Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Pley-offda daha gərgin matçlar görəcək, daha gözlənilməz nəticələrə şahidlik edəcəyik”
İyunun 15-dən iyulun 15-dək sürəcək futbol üzrə Avropa Çempionatının ilk on günü arxada qaldı. Təbii ki, daha həlledici oyunlar yaxınlaşdıqca futbol həyəcanı da artır. Artıq A qrupunda çoxsaylı suallar öz cavabını tapıb. Turnirə ev sahibliyi edən Almaniya millisi qrupu 7 xalla başa vuraraq, 1/8 finala vəsiqə qazanıb. Almanların ardınca bu mərhələyə çıxan ikinci kollektiv İsveçrə millisi olub. Qrupun digər oyununda Macarıstan son saniyə qolu ilə Şotlandiyanı məğlub edib ən yaxşı qrup üçüncülərindən biri olmaq üçün digər qruplardakı oyunların nəticələrini gözləməyə başlayıb.
Çempionatın B qrupunda isə qəzet çapa gedərkən Xorvatiya-İtaliya və İspaniya-Albaniya oyunu keçirilirdi. Bu qarşılaşmalara da maraq kifayət qədər böyük idi. Belə ki, İspaniya qrup lideri kimi 1/8 final mərhələsinə çıxmağı qarantiləmişdi. Aktivində 3 xalı olan İtaliyaya Xorvatiya qarşısında bir xal kifayət edirdi ki, İspaniyanın ardınca qrup ikincisi kimi üst mərhələyə çıxsınlar. Xorvatlar isə 1 xala sahib idilər və hökmən qalib gəlməli idilər. Qrupda digər bir xala sahib milli isə Albaniya idi. Onlar da nə qədər möcüzəli görünsə də, ispanları udmalı idilər. Bir xal qazanacaqları təqdirdə, Xorvatiyanın isə məğlub olacağı, yaxud bir xal qazanacağı halda albanlar qrup üçüncülüyü şansını qazanırdılar. Gecə saatlarında oyunlar baş tutduğu üçün yekun nəticələr barədə məlumat verə bilmədik.
Qeyd edək ki, çempionat başlayan ilk gündən azərbaycanlı azarkeşlərin əsas diqqəti F qrupuna yönəlmişdi. Çünki bizə qardaş ölkə sayılan Türkiyə yığması bu qrupda mübarizə aparır.
Təəssüflər olsun ki, ümid bəslədiyimiz Türkiyə millisi yarışmanın ikinci (qrup) matçında büdrədi. İlk oyunda Gürcüstanı məğlub edərək, hər kəsi sevindirən ay-ulduzlular növbəti oyunda Portuqaliya yığmasına (3-0) böyük hesabla uduzdu. Bu da azarkeşlərdə həm xəyal qırıqlığı, həm qəzəb hissi yaratdı. Xüsusilə türkiyəli baş məşqçi Vinçenzo Montellanın dünya ulduzu Ronaldonun lideri olduğu Portuqaliya millisi qarşısına çıxardığı heyət ciddi tənqid olunur.
Türkiyə növbəti, davam ya tamam oyununa iyunun 26-da çıxacaq. Rəqib qrupda bir xala sahib Çexiya kollektividir. Qardaş ölkəyə bir xal da qrup ikincisi kimi çıxmağa yetir. Aktivində bir xalı olan çexlərə isə hökmən qalibiyyət lazımdır. Gürcülərin işi isə olduqca çətin görünür.
Qardaş ölkənin növbəti mərhələyə çıxma şansı necə qiymətləndirilir? Çıxsa, hara qədər gedə biləcək? Ümumiyyətlə, ilk 10 gün nəyi göstərdi, favoritlər dəqiqləşdimi?
Aqil Abbas
Futbola yaxından maraq göstərən, deputat Aqil Abbas Türkiyə millisini Azərbaycan millisinə bənzətdi: “Hələ də bu çempionatın favoriti Almaniyanı görürəm. Təbii ki, İsveçrənin də tərəfini tuturam, o da baş məşqçi Murad Yakına görə. Amma dediyim kimi, favorit almanları görürəm. Türkiyə millisinə gəlincə, bu komanda baş məşqçisiz oynayırdı. Məhlə futbolu oynadılar. Futbolçular öz ürəkləri ilə oynayırdı. Baş məşqçinin nə strategiyası, nə də taktikası var idi. Heç bir futbolçunun üzərində oyun qurmamışdı. Arda Gülər, Hakan Çalhanoğlu və Kənan Yıldız, bu üç futbolçu nə edə bilərdi? Arda Güləri oyuna buraxmısan, bu futbolçuya top vermək lazımdır. Amma bu futbolçu arxaya qayıdıb top gətirirdi. Futbolçu top daşıyan deyil ki. Ona top daşımalıdırlar, o da oynamalıdır. Türkiyənin, açığı, uğurlu nəticə qazanacağına inanmıram. Tutaq ki, Çexiya ilə oyunda uğur qazanıb, 1/8-ə çıxdılar, nə olacaq? Siz doğru deyirsiz, 2008-ci ildə də bu turnirə belə başlamışdılar, amma ciddi uğur qazandılar. Unutmayaq ki, o komanda tamam fərqli idi. O oyunların hamısını izləmişəm. Sadəcə, bəxtləri o zaman Almaniya qarşısında gətirmədi. Final oynaya bilərdilər. Amma o milli başqa idi. İndiki Türkiyə millisi Azərbaycan millisinə bənzəyir”.
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı qardaş ölkənin çox da irəli getməyəcəyini düşünür: “Çox təəssüf ki, Türkiyə yığması ilə bağlı proqnozlarımız Portuqaliya ilə oyunda doğruldu. Bu qarşılaşma göstərdi ki, Türkiyə yığması böyük turnirlər üçün yetişməyib. Komandanın baş məşqçisinin kim olmasından asılı olmayaraq, türk futbolçuları komanda oyununa, nizam-intizama alışdırmaq mümkün deyil. Az qala bütün komanda ilə hücum edirlər, amma müdafiəyə qayıtmaq haqda düşünmürlər. Müasir futbolda belə oynayan komandanın nəsibi fiaskodur. Türkiyə yığmasının şansı öz əlindədir. Çexiya ilə oyunda heç olmasa bir xal qazansalar, qrupdan çıxacaqlar. Amma bundan sonra necə olacaq? Güman ki, elə 1/8 finalda da mübarizəni dayandıracaqlar. Ümumi turnirə gəldikdə isə çempionatdan əvvəlki proqnozlar doğrulur. Avro-2024-ün əsas favoritləri İspaniya, Fransa, Almaniya, İngiltərə və Portuqaliyadır. Amma bu komandalar fərqli oyun taktikası seçiblər. Almaniya və İspaniya, qismən də Portuqaliya yaradıcı futbola üstünlük verir, Fransa və İngiltərə isə nəticəyə hesablanmış oyuna. Böyük ehtimalla, 1/4 finalda artıq bu komandalar bir-birilərinə rəqib olacaq. Yaradıcı futbolla nəticəyə hesablanmış futbolun mübarizəsi başlayacaq. Təbii ki, azarkeşlər birincilərin tərəfində olacaqlar. Amma ikincilərin də qalib gəlmək şansı var. Tarixdə dəfələrlə şahidi olmuşuq nəticəyə oynayan komandaların çempion olmasına. İtaliya, Yunanıstan kimi komandalar antifutbolla Avropa çempionu olublar. Ancaq indi onların hansı futbolu sərgilədiyi müzakirə mövzusu deyil. Tarixdə nəticə qalır. Böyük komandaların heyətində olan yüksək səviyyəli futbolçular məşqçilərin istənilən tapşırığını icra etməyə qadirdirlər. Türkiyə yığmasında çatışmayan amil də məhz budur. Heyətdə istedadlı futbolçular var, amma mentalitet, çılğınlıq müdafiə olunmağı sanki qəbul etmir. Türkiyə yığmasının müdafiə xəttində əsl başıpozuqluq yaranır, rəqibin hücumu zamanı. Deməli, uğur qazanmaq üçün düşüncə, mentalitet dəyişməlidir. Uğura gedən yol soyuqqanlı yanaşmadan keçir. Avropa çempionatının əsas favoritləri olan komandaların hər birində soyuqqanlı davranış müşahidə edilir. Türkiyə ya dəyişəcək, ya da böyük turnirlərdə uğursuzluq əbədi olacaq”.
Kənan Məstəliyev
Futbol mütəxəssisi Kənan Məstəliyev isə fərqli düşünür. O, Türkiyənin baş məşqçisinin Portuqaliya ilə oyunda çıxardığı heyəti məntiqli sayır: “Türkiyənin qrupdan çıxacağına şübhə etmirəm. Bunun üçün potensialları yetərincədir. Ulduz futbolçuları var, çox istedadlıdırlar, ad-ad götürəndə çox yaxşıdırlar, amma komanda kimi problemləri var. Üstəlik, müdafiə xəttində çox boşluqlar verərək məğlubiyyətə birbaşa yol açırlar. Gürcüstanla qarşılamada görmüşdük, Portuqaliya ilə matçda bütün bunlara bir daha şahidlik etdik. Bəli, Montellanın bilərəkdən "ikinci" heyəti oynatdığı, bəzi ulduzlara istirahət verdiyi göründü. Bunu məntiqli hesab etmək olar. Çünki hazırda türklər Portuqaliyaya rəqib olacaq gücdə deyillər və onsuz da məğlub olacaqdılar. Ona görə də gücü qorumaq lazım idi. Amma bu qədər bərbad oyunla da yox. Türkiyə tamamilə gücsüz, qeyri-effektiv futbol oynadı, fərdi səhvlərin çoxluğundan əziyyət çəkdi. Bu siyahını uzatmaq olar, amma qısa desək, çox üzücü bir komanda gördük. Ümid edək ki, Çexiya ilə matçda fərqli Türkiyə görəcəyik. Nəzərə alsaq ki, qardaş ölkəyə 1 xal da bəs edir, şanslar çox yüksəkdir. Amma bu baş versə belə perspektiv yaxşı deyil. Növbəti mərhələdən ilk rəqib ya Fransa, ya da İngiltərə ola bilər ki, onlar da turnirin şəksiz favoritləridir. “Ay-ulduzlular”ın düşərgəsində ruh düşkünlüyü, böyük təzyiq və gərginlik olduğunu da nəzərə almalıyıq. Vinçenzo Montella qısa zamanda komandanı psixoloji olaraq toparlamasa, qrupdan çıxmağın özü belə uğur sayılacaq. Qeyd olunan nəhənglərə qarşı Türkiyənin şansları hazırda çox aşağıdır. Ümumilikdə turnirin favoritlərinə gəlincə, ingilislər və fransızlara Portuqaliya və İspaniya da qoşulub. Dünənki xal itkisinə rəğmən Almaniya da yaxşı görünür. Bu 5 komanda yarımfinalda oynamağa əsas namizədlər, iddiaçılardır. Güclülərin bəziləri iddiasını öncədən, bəziləri turnirin gedişatında ortaya qoyur. Eyni zamanda İsveçrə göstərdi ki, Avropa çempionatında hamı ilə başa-baş oynaya, qalib də gələ bilər. Əsas odur ki, çox maraqlı çempionat izləyirik, həm də bunun baxımlı futbolla müşayiət olunması sevincdiricidir. Avropa çempionatı həmişə güclü, bərabər güclü komandaların olduğu, heç kimin asan təslim olmadığı bir turnir olub, bu dəfə də belədir. Düşünürəm ki, pley-offda daha gərgin matçlar görəcək, daha gözlənilməz nəticələrə şahidlik edəcəyik".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ