Onlayn ictimai-siyasi qəzet
Qurum son bəyanatında insan haqlarına görə tutulanların azad olunmadığını tənqid edib, Azərbaycanın COP29-a sədrliyini siyasi motivlərlə kölgələməyə çalışıb - sərt reaksiyalar
Mayın 29-da Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibi Azərbaycanda əfv aktı ilə bağlı bəyanat verib. “Yeni Müsavat” bildirir ki, mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb.
Aİ yaydığı bəyanatda açıqlayıb ki, keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib. “Avropa İttifaqı Azərbaycanın əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmaqda davam edir. Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfransının (COP29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır”, - deyə Aİ vurğulayıb.
Aİ bəyan edib ki, bu, həm də 2021-ci ilin dekabrında “Şərq Tərəfdaşlığı” sammiti bəyannaməsində təkrarlandığı kimi, Azərbaycanın “Şərq Tərəfdaşlığı”nın üzvü kimi öhdəliklərinə uyğundur: “Avropa İttifaqı Azərbaycanda bütün insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla, əməkdaşlığımızın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir”.
“Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən səsləndirilən qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının bəyanatına dair şərhində bildirilib.
“Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir. Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir”, - XİN rəsmisi qeyd edib.
“Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur. Eyni zamanda Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir. Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır”, - mətbuat katibi vurğulayıb.
Elman Nəsirov
Hakim partiyadan deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı daha bizi təəccübləndirmir: “Bəlkə də nə zamansa düşünürdük ki, bu qurum obyektivdir, Qərb dəyərlərinə hörmət edir, amma reallıqda başqa vəziyyətə şahid oluruq. Söhbət qurumun qərəzli bəyanatlar, ittihamlar səsləndirməsindən gedir. Sadəcə, onlar ayrı-ayrı ölkələrin siyasətinə təzyiq etmək üçün insan hüquqları məsələsini qabardırlar. Onların məqsədi iqtidara təzyiq etmək, iqtidarla xalq arasında problem yaratmaqdır. Avropa İttifaqı bu dəfə də köhnə ampluasındadır”.
E.Nəsirov vurğuladı ki, əfv sərəncamı ilə 154 nəfər azadlığa çıxıb, amma yenə də qərəz, ikili standartlar öz təsirini göstərir: "Əvvəla, lupa ilə siyasi məhbus axtarırlar. Axı bizdə siyasi dustaq yoxdur. Bu, "qaranlıq otaqda qara pişik axtarmağa" oxşayır. Azərbaycanda siyasi baxışına görə heç kəs təqib olunmur. Müxalifət nümayəndələrindən həbs edilənlər ola bilər, amma onlar siyasi fəaliyyətinə görə deyil, əməlində cinayət tərkibi olan şəxslərdir. Sadəcə, görürlər ki, onların həbsi labüddür, siyasi don geyindirməyə, hakimiyyət əleyhinə ittihamlar səsləndirməyə başlayırlar. Bunlar hoqqabazlıqdır, cinayət əməllərini ört-basdır etmək cəhdləridir. Bunu da Brüssel əldə bayraq tutub bəyanatlar səsləndirir". Onun fikrincə, ümumiyyətlə, Azərbaycan Aİ üzvü deyil və heç kəs bizimlə təhdid dilində danışa bilməz: “Biz demokratik ölkəyik, azad mətbuat var, 80 faiz insan internet istifadəçisidir, senzura çoxdan ləğv olunub və bu cür açıqlamalar Avropa İttifaqına başucalığı gətirmir”.
Çingiz Qənizadə
Aİ-nin bəyanatını şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, qurumun açıqlaması qərəzlidir və həqiqəti əks etdirmir. Onun sözlərinə görə, əvvəla, kimliyindən asılı olmayaraq azadlıqdan məhrum edilmiş şəxslərin əfv edilməsi alqışlanmalıdır, çünki humanist addımdır: “İkincisi, ölkədə siyasi məhbus yoxdur. Prosessual hüquqları pozula bilən insanlar var və olub. Bundan ötrü təqsirləndirilənlərin vəkilləri də kifayət qədər onları müdafiə edə bilirlər və pozulmuş hüquqlarının bərpası üçün real imkanlar var. O baxımdan siyasi məhkumdan söhbət gedə bilməz. Eyni zamanda Avropa Şurasının özü belə "siyasi dustaq" ifadəsinin kriteriyalarını müəyyən edə bilməyib".
Ç.Qənizadə qeyd etdi ki, təkcə əfv olunan insanların - 154 nəfərin sevindiyini deyə bilmərik, eləcə də onların ailə üzvləri, yaxınları, qohumları, dostları üçün müjdədir: “Ümumilikdə, əfv sərəncamına sevinən insanların sayı minlərlədir. Ona görə də mən Avropa İttifaqının bəyanatını yersiz sayıram. Bundan əlavə, hüquq-müdafiə təşkilatları olaraq həmişə əfv fərmanlarını alqışlamışıq. Avropa İttifaqına bu qərəzli mövqeni qətiyyən yaraşdırmıram. Görünür, Azərbaycanın torpaqlarını azad etməsi, ermənilərin dağıtdıqları əraziləri bərpa etməsi xoşlarına gəlməyib və hər dəfə bunu hiss etdirirlər”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ