdən Trampın “müharibə dərhal dayandırılmalı, sülh olmalıdır” şüarını inkar edirlər. Belə çıxır ki, Ukrayna son əsgərinə kimi vuruşmalıdır? Əslində, Avropa çox mənfur rol oynayaraq Rusiya ilə soyuq müharibə aparır. Eləcə də Trampı şantaj edirlər ki, guya Rusiyadan çox böyük təhlükələr var, Avropanı tək qoymaq olmaz. Avropa pul xərcləmək istəmir, Tramp isə prosesdə iştirak etmək istəmir. Almaniyada seçkilərdə qalib gəlmiş Frederix Merz deyir ki, ABŞ-dən qorxmaq lazım deyil, Avropanın öz konsepsiyası olmalıdır, müdafiə gücü olmalıdır və s. Rusiya Avropaya hücum etməyəcək. Əksinə, ABŞ və Avropa Ukraynanı qızışdırıb ortaya atdılar ki, Rusiya ilə müharibəyə başlasınlar. Cozef Bayden söz verirdi, amma sözünə əməl etmirdi. Onun ailəsi Ukrayna ilə bağlı güclü razılaşmalara nail oldu, milyonlarla qazanc əldə etdi. Buna görə də son ana qədər Ukraynanı oyunda saxlamağa çalışdılar. Avropa bu məsələdə riyakarlıq və qəddarlıq nümayiş etdirir. Ukraynanın şansı yoxdur. Tramp birmənalı şəkildə bildirdi ki, Ukraynaya yardım etməyəcək. Bir sözlə, Qərb dövlətləri arasında ixtilaf olsa da, digər tərəfdən riyakar yanaşma sərgiləyirlər. Müharibəni başladan Rusiya olsa da, Ukraynanı müharibəyə hazırlayan Qərb idi. Bir çox ölkənin təlimatçıları Ukraynanın hərbi hissələrində hazırlıq görürdülər. Rusiyanın kəşfiyyatı bu məsələdən xəbərdar olduğu üçün hərəkətə keçdi. Ukraynaya Rusiyadan asılı olmamaq üçün Qara dənizin dibi ilə Rumıniya vasitəsilə neft və qaz xətti çəkiləcəyi, o cümlədən 100-dən az olmamaq şərtilə qırıcı təyyarə ilə təminat söz verilmişdi. Bu nə demək idi? “Biz müharibəni hazırlayırıq, sən təki vuruş!” Müharibədə Ukraynanın aviasiyası zəif olsa idi, bu Rusiya üçün üstünlük demək idi. Bir sözlə, Qərbin planı iki dövləti vuruşdurmaq idi”.

T.Abbasov, həmçinin xatırladıb ki, Ukraynanın keçmiş baş naziri Vitold Fokinin Zbiqnev Brzezinski ilə görüşündə Brzezinski demişdi ki, 25-30-cu illərdə Ukraynada əhalinin sayı 20 milyondan artıq olmayacaq:

“O zaman Ukrayna əhalisinin sayı 52 milyon idi. Bu plan ona görə cızılmışdı ki, Ukrayna kimi böyük dövlət Avropaya uyğun deyil, onu ABŞ-nin iştirakı ilə parçalamaq istəyirdilər. O cümlədən Ukraynanı xam mal sahəsinə çevirməyə çalışırdılar. Avropa bioenerjiyə keçidə hazırlaşır. Bunun üçün raps bitkisinə ehtiyac var. Ən böyük raps sahələri isə Ukraynadadır. Avropa, eyni zamanda Ukraynadan gələn miqrantları istəyir. Hər miqrant ən azı iki Afrika, Asiya miqrantına bərabərdir çünki din məsələsində iddia amili yoxdur, digər tərəfdən işgüzarlıq baxımından üstünlükləri var. Odur ki, Qərb iki qardaş xalqın düşmən edilməsi üçün əlindən gələni etdi. Rusiyanın da günahı var, pravoslav Gürcüstanla, Ukrayna ilə müharibə etdi. Rusiya diplomatiyasının problemləri tənzimləməyə sanki gücü çatmır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR