Onlayn ictimai-siyasi qəzet
Başqa bir ölkənin sərnişin təyyarəsini vurmaq, məsuliyyəti boynuna götürməmək, hətta zeytun yağı kimi üzə çıxaraq, zərərçəkən tərəfi günahlandırmaq, özünü böhtana məruz qalmış kimi aparmaq Kremlin son 50 illik tarixində dəfələrlə olub.
Belə hadisələrdən ən qalmaqallısı 1983-cü il sentyabrın 1-nə keçən gecə Rusiyaya məxsus Saxalin adası üzərində baş verib. Sovet qırıcıları Cənubi Koreyaya məxsus “Boeing 747” təyyarəsini vurublar, nəticədə təyyarədə olan 269 nəfərin hamısı həlak olub. O zaman bu, dünyanın 15-ci ən böyük aviasiya qəzası olub.
Təyyarə Nyu-York-Ankoric-Seul marşrutu üzrə uçurmuş və Sakit okeanın neytral suları üzərində uçmalı imiş, lakin naməlum səbəbdən təyyarə təyin olunmuş kursdan sağa meyllənib. Bir müddət sonra təyyarə SSRİ-nin qapalı hava məkanına daxil olub, Kamçatka və Saxalin adasının üzərindən uçub. Orada isə SSRİ hərbi hava qüvvələrinin “Su-15TM” qırıcısının raketinə tuş gəlib.
SSRİ tərəfi bildirib ki, vurulan təyyarə öz kursundan 500 kilometrdən çox kənara çıxıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) araşdırmasına görə, 007 saylı reysin uçuş yolundan kənara çıxmasının ən çox ehtimal olunan səbəbi pilotların avtopilotu düzgün qurmaması və cari koordinatları dəqiqləşdirmək üçün lazımi yoxlamalar aparmaması olub.
Bu aviaqəza, daha dəqiqi, aviaqəsd o dövrdə SSRİ ilə ABŞ arasında onsuz da gərgin olan münasibətlərin ciddi şəkildə kəskinləşməsinə səbəb olub.
Vululmuş təyyarənin qalıqlarının sudan çıxarılması
Sərnişin təyyarəsini vuran “Su-15”-in 1-ci dərəcəli pilotu, SSRİ hərbi hava qüvvələrinin polkovnik-leytenantı Gennadi Osipoviç sonradan öz xatirələrində qeyd edib ki, hava məkanını pozmuş təyyarənin hansı ölkəyə məxsus olduğunu müəyyən edə bilməyib. Bununla belə, Osipoviç qeyd edib ki, təyyarə sürətini 400 km/saata qədər azaldıb və sovet pilotu bunu aradan çıxmaq cəhdi kimi qəbul edib. Saat 18:24-də yerdən “təcavüzkar”ın məhv edilməsi əmri alınıb və Osipoviç 5 kilometr məsafədən hədəfə iki raket atıb. Birinci raket təyyarənin sol qanadının altından keçib, ikincisi quyruğun yanında partlayıb, hava gəmisinin idarəetmə sistemlərinə zərər verib. Zərbədən sonra layner yuxarı qalxıb, lakin sonra 1500 m/dəq. sürətlə enməyə başlayıb, necə deyərlər, kəllə-mayallaq olub. Hücumdan 4 dəqiqə sonra (saat 18:28-də) KE007 reysi, demək olar ki, səsdən iti sürətlə Tatar boğazı yaxınlığında dənizə düşüb və su ilə toqquşduqdan sonra tamamilə məhv olub.
Bu hadisə barədə Qərb mətbuatında geniş materiallar, o cümlədən stenoqramlar dərc edilsə də, özünü haqlı sayan sovet tərəfi heç bir stenoqram dərc etməyib, hadisənin bütün materialları məxfi saxlayıb. Aydın məsələdir ki, sovet tərəfi vurulan hədəfin sərnişin təyyarəsi olduğunu biləndən sonra cinayət törətdiklərini anlayıblar.
Tezliklə aydın olub ki, sərnişin təyyarəsinin vurulmasında Osipoviçlə yanaşı, kapitan Titovnin, polkovnik-leytenant Maistrenko, polkovnik-leytenant Gerasimenko, general Anatoli Kornukov da iştirak ediblər.
“Hədəfi məhv edin!” əmrini general Kornukov verib.
3 sentyabr 1983-cü ildə Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA-TASS) belə bir xəbər yayıb ki, sərhədi pozan təyyarə SSRİ-nin hava məkanını tərk edərək "radar ekranlarından itib". Ancaq daha sonra sovet rəhbərliyi təyyarənin vurulduğunu etiraf edib.
SSRİ Silahlı Qüvvələrinin baş qərargah rəisi, marşal Nikolay Oqarkov sentyabrın 9-da keçirdiyi mətbuat konfransında sərhəd pozuntusunun qəsdən törədildiyini və planlı kəşfiyyat hərəkəti olduğunu iddia edib və deyib ki, məqsəd ərazidə sovet hava hücumundan müdafiə sistemini öyrənməkdən ibarət olub. Marşal açıq-aşkar mülki təyyarənin ekipajını şərləyib.
Həmin vaxt Krımda istirahətdə olan SSRİ rəhbəri Yuri Andropov isə yerli vilayət rəhbərləri ilə söhbətində bildirib ki, əvvəlcə hava məkanının kəşfiyyat təyyarəsi tərəfindən pozulduğu güman edilib, lakin onun mülki təyyarə olduğu üzə çıxıb, çoxsaylı insan tələfatı olduğu məlum olub. Andropov o zaman belə bir ifadə işlədib: "Əlbəttə, həlak olanlara yazığım gəlir, amma hava hücumundan müdafiə xidmətimiz düzgün hərəkət edib".
Mövqeyə, məntiqə baxın: yanlışlıqla 269 adam öldürmüşük, amma düz eləmişik.
Sovet İttifaqının hərəkətləri ABŞ və Koreya respublikasında qəzəb və etiraz dalğası yaradıb (təyyarədə olanların bir xeylisi ABŞ vətəndaşları olub). ABŞ prezidenti Ronald Reyqan hadisəni “insanlığa qarşı cinayət” və “barbarlıq və qeyri-insani qəddarlıq aktı” adlandırıb.
Seulda minlərlə insan SSRİ-nin hərəkətlərinə qarşı etiraz və yürüşlərdə iştirak edib, sovet bayraqları yandırılıb, Andropov "qatil" adlandırılıb.
Kreml bu aviaqəsdə görə üzrü yanız 1990-cı ildə istəyib. Həmin ilin dekabrında Koreya Respublikasının prezidenti Ro De U Moskvaya səfər edəndə SSRİ prezidenti Mixail Qorbaçov 007 saylı təyyarənin vurulmasına görə Koreya tərəfdən rəsmi üzr istəyib.
Ona görə də Moskvanın ötən ayın 25-də Qroznı üzərində vurulan AZAL təyyarəsinə görə belə tezliklə üzr istəyəcəyini və kompensasiya ödəməyə razılaşacağını gözləmək olmaz. Kremldə belə ənənə yoxdur. Moskva sona qədər dirəşəcək, yüz bir bəhanə gətirəcək, münasibətləri gərginləşdirəcək, özünün və qarşı tərəfin başını ağrıdacaq, beynəlxalq arenada özünü rüsvay edəcək, yalnız illər keçəndən sonra bir quru üzrxahlıqla məsələni bitirəcək. Nə işdirsə, belə məsələlərdə rus başbilənlərin ağlı çevik işləmir, cəncəldən optimal çıxış yolunu tapa bilmirlər, ya hirs-hikkələri, ya da təkəbbürləri mane olur.
Rusiyanın törətdiyi daha bir aviaqəsd barədə sabahkı sayımızda yeni bir material olacaq.
Araz Altaylı, Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ