Onlayn ictimai-siyasi qəzet
Güney Azərbaycandan olan tanınmış aşıq Çingiz Mehdipur mayın 3-də Heydər Əliyev Sarayında yaradıcısı və rəhbəri olduğu "Dalğa" qrupu ilə birlikdə konsert proqramı ilə çıxış edəcək. "Sahildən sahilə könül körpüsü" adlı bu musiqili gecədə Azərbaycanın tanınmış xanəndələri, muğam ustaları və Təbrizdən dəvət olunmuş istedadlı aşıqlar səhnə alacaqlar.
Aşıq Çingiz Mehdipur həm konsert, həm də digər msələlələr ilə bağlı Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Bu dəfəki konsertiniz hansı yeniliklər ilə fərqlənəcək?
- Bu konsertdə Azərbaycanın ən məşhur ustad müğənniləri, xanəndələri və aşıqları iştirak edəcək. Onların sırasında dünya şöhrətli, "Şərq musiqisinin bülbülü" adlandırılan Alim Qasımov və onun gözəl sənətkar övladı Fərqanə Qasımova, ustad sənətkarımız Gülyanaq Məmmədova, dəyərli sənətkarlarımız Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva yer alacaq.
Bundan əlavə, tədbirimizdə həm o taydan - Salar Mehdipur kimi ustad aşıqlar, həm də bu taydan olan aşıqlarımız – Nəbi Nağıyev, Nazim Quliyev və Əli Zeynalov çıxış edəcəklər.
Çalışırıq ki, çox möhtəşəm və unudulmaz bir konsert təqdim edək.
Məlum olduğu kimi, Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarının kökündə aşıq sənəti dayanır. Bunu yalnız mən demirəm, dahi musiqi alimimiz Üzeyir Hacıbəyli də dəfələrlə vurğulayıb. Onun tələbəsi Nazib Bağırov da özünün “Harmoniya” kitabında bu fikirləri təsdiqləyib.
Yəni aşıq sənəti Azərbaycan musiqisinin əsası, bünövrəsidir. Təəssüf ki, bu gün gənclərimiz bir qədər bu sənətdən uzaqlaşırlar. Biz isə belə tədbirlərlə çalışırıq ki, millətimizi öz kökünə, öz sənətinə daha da yaxınlaşdıraq.
Konsertdə iştirak edən ifaçıların hamısı uzun illərdir ki, "Dalğa" qrupunda çıxış edirlər və onların əksəriyyəti Təbrizdəndir. Yalnız bir ifaçı – Elvin Axundov Quzey Azərbaycandandır.
İfaçılarımız arasında həqiqətən ustad sənətkarlar var. Məsələn, Cəlil Həmidi balaban və digər nəfəs alətlərində yüksək ustalıqla ifa edir.
- Xatırlayıram ki, 2017-ci ildə Bakıda "Dalğa" qrupu ilə çox möhtəşəm "Qarabağ dərdi" adlı konsertlə çıxış etmişdiniz. Bu günə qədər Bakıda nə qədər konsert proqramı ilə çıxış etmisiniz?
- Biz indiyə qədər Bakıda bir çox konsertlərdə çıxış etmişik. Bu tədbirlərin əksəriyyəti dövlət səviyyəli tədbirlər və festivallar olub. 2000-ci ildən bu günə qədər demək olar ki, 20-yə yaxın konsert proqramında iştirak etmişik. Lakin sırf öz təşəbbüsümüzlə 7 böyük konsert təşkil etmişik. Ən sonuncu konsertimiz ötən ilin 29 may tarixində baş tutub.
Bu il isə qeyd etdiyimiz kimi, konsertimiz mayın 3-də Heydər Əliyev Sarayında keçiriləcək. Konsertimizin adı "Sahildən sahilə könül körpüsü" olacaq.
Bu ad təsadüfi seçilməyib. Çünki saz və musiqi hər zaman insanlar arasında körpü olub, könülləri birləşdirib. Xüsusən də Güney və Quzey Azərbaycanın qəlb tellərini birləşdirmək üçün musiqinin rolu əvəzsizdir. Məncə, bu dəfə seçdiyimiz ad da bu məqsədi gözəl ifadə edir.
Hər bir konsertimizdə çalışıram ki, unudulmaqda olan qədim musiqi nümunələrini yenidən hazırlayıb səhnəyə gətirim. Ötən konsertimizdə səkkizə yaxın qədim hava təqdim etdik. Bu havalar elə köhnə idi ki, bəlkə də hansı aşığa sual versəydiniz, çoxu onları tanımazdı.
Bu dəfə də çox qədim aşıq havalarını tamaşaçılarımıza təqdim edəcəyik. Eyni zamanda tanınmış və sevilən havalar da repertuarımızda yer alacaq. Yəni, proqram həm qədim, həm də yeni nəfəsli musiqi parçalarından ibarət olacaq.
Bəzi havalar tamaşaçılar üçün tamamilə yeni olacaq, amma inanıram ki, çox bəyəniləcək. Çünki təqdim edəcəyimiz aşıq havaları doğrudan da çox gözəldir və zəngin musiqi xəzinəmizi əks etdirir.
- Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə olmusunuzmu?
- İllər boyu arzulayırdım ki, Qarabağı görüm. Bu gün çox sevindirici haldır ki, dövlətimizin, Ali Baş Komandanın və ordumuzun qəhrəmanlığı sayəsində biz Qarabağa yenidən qayıtdıq. Həmişə arzu edirdim ki, mən də gedib o müqəddəs torpaqları görüm. Qismət oldu: ötən il Xarıbülbül Festivalına dəvət aldım və Şuşaya Zəfər yolu ilə getdim.
Hələ də həmin səfərin təəssüratından çıxa bilmirəm. Allah ordumuzu qorusun! Onlar neçə-neçə çətin yolu piyada qət edib, əllərində silah-sursat, böyük bir Zəfərə imza atıblar. Bu fədakarlığa inanmaq belə çətindir. Düşünürsən ki, bu qədər fədakarlıq, bu qədər canı-dildən xidmət ancaq Vətən sevgisindən doğa bilər. Bir dəfə Qarabağa getmişəm, amma o torpaqların təsiri hələ də ürəyimdədir. Bu il qərara gəlmişəm ki, ailəm və dostlarımızla birlikdə Laçını, Kəlbəcəri və digər azad edilmiş bölgələri də ziyarət edək.
Qarabağ həqiqətən də Azərbaycanın mədəniyyət mərkəzidir. Dünya üzərində elə bir yer yoxdur ki, Qarabağı görmək qədər çox istədiyim bir məkan olsun. Bu imkanı yaratdıqları üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Heydər Əliyev Fonduna dərin təşəkkür edirəm. Onların dəstəyi sayəsində Xarıbülbül Festivalında iştirak edib Şuşanı görmək mənə nəsib oldu. Hesab edirəm ki, biz çox xoşbəxt bir millətik, çünki öz doğma torpaqlarımıza qovuşa bilmişik.
- Bir müddətdir ki, artıq Bakıda yaşayırsınız. Davamlı olaraq artıq burada yaşamağı seçmisiniz, yoxsa necə?
- Vallah, mənim üçün heç bir fərq yoxdur – Bakı da, Təbriz də birdir. Bakıya elə öz ana yurdum, doğulduğum Xudafərin kimi baxıram. Əlbəttə, həm Təbrizdə, həm də Bakıda yaşaya bilərəm.
Amma sənət baxımından Bakıda daha sərbəst və rahat işləyə bilirəm. Ona görə də daha çox istəyirəm ki, Bakıda qalım və burada yaradıcılığımı davam etdirim.
- Bir müddət əvvəl Quzey aşıq sənəti ilə bağlı bir giley-güzarınız var idi, qeyd edirdiniz ki, müəyyən bir laqeydlik hiss olunur və sairə. Hazırda vəziyyəti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, hazırki Güney və Quzey aşıq sənətində hansı fərqlilikləri görürsünüz?
- Bu, çox ciddi bir məsələdir. Bu gün bizim əsas dərdlərimizdən biridir. Aşıq sənəti sadəcə aşıq musiqisindən fərqlənir. Əgər sənətdən danışırıqsa, burada həm ədəbiyyat, həm də şifahi xalq ədəbiyyatı yer alır. Araşdıranda görürük ki, aşıqlarımız dastanlarında, şeirlərində dilimizi qoruyub yaşadıblar. Yəni, aşıqlarımızın bu baxımdan böyük rolu və təsiri olub.
Musiqi baxımından isə, əvvəlki dövrlərdəki kimi deyil. Keçmişdə aşıqlar günlərlə, həftələrlə dastanlar söyləyərdi. İndi isə zamanın tələbləri dəyişib və bu ənənələr bir qədər aradan çıxıb. Ona görə də bu sənəti yaşatmaq və qorumaq vacibdir.
Mən də çalışıram ki, kökü qorumaqla yanaşı, musiqidə müəyyən yeniliklər edim ki, gənclərimiz bu sənətə daha çox maraq göstərsinlər. Təbrizdə buna nail ola bildim.
Məsələn, 34 il əvvəl Təbrizdə əlimdə sazla küçədə gəzəndə insanlar məni “hoya” basırdı. Elə düşünürdülər ki, saz yalnız kəndçilər üçündür. O zaman camaat bilmirdi ki, saz Azərbaycan xalqının ən əsl, ən qədim musiqi alətlərindən biridir.
Amma zamanla, canla-başla çalışaraq vəziyyəti dəyişə bildik. Artıq məni bütün tədbirlərə solo saz ifaçısı kimi dəvət etməyə başladılar. Daha sonra bir qrup yaratdım və bu qrupun fəaliyyəti nəticəsində Təbrizdə böyük bir dəyişim yaşandı.
İnanın, əgər Təbrizdə aşıq konserti versəm, 10 gün 2 min nəfərlik zalda yer tapmaq mümkün olmaz.
- Biz bilirik ki, Güney Azərbaycanda azərbaycanlı sənətkarlara, musiqçilərinə qarşı bir təzyiqlər olur. Bəs açıqlar necə, bu təzyiqlərlə raastlaşırlarmı?
- Əvvəllər aşıqlar üçün vəziyyət daha çətin idi. Amma indi nisbətən yaxşılaşıb. Hesab edirəm ki, əgər Təbrizdə də Bakıdakı Milli Konservatoriya kimi bir təhsil ocağı açılsa, vəziyyət daha da yaxşı olar. Əlbəttə, hazırda da çox gözəl ifaçılar var. Amma musiqini daha savadlı və elmi şəkildə öyrənsələr, bu sənət daha da inkişaf edərdi.
Məsələn, burada – Bakıdakı konservatoriyada musiqi ədəbiyyatı, aşıq musiqisinin tarixi, musiqi nəzəriyyəsi və digər sahələr dərindən tədris olunur. Belə təhsil sistemi aşıq sənətinin daha möhkəm əsaslar üzərində inkişaf etməsinə şərait yaradır.
- Güneydə toy, el şənliklərinə gedirdiniz. Bəs Bakıda necə, toy məclislərinə dəvət alırsınızmı, gedirsinizmi? Burada belə bir söz də var ki, “aşığı el saxlar”.
- Yox, indi nə Güneydə, nə də Quzeydə toylara getmirəm. Aşıq sənətini iki şey məhv edib – toyxana və çayxana. Bu gün aşıq sənətinə ciddi yanaşan çox azdır. Çoxları bu sənəti öyrənib sadəcə toylara gedərək pul qazanmağa çalışır.
Güney Azərbaycanda isə vəziyyət bir az fərqlidir. Orada 20-30 “Dalğa” qrupu kimi ciddi qruplar yaranıb. Baxıram ki, həqiqətən məsuliyyətlə yanaşırlar. Heç olmasa 3-4 ay bir araya gəlib, yalnız konsert üçün məşq edirlər.
Burada, Bakıda isə vəziyyət başqa cürdür: Aşıq birbaşa toydan çıxıb konsertə gedir və toydakı kimi də ifa edir. Yəni, konsertlə toy ifası arasında fərq qoyulmur. Bu isə sənətə ciddi yanaşmamaq deməkdir.
Əslində, təkcə aşıq musiqisi deyil, dünyada bu cür dəyərli sənətlər artıq toylardan, efirlərdən, ucuz yerlərdən yığışdırılıb.
Çünki bu musiqi bir xalqın mədəniyyətinin böyük bir hissəsini daşıyır. Belə bir irsi ayaq altına atmaq olmaz.
Təxminən 15 ildir ki, toylara getmirəm. Toy var ki, elə konsert səviyyəsində təşkil olunur, əgər belə toy olsa, gedərəm. Amma bu gün belə toylara rast gəlmirik. İndi toya çağırırlar, sənə 50-100 manat pul verirlər, sonra da sanki səni “alırlar”, istədiklərini etməlisən. Mən isə bu yanaşmanı qəbul edə bilmirəm. Dəfələrlə dostlarım məni toya dəvət ediblər. Həmişə demişəm ki, qonaq kimi qulluğunuzda hazıram, amma ifaçı kimi toya getmirəm.
- Konsertinizdə kimləri görmək istəyərdiniz?
- Çox istəyirəm ki, belə konsertlərdə ilk öncə aşıqlar zalı doldursun.
Arzulayıram ki, bizdə elə bir mədəniyyət formalaşsın ki, yalnız özümüzə yox, başqalarına da qulaq asa bilək.
Həmçinin digər janrlarda ifa edən musiqiçiləri də görmək istərdim.
O cümlədən konservatoriyanın ustadları, müəllimləri, ədəbiyyatçılarımız, siyasətçilərimiz də belə tədbirlərdə iştirak etsinlər.
Məşhur italyan musiqiçisi Pavarotti konsert verəndə, onun konsertinin birinci sıralarında prezidentdən tutmuş nazirlərə, deputatlara qədər hər kəs iştirak edirdi. Çünki Pavarottinin musiqisi İtaliya xalqının mədəniyyətinin böyük bir hissəsini qoruyurdu.
Bizim aşıq musiqimiz də Pavarottinin musiqisi qədər xalqın mədəni irsinin əsas hissəsini təşkil edir. Aşıq musiqisi hər kəsə lazımdır, çünki o, bizim mədəniyyətimizin daşıyıcısıdır. Mənim ürəyim belə istəyir, belə düşünürəm. Amma ola bilər ki, başqaları başqa cür fikirləşsin (gülümsəyir)”.
Müsahibənin video variantına aşağıdakı linkdən izləyə bilərsiniz:
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ