İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-ya 7 fevral seçkisini izləmək yasaq edilib?

Seçkini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb

“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyimiz beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab almışıq”.

Bunu Secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

“Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, öz növbəsində qeyd edilən təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkini müşahidə etməyə çağırış edirlər. Dəvət göndərdiyimiz təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq”, - deyə A.Hacızadə qeyd edib.

Mətbuat xidmətinin rəhbəri həmçinin vurğulayıb ki, 7 fevral seçkisini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər alınıb və akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək. 

Strasburqda AŞPA-nın qış sessiyasının ilk günündə ölkəmiz əleyhinə bir sıra çıxışlar olub. Belə ki, sessiyanın ilk günündə deputatlar  “təşkilatın prinsiplərini pozduğuna görə” Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər. Bildirilir ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib. O, öz bəyanatında “Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkisini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini” göstərib. 

Günel Səfərova: “Müəllim o videoya görə cəzalandırılmayıb” - GlobalInfo.az

Günel Səfərova

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova “Yeni Müsavat” qəzetinə mövzunu belə şərh edib: “AŞ PA-nın siyasi qurum olduğunu bilirik. Təşkilatın Azərbaycanın qarşısında qoyulan öhdəliklərdə kifayət qədər qərəzlilik var. Avropa Şurasına qəbul mexanizmimizə baxsaq, həmin dövrü analiz etsək, Ermənistan təcavüzkar ölkədir. Qonşu ölkənin ərazisinə təcavüz edən ölkənin üzvlüyü ilk baxışda sual yaratmalı idi. Həmin dövrdə BMT-nin TŞ Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. AŞ PA-nın Azərbaycanın qarşısında qoyduğu hüquqi öhdəliklərlə bağlı qərəzli  münasibətini görmüşük. Bu yalnız siyasi məhbuslarla bağlı olmayıb. Eyni zamanda Azərbaycanın beynəlxalq təmsilçiliyində də özünü büruzə verib. Xatırlayaq, bir müddət Azərbaycanın nümayəndə heyəti haqqında Avropada yanlış təsəvvür formalaşmışdı, hətta qara piara başlanmışdı. Biz artıq bütün beynəlxalq müzakirələrə qərəzli mövqeyi nəzərə alaraq başlayırıq. Azərbaycan ərazisini işğaldan azad etdikdə Fransanın təşəbbüsü ilə keçirilmiş dinləmələrin sayı qədər ümumilikdə beynəlxalq reaksiya görməmişik.  Düşünürəm ki, AŞ PA-nın mövqeyi, səlahiyyətlərin məhdudlaşdırılması təşəbbüsü geosiyasi vəziyyət, Azərbaycanın Cənubi Qafqazda güc faktoruna çevrilməsi, bir sözlə, yeni reallıqlarla bağlıdır. Erməni lobbisi bu müddət ərzində kifayət qədər işləyib, lakin bu mövqe həm də qurumların Azərbaycana qarşı münasibətidir. Həbslərlə bağlı qaldırılan məsələdə motiv başqadır. Əgər araşdırılma aparılsa, bölücülük və dağıdıcılıqla məşğul olmaq izlərini görürük. Azərbaycanda seçkinin müşahidə edilməsi əlaqədar hər hansı problem yoxdur. ATƏT-in müşahidəçilik missiyası bəzən antitəbliğat aparır. Şəxsən mən bunun Türkiyədəki seçkidə şahidi oldum. Beynəlxalq təşkilatların Azərbaycana hücumları gözlənilən idi. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasını hüquqi cəhətdən əsaslandırmalıdır. Hesab edirəm ki, təklif siyasi pafosludur, heç bir effekti olmayacaq çünki hüquqi əhəmiyyəti yoxdur”. 

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıq öz axarı ilə davam edir. Artıq Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Bununla bağlı prosedur yanvarın 28-dək yekunlaşmalıdır. Belə ki, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gələrkən MSK-da qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər. 

Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə edəcək. Secki-2024.az saytında verilən məlumata görə, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.

Müşahidə missiyasına ukraynalı deputatlar - Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.

Qeyd edək ki, Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Moldovadan parlamentin hakim partiyadan deputatı Vitaliy Jakot da seçkini müşahidə edənlər arasında olacaq.

MSK-dan həmçinin bildirilib ki, yanvarın 28-dək “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Qanunvericiliyə əsasən, qərar səsvermə gününə ən azı 10 gün qalanadək qəbul olunmalıdır.

Qeyd edək ki, növbədənkənar prezident seçkisində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar bir neçə təşkilat MSK-ya sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirəcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR