İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Azərbaycana görə yeni qurum yaratdı - hədəf

Brüssel genişlənmə və Şərq Tərəfdaşlığı məsələləri üçün xüsusi struktur yaradıb; Fikrət Yusifov: “Qərb qərəzli mövqeyindən əl çəkərsə...”

Avropa İttifaqı genişlənmə və Şərq Tərəfdaşlığı məsələləri üçün xüsusi struktur yaradıb. Brüsseldən verilən rəsmi açıqlamaya görə, fevralın 1-dən Avropa Komissiyası çərçivəsində Aİ-nin genişlənməsi prosesi, namizəd ölkələrlə üzvlük danışıqları və potensial namizədlərlə dialoqa cavabdeh olacaq Genişlənmə və Şərq Tərəfdaşlığı üzrə Baş Direktorluq (DG ENEST) işə başlayıb.

“Bu struktur həm də Aİ-nin genişlənmə üzrə tərəfdaşlarına, eləcə də Ermənistan, Azərbaycan və Belarus kimi Şərq Tərəfdaşlığı ölkələrinə maliyyə və texniki yardımın əsas hissəsini idarə edəcək. Bundan əlavə, DG ENEST Ukraynaya davamlı dəstək verəcək, onun reabilitasiyası və yenidən qurulması üzrə işlərini davam etdirəcək və Ukrayna Donor Platformasına ev sahibliyi edəcək”, - məlumatda qeyd olunur (Haqqin.az).

Baş direktorluğun yaradılması planları ilk dəfə 2024-cü ilin sentyabrında Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen tərəfindən Komissarlar Kollecinə təqdimatda elan edilib. Avropa Komissiyasının məsələ ilə bağlı rəsmi qərarı isə 2024-cü ilin dekabrında verilib. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos vurğulayıb ki, Avropada sülh, azadlıq və firavanlıq Avropa İttifaqından, onun gücündən və miqyasından asılıdır. “Bu, bizim genişlənmə siyasətimizin mahiyyətidir”, - Avropa komissarı izah edib.

Qeyd edək ki, Avropa Komissiyası - Avropa İttifaqının siyasətinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayıb parlament və şuraya təqdim edir. Sədri Ursula fon der Lyeyendir. Yeni qurumun Azərbaycan üçün önəmi nə ola bilər?

fikret.jpeg (167 KB)

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Qərbə bel bağlamaması onun haqqıdır: “Əgər Avropa İttifaqı Azərbaycana qarşı ikili standartlara söykənən qərəzli mövqeyindən əl çəkərsə və Aİ-nın aparıcı dövlətlərindən biri olan Fransa Azərbaycanla münasibətlərinin nizama salınması yolunda real addımlar atarsa, bu halda birliyin gözlənilən genişlənməsi digər namizəd və potensial namizəd ölkələrlə birlikdə Azərbaycan tərəfindən də normal qarşılana bilər. Çox təəssüflər olsun ki, otuz il ərzində nə Avropa İttifaqı, nə də ABŞ torpaqlarımızın işğalı, insanlarımızın yurd-yuvasından qovulması və bir çox yaşayış məntəqələrimizdə erməni-rus birləşmələrinin qətliamlar törətmələri ilə bağlı ortaya obyektiv bir münasibət qoya bilmədilər. İnsan gördüyünə inanır. Dövlətlər də belədir. Biz Azərbaycan dövləti olaraq bu illər ərzində Qərb tərəfindən haqqımızın tapdalanmasını, işğalçı Ermənistanın isə hər vəchlə müdafiə olunmasını gördük. Qərbin bu eybəcər siyasəti bu gün də davam edir. Bu səbəbdən Qərbə bel bağlamamaq bizim haqqımızdır”.

F.Yusifov bildirdi ki, Qərb bu haqqı bizə öz əməlləri ilə təqdim edib: “İndi hər şey yenə də Qərbin baxışlarının bundan sonra necə olacağından asılıdır. Qərb Azərbaycanın haqqını lazım olan səviyyədə müdafiə edərsə, biz nədən Avropa İttifaqına üzv olmağa cəhd etməyək? Yox, əgər Qərb demokratiya, söz və insan azadlığı kimi dəyərlərdən bir alət kimi istifadə edərək Azərbaycanı öz təsirinə salmağı hədəfləyirsə, o halda biz nədən ona tərəf getməliyik? Biz müstəqil dövlət olaraq heç kimdən asılı vəziyyətə düşmək istəmirik! Müstəqil dövlət olaraq bu bizim normal haqqımızdır”.

Həmsöhbətimiz təəssüf edir ki, bu günə qədər biz Qərbdən haqqında danışdığımız dəyərlərdən təsir aləti kimi istifadə edildiyini gördük: “Bu günə qədər gördüklərimiz Qərbin haqsız olaraq haqqımıza girməsi oldu. O səbəbdən indi Azərbaycanla münasibətlərin normallaşması Avropa İttifaqından, bu İttifaqın əsas dayaqlarından biri olan Almaniyadan və xüsusən də Fransadan asılıdır. Lakin nə qədər ki, Avropa İttifaqının əsas dayaqlarından biri olan Fransanın başında siyasi cılız, səriştəsiz idarəçi Emmanuel Makron kimi ermənipərəst biri dayanır, Azərbaycanla Aİ-nın münasibətlərində normallaşmanın baş tutacağı bir o qədər inandırıcı görünmür. Makronun baxışlarının dəyişəcəyi isə inandırıcı deyil, adam erməniləri onların özlərindən daha çox sevir. Deməli, Azərbaycanla Fransa arasında münasibətlərin normallaşması yalnız post Makron dövründə mümkün ola bilər, təbii ki, Fransada dövlətin başına peşəkar, ağıllı və uzaqgörən bir siyasətçi gələrsə...”

SONA SON.jpg (56 KB)

Siyasi təhlilçi Sona Əliyeva Avropanın Cənubi Qafqaz siyasətini Azərbaycanın puça çıxarması ilə hələ də barışılmadığını diqqətlə çatdırdı: “Avropa İttifaqının Şərqə doğru genişlənmə ilə bağlı yaratdığı yeni qurum Azərbaycanın formalaşdırdığı yeni konfiqurasiyadan qaynaqlanır. Bakı indi bütün Qərblə özünəxas diqtə dili və üslubu ilə danışır. Təbii ki, Azərbaycanın balanslı və məsafəli siyasətinin bəhrəsidir. Avropanın 30 illik planlarını Cənubi Qafqazda suya düşürən də məhz Azərbaycandır. Təbii ki, Avropa bunu unutmur və qisasçılıq hissi ilə alışıb yanır. ABŞ-ın Cənubi Qafqazdakı missioner və ”narıncı" təşkilatları Azərbaycanda fəaliyyətini dayandırdıqdan sonra Birləşmiş Ştatlar USAİD-in fəaliyyətini demək olar ki, blokladı. Ötən illərin həqiqi təcrübəsi sübut edir ki, başda USAİD olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları vətəndaş cəmiyyəti strukturuna yeni nəfəs gətirmədi".

S.Əliyeva vurğuladı ki, onların inkişafına təkan verməkdən daha çox siyasi proseslərə pozucu müdaxilə etdi: “Cəmiyyəti yanlış tərəfə istiqamətləndirməklə, ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmaqla bütövlükdə olduqca təhlükəli və məkrli hədəflərə xidmət edən dövlətçilik prinsiplərini, bu sarsılmaz həlqənin zəncirlərini zəiflətmək məqsədi güddülər. Məhz ilk olaraq Bakı USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş göndərdi. Daha sonra Tramp administrasiyası bu qurumun fəaliyyətini gözdən keçirdi. Oradakı müstəqil və özbaşına idarətməni sonlandırdı. USAİD və bu kimi təşkilatları ABŞ öz qınına çəkərək dövlətin qanadları altına aldı. Avropa İttifaqı indi yaranmış boşluğu yenidən doldurmağa çalışır. Əgər Avropa İttifaqı Azərbaycanla qonşuluq siyasətini və əməkdaşlığı davam etdirmək istəyirsə, o zaman Bakıya qarşı ikili standartlarından, bəzi hallarda düşmənçilik mövqeyindən əl çəkməlidir. Bunun üçün birinci növbədə Avropa Şurası Parlament Assambleyasındakı üzvlüyümüz bərpa olunmalıdır. Bunun üçün Avropa İttifaqı və Avropa Parlamenti əməli addımlarla yadda qalmalıdır. Ölkəmizə qarşı təzyiqləri dayandırmalıdır. Başda Fransa və Yunanıstan olmaqla, bir sıra dairələr Ermənistanı silahlandırmaqdan əl çəkməlidir”.

Ekspert dedi ki, belə olan halda Bakı Brüssellə işləməyə davam edəcək: “İndi Avropada da yaxşı anlayırlar ki, Cənubi Qafqazın açarı Azərbaycandır. Qərb Tiflis və İrəvanda ona görə möhkəmlənə bilmədi ki, Bakı ilə münasibətlərinə barmaqarası baxdı. İndi bunun cəzasını bütün Avropa çəkir. Qərbi Avropadan fərqli olaraq Şərqi Avropa Azərbaycanın dəyərini və çəkisini yaxşı dərk edir. Ona görə də Azərbaycanla əməkdaşlıqda canfəşanlıq göstərirlər. Şərq Tərəfdaşlığı üzrə Baş Direktorluq adlandırılan yeni təşkilatın uğurlu başlanğıc götürməsi üçün Avropa İttifaqı Ermənistanla sərhədimizə göndərilən "təqaüdçü müşahidəçilərini" geri çəkməlidir. Bizimlə xoş ünsiyyət və dialoqun yeni yol xəritəsini hazırlamalıdır. Ancaq bu halda biz qoca qitə ilə qonşuluq siyasətimizə yenidən baxa bilərik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR