Onlayn ictimai-siyasi qəzet
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ikitərəfli münasibətlərə ciddi zərbədir. Son bir neçə ayda Qərbdə Azərbaycana qarşı təzyiq kampaniyası aydın nəzərə çarpır. Avropa Parlamenti ölkəmizə qarşı qərəzli qətnamə qəbul edib. ABŞ Konqresində də Azərbaycana qarşı dinləmələr olub”.
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı dayandırmasını şərh edərkən bildirib. F. Şəfiyev hesab edir ki, prosesin arxasında erməni lobbisinin əli var: “AŞPA etimadnamənin ratifikasiya edilməməsini “təşkilatın prinsiplərinin pozulması”, “Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi”, “siyasi məhbusların sayının artması”, rəsmi Bakının 7 fevral prezident seçkisini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etməsi ilə əlaqələndirib. Azərbaycanda bu günə kimi bir çox seçki keçirilib. Bundan öncə də bəzi siyasətçilər bu və ya digər formada insan hüquqları ilə bağlı Azərbaycana qarşı çıxış edirdilər. Hesab edirəm ki, münasibətlərin bu həddə çatmasının əsas səbəbi Azərbaycanın sentyabr ayında separatizmə son qoymasıdır. Azərbaycan-Ermənistan münaqişəsi bitib. Bütün qərarlar, bəyanatlar bu məsələ ilə bağlıdır. Bu qərara görə Avropa Şurası uduzacaq. Qərb regionda hər hansı rola malik olmaq istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərində daha tarazlı mövqe tutmalı idi”.
F. Şəfiyevin fikrincə, bundan sonra Azərbaycanın Ermənistanla Qərb platformasında danışıqlar aparmasını gözləmək çətindir.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ