Onlayn ictimai-siyasi qəzet
"Rusiya qoşunları Ukrayna ərazilərində aşağı templi irəliləyişlərə nail olur. Son zamanlar Ukrayna da öz torpaqlarındakı Rusiyanın nəzarət etdiyi işğal zonalarında cüzi ərazi qazanclarını aktivinə yazdırır. Lakin Ukrayna bir ildən çoxdur ki, əhəmiyyətli və həlledici, dönüş nöqtəsi yarada bilən eksklüziv ərazi nailiyyəti əldə edə bilməyib".
Musavat.com bildirir ki, bu barədə politoloq Aqşin Kərimov bildirib.
Politoloq qeyd edir ki, bununla belə, Ukrayna müharibənin sərhədlərini Rusiyanın içərilərinə qədər genişlətmək bacarıqlarını davam etdirməyə çalışır:
"Bu, əsasən, Ukraynanın uğurlu kəşfiyyat əməliyyatları ilə müşayiət olunur. Ancaq Ukrayna Rusiyanı hərbi cəhətdən şikəst etmək səylərində uğura imza ata bilmir, ən azından Kursk əməliyyatlarının uğursuzluğu bunun bariz nümunəsidir.
Üstəlik, son zamanlar Rusiya aviasiyasının Ukraynaya intensivləşən zərbə paketləri, Ukraynanın canlı qüvvə çatışmazlıqları Kiyev üçün əlavə problemlər yaradır.
Belə olduğu təqdirdə, Ukrayna Rusiyanı müharibə kampaniyasından uzaqlaşdırmaq üçün Rusiya daxilində alternativ zərbə endirmək planlarını masaya qoyur".
Aqşin Kərimovun fikrincə, Rusiyanın hava limanları ilə bərabər dəniz portlarının da hədəfə alınması ehtimalları yüksəkdir və bu, Ukraynanın assimetrik müharibə aparmaq qabiliyyətində Kiyevə şanslar gətirə bilər.
"Ukrayna dəniz limanlarının hədəfə alınması layihəsində ABŞ-dən əhəmiyyətli dəstək alsa, öz səylərini NATO ilə düzgün əlaqələndirə bilsə, müharibə qlobal tədarük zəncirlərində Rusiyanın üzləşdiyi maneələri gücləndirən nəticələr doğura bilər.
Lakin cari əməliyyatlar və onun perspektivi Ukraynanın qələbəsini təmin etməkdən çox, Kiyevin məğlubiyyətini gecikdirməyə yönəlik addım kimi xarakterizə oluna bilər", deyə politoloq vurğulayıb.
Xalidə Gəray
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ