Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Ramin Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Kənd İnkişafına Dəstək İctimai Birliyinə qarşı külli miqdarda mənimsəmədə, vəzifə saxtakarlığında ittiham olunur.
İttihama görə, Ramin Məmmədov regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib. Bu layihə çərçivəsində 423 min avro qrant alıb. Həmin məbləğlə Goranboy, Tovuz, Ağstafa, Şəmkir və digər rayonlarda kənd təsərrüfatının inkişafı üçün təlimlərin keçirilməsi və bu yöndə başqa addımların atılması nəzərdə tutulub.
Ramin Məmmədov təlimlərin keçirilməsi barədə yalan məlumatlar daxil etməklə bilə-bilə vəzifə saxtakarlığı törədib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, ona əmanət edilmiş 364 min manat məbləği mənimsəməkdə ittiham olunub.
Təqsirləndirilən Ramin Məmmədov elan olunan ittihamla özünü təqsirli bilməyib. İstintaq orqanı tərəfindən Ramin Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) və 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Kənd İnkişafına Dəstək İctimai Birliyi tanınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ