İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının şərtinə Bakının sərt reaksiyası Bakı - Brüssel gərginliyi kimə sərfəlidir?

Qurumun ölkədəki həbslərlə bağlı çağırışına XİN ağır təpki verdi, Aİ əməkdaşlıq şərtlərini açıqladı; Partiya sədri: “Seçki dövründə gərginliyi artırmaq istəyən qüvvələr var”

Avropa İttifaqı (Aİ) Azərbaycanda “jurnalistlərin və fəalların həbslərinin ciddi narahatlıq doğurduğunu qeyd edib, fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlərin azad edilməsinə, ifadə azadlığı və müstəqil jurnalistika üçün azad və sərbəst məkanın təmin edilməsinə çağırıb”. 

“Yeni Müsavat” bildirir ki, Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano “insan hüquqlarının, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu” vurğulayıb. “Avropa İttifaqının (Aİ) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı əsassız ittihamlarını qətiyyətlə rədd edirik”. Bu fikir isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatına dair şərhində yer alıb. Bildirilib ki, nazirlik bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndirir. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir.

“Təəssüf hissi ilə qeyd edirik ki, Avropa İttifaqının Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması ikili standartların bariz nümunəsidir. Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfin Aİ üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. Aİ tərəfi Fransada ”sarı gödəkçələr" aksiyasında 12 nəfər üzvün öldürülməsi, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobiya və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırmayıb və adekvat münasibət bildirməyib. Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur", - deyə XİN-in bəyanatında vurğulanıb. 

Göründüyü kimi, Avropa İttifaqının sadaladığı əməkdaşlığın mühüm elementləri (şərtləri) Bakıdan sərt təpki doğurub. Brüssel qərəzdə və ikili standartlarla siyasət yürüməkdə ittiham olunub, Aİ ilə əlaqələrin inkişaf perspektivlərinə zərbə kimi qiymətləndirilib. Bəs bu gərginlik necə nəticələnə bilər,  münasibətlərin pozulması kimə sərfəlidir? Ümumiyyətlə, Brüssel-Bakı münasibətləri son dövrlər çox kövrəkdir. Bir yandan iqtisadi əməkdaşlıq genişlənir, digər tərəfdən siyasi kontekstdə çağırışlar səslənir, o cümlədən Qarabağ erməniləri məsələsi ilə bağlı Mişel, Borrel statusunda avropalı siyasətçilərdən təhrif edilmiş bəyanatlar eşidilir. Bura Avropa Parlamentinin qərəzli qətnamələrini əlavə etmək olar, Avropa Komissiyası isə strateji qaz sənədinə görə Bakıya xoş üz göstərir. 

Qulamhüseyn Əlibəyli: Vandalizm aktları erməni faşizminin mahiyyətini əks  etdirir

Qulamhüseyn Əlibəyli

Sabiq deputat, prezidentliyə namizədliyi irəli sürülən Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətində həbslərlə bağlı qeyri-müəyyənlik var və Avropa Məhkəməsində də bu faktlar dəfələrlə sübut olunub. Q.Əlibəylinin sözlərinə görə, əvvəllər xuliqanlıq, narkotik ittihamı verilirdi, son zamanlar çirkli pullar ittihamı verilir: “Açığı, bunun da müəyyən əsası var. Yəni qeyri-leqal pul daşınması halları qeydə alınır. Amma həbslərsiz də bu məsələləri həll etmək olar. Bir neçə il əvvəl Prezidentin tövsiyyəsi oldu ki, həbs qətimkan tədbiri olmadan işə baxıla bilər. Ancaq bizdə məhkəmələr bunu etmirlər”. Q.Əlibəyli bildirdi ki, Aİ quruma üzvlük üçün də şərtlər diktə edir, lakin bəzi hallarda ölkələrin daxili işlərinə müdaxilə edilir. Bu mövzuda “Yeni Müsavat”a danışan AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, Aİ-Azərbaycan münasibətlərində yaranmış situasiya arzuolunan mənzərə deyil. Partiya sədri vurğuladı ki, bu münasibətlərin normallaşması lazımdır. “Bəzən Avropa İttifaqından gələn yanlış mesajlar, bəzən ikili standartlarla yanaşma nəticədə əlaqələrə mənfi təsir edir. Xarici İşlər Nazirliyi haqlı olaraq bildirir ki, bu çağırışlar ölkənin daxili işlərinə qarışmaq, istintaqın gedişinə müdaxilədir. Amma biz müşahidə edirik ki, seçki dövründə gərginliyi artırmaq istəyən qüvvələr var. Məqsəd Azərbaycanın uğurlarına kölgə salmaqdır. Onların əlindən bu fürsətləri almağa ehtiyac var. Fikrimcə, həbs edilən jurnalistlərin və fəalların barəsində qərar ev dustaqlığı ilə əvəzlənə bilər ki, müəyyən dərəcədə gərginliyin azalmasına səbəb olsun”, - deyə A.Əlizadə bildirdi. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti seçki dövrünü, həbs edilənlərin ictimai təhlükə yaratmadığını nəzərə alaraq, onları ev dustaqlığına buraxa bilər: “Bununla da təzyiqlərin aradan qalxmasına nail, məkrli siyasət yürüdənlərin planlarını isə önləmiş olarıq”.  

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR