İnsanlara hürriyət, millətlərə istiqlal!

AVCİYA prezidenti:“Bu qətnamə AŞPA-nın məkrli anti-Azərbaycan siyasətinin davamıdır”

Elxan Süleymanov: “Qətnamənin 4-cü bəndi ilə tanış olduqda elə təsəvvür yaranır ki, AŞPA son üç il ərzində dərin qış yuxusunda olub və ...”

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, AŞPA-dakı nümayəndə heyətimizin üzvü olmuş Elxan Süleymanov adıçəkilən qurumun ölkəmizə qarşı qərəzli qətnaməsini şərh edib. O, AŞPA-nın qətnaməsinin tam qərəzli bir sənəd olmasını faktlarla əsaslandırıb.
Musavat.com onun məqaləsini təqdim edir:

                                                  **** 
Avropa Şurasının məlum qətnaməsini oxuduqdan sonra onu sakit və təbii qəbul etdim. Çünki Avropa Şurasında üzv olduğum 9 il müddətdə bu qurumun Azərbaycana qarşı olan məkrli siyasəti gözümün önündə canlandı. Apardığım mübarizələrə görə mənə sifarişli 4 illik həbs cəzası və 60 dan çox Avropa Şurasının Deputatlarının məcburi istefaya göndərilməsi bu qurumun Azərbaycana qarşı olan haqsızlıqlarını, təşkilatlanmış hücumlarını bir daha xatırlatdı.
Ona görə də bu məqaləni təqdim etmək qərarına gəldim.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabr ayında “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnmamə qəbul etdi. Qətnamə ilə ilk tanışlıqdan məlum olur ki, o, əvvəldən axıra qədər riyakar, qərəzli və reallıqdan uzaq, Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasının növbəti təzahürüdür. Qətnamənin adından göründüyü kimi, AŞPA məqsədyönlü şəkildə Azərbaycan Respublikasına hörmətsizlik nümayiş etdirir. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati və coğrafi ərazi yoxdur. AŞPA üzvlərinin “Dağlıq Qarabağ” adlandırdıqları ərazi inzibati baxımdan Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsi, coğrafi baxımdan isə Azərbaycanın Qarabağ bölgəsinin yuxarı və ya dağlıq hissəsidir. Eyni zamanda, qətnamənin 1-ci maddəsində Assambleya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, dərhal Azərbaycanın öz suveren ərazisində 19 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal antiterror tədbirlərini “hərbi əməliyyat” adlandıraraq qətiyyətlə pislədiyini vurğulayır. Beləliklə, AŞPA üzvləri heç bir tərəddüd etmədən Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyət göstərən, azərbaycanlı mülki əhaliyə, hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror təxribatları törədən separatçı erməni silahlı qruplarına dəstək nümayiş etdirir.

Qətnamənin 4-cü bəndi ilə tanış olduqda elə təsəvvür yaranır ki, AŞPA son üç il ərzində dərin qış yuxusunda olub və üzv dövlətlərin ərazisində baş verən proseslərdən xəbərsizdir. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsinin 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 9 noyabr 2020-ci il tarixdə Azərbaycanın qələbəsi ilə həll edilib, müharibənin yekunlarına dair Ermənistanın məğlubiyyəti və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini ehtiva edən 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanıb. Dəfələrlə müxtəlif tribunalardan ən yüksək səviyyədə Qarabağ münaqişəsinin həll edildiyi və artıq tarixə qovuşduğu barədə məlumatlar verilib. Lakin qətnamənin AŞPA qətnaməsinin 4-cü bəndində Assambleya “bu uzunsürən və faciəvi” münaqişənin “yalnız dinc yolla, dialoq və xoş məramı əks etdirən aydın mesajlar vasitəsilə və orada yaşayan hər kəsin insan hüquqlarına tam hörmət edən müvafiq beynəlxalq hüquq əsasında” həll oluna biləcəyinə qətiyyətlə inandığını bildirir.
Əlbəttə, qeyd olunanlar kontekstində məntiqi sual olunur: AŞPA-nın bu qətnamədə nümayiş etdirdiyi anti-Azərbaycan ritorikası təsadüfidir yoxsa məqsədyönlü xarakter daşıyır?
Bu sualı, zənnimcə, Azərbaycanın Avropa Şurasına üzvlüyü dövründə baş verən prosesləri retrospektiv baxış kontekstində nəzərdən keçirməklə obyektiv cavablandırmaq olar. Qeyd edilən dövr ərzində AŞPA-da davamlı olaraq Azərbaycana qarşı aparılan təzyiqlərə baxmayaraq, ölkəmiz bu qurum çərçivəsində bir çox istiqamətlərdə uğurlar əldə etmişdi və bu Azərbaycanın düşmənlərini ciddi narahat edirdi.
Bu sıradan qeyd edilməlidir ki, AŞPA-da siyasi məhbuslara dair qəbul edilmiş heç bir meyar olmadığı halda Avropa Şurasının 47 üzvündən yalnız Azərbaycan üzrə siyasi məhbuslar məsələsinə dair məruzəçilər təyin edilirdi, daim bu qondarma məsələ Azərbaycan qarşı siyasi təsir vasitəsi kimi istifadə edilirdi. Yalnız Azərbaycanın mübarizəsi nəticəsində siyasi məhbusların müəyyənləşdirilməsi üçün hüquqi meyarların mövcud olmaması etiraf edildi və Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair məruzəsi 2013-cü ilin yanvar sessiyasında qəbul edilmədi. Ştrasserin mərüzəsinin qəbul edilməməsi Azərbaycanın düşmənlərini ciddi məyus etdi.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvü kimi mənim tərəfindən təqdim edilmiş “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürüldü. Britaniyalı deputat Volterin hazırladığı “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” məruzə 4 səs fərqi ilə qəbul edilməsə də, onun hazırlanaraq plenar iclasda müzakirəyə çıxarılması düşmənlərə böyük zərbə oldu. Bosniya və Hersoqovinalı deputat Milisa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” məruzəyə dair 2085(2016) saylı qətnamənin qəbul edilməsi, bu qətnamədə Ermənistanın işğalçı kimi tanınması, Qarabağ və digər işğal edilmiş ərazilərdən silahlı qüvvələrinin dərhal çıxardılması tələbi, sudan mülki əhaliyə qarşı silah kimi istifadə etməyin yolverilməzliyi, bölgədə ekoloji terrora görə Ermənistanın məsuliyyət daşıması kimi müddəaların olması Azərbaycanın böyük uğuru, düşmən tərəfin iflası idi.

1693638233_0001.jpg (118 KB)
Digər tərəfdən, Azərbaycanda keçirilən prezident və parlament seçkilərinin, Konstitusiyaya dəyişiklər və əlavələrə dair keçirilən referendumların müxtəlif müşahidə missiyaları tərəfindən şəffaf və demokratik şəraitdə keçirilməsi barədə bəyanatları anti-Azərbaycan qüvvələrin bütün səylərini alt-üst etdi və onları ölkəmizə qarşı daha da radikallaşdırdı.
Lakin AŞPA-da Azərbaycana qarşı olan qüvvələr yuxarıda qeyd edilən üç istiqamət üzrə ölkəmizin uğurlarını həzm edə bilmədilər. Beləliklə, həmin dövrdə Azərbaycana qarşı genişmiqyaslı qarayaxma kampaniyasının yeni mərhələsinə start verildi və AŞPA-da anti-Azərbaycan ritorikası ənənə halını aldı. Maraqlıdır ki, demokratik dəyərlərdən, insan hüquqlarına hörmətdən, beynəlxalq hüququn yerinə yetirilməsinin vacibliyindən, dən vuran Avropa Şurası Parlament Assableyası özünün bəyan edilmiş ali məqsədlərinə xidmət etməkdənsə, müəyyən qrup maraqlarından çıxış edərək, sistemli şəkildə anti-Azərbaycan mövqeyindən çıxış etməyə üstünlük verdi.

Odur ki, Assambleya qətnamənin 3-cü bəndində riyakarlığın ən yüksək səviyyəsindən çıxış edərək, 19-20 sentyabr 2023-cü il lokal antiterror tədbirlərinin başa çatmasından sonra Qarabağ ermənilərinin kütləvi şəkildə Ermənistana getməsinin guya Azərbaycan tərəfindən düşünülmüş şəkildə “dizayn” edildiyini bildirir. Bu kontekstdə qətnamənin adı çəkilən bəndində bildirilir ki, “əslində, aylar ərzində əhalinin kəskin ərzaq və təchizat çatışmazlığının üst-üstə gəlməsi, bunun ardından hərbi əməliyyatların başlaması və dəhlizin Ermənistana tərəf gediş üçün açılması və bütün bunların qısa müddətdə bir-birini izləməsi mülki əhalini ölkəni tərk etməyə məcbur etmək üçün dizayn edilməsi kimi başa düşülə bilər”. Lakin Assambleya üzvləri hadisələrin əsil mahiyyətini anlamaq istəsəydilər, rəsmi Bakının İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə Qarabağda məskunlaşmış erməni əhalisinin yenidən Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesində maraqlı olduğunu bildirməklə yanaşı bu istiqamətdə konkret praktiki addımlar atdığını görərdilər.

Lakin “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnaməni qəbul etməklə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasında və ölkə Konstitusiyasına əsasən digər milli, etnik, dini azlıqlar kimi eyni hüquqlara malik olmasında, nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığını nümayiş etdirdi. AŞPA adı çəkilən qətnamədə hətta Azərbaycanı şantaj etməkdən belə çəkinmədi. Asssambleya Azərbaycanı qeyri-obyektiv olaraq öz öhdəliklərini yerinə yetirməməkdə suçladı və yaxın gələcəkdə “öz öhdəliklərinə riayət etməyəcəyi təqdirdə” “nizamnamə öhdəliklərinin ciddi şəkildə pozulması halına cavab olaraq Nazirlər Komitəsi və Parlament Assambleyası arasında əlavə birgə prosedura təşəbbüs çağırışı” etməkdən və “özünün 2024-cü ildə ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının sorğulamaqdan” başqa variantı olmayacağını bildirdi.

Qeyd edilməlidir ki, AŞPA qətnaməsi spontan və tələsik yazılmış sənədə oxşamır, bu sənəd Assambleyada Azərbaycana qarşı uzaqgedən məqsədlərə nail olmaq istəyən təşkilatlanmış qrupun fəaliyyət göstərdiyini ehtimal etməyə əsas verir və onların artıq AŞPA-da qarşıdan gələn sessiyalar zamanı Azərbaycana qarşı atacağı addımların konturları da elan edilib. Bir sözlə, AŞPA özünün anti-Azərbaycan ənənəsinə sadiq qaldığını nümayiş etdirir.

elxan-sul-4.jpg (203 KB)

Elxan Süleymanov,
AVCİYA-nın prezidenti

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR