İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi qorxunc "savaş planı" qurur: "Qoca qitə"nin xilası üçün NATO Rusiyanı vurmağa məcbur buraxılır

Avropa Birliyinin Ukraynaya hərbi yardımları davam etdirmək qərarı və sülhməramlı kontingent ideyası yaxın gələcəkdə NATO və Rusiya arasında birbaşa hərbi toqquşma təhlükəsini artırır, çünki Avropa Birliyi ölkələrinin mütləq əksəriyyəti NATO üzvüdür... Əgər, Kreml Avropa sülhməramlı kontingentinə hərbi zərbə endirmək qərarı verərsə, bu, NATO-ya birbaşa hücum anlamı daşıyacaq, nəticədə hərbi-siyasi alyansın Rusiya ilə savaşa açıq şəkildə müdaxilə etməsinin qaçılmaz olacağı ehtimalı edilir...

Ukrayna böhranı ətrafında yaranmış situasiya kollektiv Qərbin demək olar ki, tamamilə parçalanmasına səbəb olub. ABŞ prezidenti Donald Tramp "Ukrayna planı" ilə Rusiya əleyhinə beynəlxalq koalisiyanı iflic vəziyyətinə salıb. İndi bu qlobal düşərgənin daxilində dərin siyasi ziddiyyətlər mövcuddur. Ən əsası isə bu ziddiyyətlər kollektiv Qərb üçün bütün istiqamətlər üzrə olduqca ciddi böhtan vəd edir. Və artıq bu təhlükəli böhran mərhələsinin ilkin əlamətləri də müşahidə olunur.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp ABŞ-ın kollektiv Qərbdən maksimum səviyyədə uzaqlaşdırmağa nail olub. Hər halda, indi bu qlobal düşərgədə ABŞ əvvəlki dövrlərdən fərqli olaraq, əvəzolunmaz və avanqard strateji müttəfiq hesab edilmir. Əksinə, Rusiyaya daha sərfəli olan ABŞ-ın indiki mövqeyi Qərb siyasi dairələrində ənənəvi dünya düzəninə ən ciddi təhlükə kimi qəbul edilir. Və bu baxımdan, Qərbdə, xüsusilə də, Avropa Birliyi məkanında ABŞ indi müttəfiq deyil, real təhlükə qaymağına çevrilmiş rəqib sayılır.

0a54be708954bc5ca5185e6cc2c05c0a.jpg (42 KB)

Məsələ ondadır ki, ABŞ NATO-nun əsas strateji təhlükəsizlik məkanı hesab olunan "qoca qitə"ni açıq və ya dolayısı təhdidlərlə qarşı-qarşıya qoyub. İndi Avropa Birliyi ölkələri Ukrayna savaşından sonra "qoca qitə"ni necə qoruyacaqları barədə düşünmək məcburiyyətində qalıblar. Hər halda, Avropa ölkələri üçün həyati əhəmiyyət daşıyan və onilliklər boyu effektiv olan qlobal təhlükəsizlik sistemi artıq iflasa uğramağa başlayıb. Və hələlik buna etibarlı alternativ də yaradılmayıb.

Ona görə də, Qərbdə belə qənaətlər mövcuddur ki, əgər, Ukrayna savaşı Tramp-Putin sövdələşməsinə uyğun dayandırılarsa və yaxud uzadılma prinsipi ilə atəşkəs elan olunarsa, bu, Rusiyanın yenidən gücləndirilməsinə münbit şərait yarada bilər. Yəni, Kreml sülhdən və ya atəşkəsdən Rusiya ordusunun itkilərini bərpa edib, yeni müharibə üçün hazırlıq məqsədilə yararlanmağa çalışacağ. Və təxminən atəşkəsdən iki il sonra Rusiya ordusu Avropa Birliyi məkanına hərbi təcavüz üçün böyük ölçüdə hazır olacaq.

Avropa Birliyinin isə belə qısa müddət ərzində öz hərbi təhlükəsizlik potensialını bu təcavüzə müqavimət səviyyəsinə çatdırmaq imkanından uzaqdır. Hətta bu məqsəd üçün ayrılmış 800 milyard avroluq hərbi kredit məbləği də buna təminat vermir. Bəzi hesablamalara görə, əgər, bütün proses uğurlu gedərsə, Avropa Birliyi ölkələri ən yaxşı halda, təxminən 5-7 ildən sonra Rusiyaya müqavimət potensialı qazana bilərlər. Və Kremlin Avropa Birliyinə belə şans tanıyacağına Qərbdə o qədər də əmin deyillər.

938fdd61b9fa6bd7eb233783dd3edf58.jpg (89 KB)

Üstəlik, Avropa Birliyi üçün hazırda yeganə "təhlükəsizlik çətiri" rolunu oynayan NATO-nun başının üzərində dolaşan "qara buludlar" da "qoca qitə"nin keçmək məcburiyyətində qala biləcəyi "qaranlıq tunel"in o qədər də uzaqda olmadığını biruzə verir. Çünki Ağ Ev sahibi Donald Tramp ABŞ-ın həm də NATO-nu tərk etməsinin əsas ideya müəllifi rolunda çıxış edir. Əgər, bu, baş verərsə, NATO Avropa Birliyi üçün "təhlükəsizlik çətiri" effektini böyük ölçüdə itirə bilər. Və bu, indi "qoca qitə"də çaşqınlıq qarışıq xof yaradan əsas təhlükəsizlik boşluğu ehtimalıdır.

Ona görə də, ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıtması artıq Avropa Birliyi ölkələrini qarşıdakı dörd il ərzində transatlantik ittifaqın parçalanmasının qarşısını almaq yolları barədə düşünməyə vadar edib. Eyni zamanda, "Bloomberg" agentliyinin yazdığına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin davranışları Ağ Ev ilə Avropa məkanının münasibətlərinin daimi olaraq, pisləşə biləcəyi ilə bağlı narahatlıqları daha da artırır. Və bu, paralel təhlükə qaynağı hesab olunur.

Agentliyin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhendə çıxış etdikdən sonra Avropa Birliyi rəsmilərinin gözündə əsas müxalif fiqura çevrilib. Qərbi Avropadan olan bir diplomata görə, vitse-prezident C.D.Vensin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı onu “Avropa əleyhinə siyasətçi, prezident Donald Trampdan daha təhlükəli” fiqur kimi tanıtdı. Çünki Münhen Təhlükəsizlik Konfransında vitse-prezident C.D. Vens Avropa Birliyini senzura mövzusunda sərt tənqid etmişdi. O, Avropanın “ABŞ üçün faydasız” olduğunu da vurğulamışdı.

1474007584_1.jpg (69 KB)

Ona görə də, Kremlin də iddia etdiyi kimi, Avropa Birliyi Ukrayna savaşının dayandırılması cəhdlərini bütün mümkün variantlar üzrə bloklamağa çalışır. Bu quruma daxil olan dövlətlərin Ukraynaya hərbi yardımları ABŞ-ın iştirakı olmadan belə, davam etdirmək qərarı məhz bu məqsədə xidmət edir. Üstəlik, Avropa Birliyi ölkələri Ukraynaya sülhməramlı hərbi kontingent göndərilməsində də israrlı mövqe tutur. Halbuki, Rusiya bunu yolverilməz hesab etməklə yanaşı, belə bir addıma dərhal hərbi reaksiya veriləcəyini qabardır.

Bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin Ukraynaya hərbi yardımları davam etdirmək qərarı və sülhməramlı kontingent ideyası yaxın gələcəkdə NATO və Rusiya arasında birbaşa hərbi toqquşma təhlükəsini artırır. Çünki Avropa Birliyi ölkələrinin mütləq əksəriyyəti NATO üzvüdür. Əgər, Rusiya Avropa sülhməramlı kontingentinə hərbi zərbə endirərsə, bu, NATO-ya hücum anlamı daşıyacaq. Bu halda, NATO-nun Rusiya ilə savaşa birbaşa müdaxilə etməsi qaçılmaz olacağı ehtimalı edilir. Və bəzi iddialara görə, Fransa başda olmaqla, Avropa Birliyi məhz "Tramp-Putin sövdələşməsi"nin pozulması üçün NATO-Rusiya hərbi toqquşmasını ən optimal variant hesab edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR