İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-nın özünə qazdığı 77-ci “məzar”

Teodor Rusopulosun anti-Azərbaycan isterikası özünə baha başa gəldi; hüquq müdafiəçisi Avropa Məhkəməsinin qərarlarını təftiş etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti  Teodor Rusopulos Azərbaycan Prezidenti İlham Əliyevin ADA-nın “Yeni dünya düzəninə doğru” beynəlxalq forumu zamanı səsləndirdiyi bəyanata “operativ reaksiyası” ilə diqqət çəkib. Teodoros Rusopulos “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə hədyanlar səsləndirib.

Teodoros Rusopulosu qəzəbləndirən İ.Əliyevin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyəcəyi barədə dedikləridir: “Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçkilərində iştirak etməmişik, bu məhkəmənin bütün qərarları bizim üçün etibarsızdır. Bu, bizim tutduğumuz mövqedir və fürsətdən istifadə edərək bildirirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur, çünki biz səsvermə hüququndan məhrum edilmişik. Biz bu Avropa Şurasının hakimlərinin kim olduğunu bilmirik. Azərbaycana qarşı ayrı-seçkilik etmək, bizi təcrid etmək istəyirdilər, amma əslində özlərini Qafqazdan təcrid etdilər”.

Teodoros Russopulos isterika ilə deyib: “Əliyev mükəmməl ingilis dilində bəyanat verdi. Eşitdim ki, bu, yerli auditoriyaya ünvanlanıb. Bu, yerli auditoriya üçün deyildi, hamı üçün, xüsusən də Avropa Şurası üçün idi”. AŞ PA sədri “heç kim Avropa Şurasını şantaj edə bilməz. Avropa Şurası belə bəyanatlardan qorxmur, çünki Avropa Şurası öz insan hüquqlarına, qanuna uyğun olaraq, qanuna uyğun qərarlar qəbul edib və qəbul etməkdə davam edir” deyib.

“Teodoros Rusopulosun  Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə dair şərhində bildirib.

“Avropa Şurası nizamnaməsinin pozulması, AŞ PA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, Azərbaycan tərəfinin dialoqa açıqlıq nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. AŞ PA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə, heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞ PA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində də mövcuddur" , - Ayxan Hacızadə deyib.

O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqeyimizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə, məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil: “Qeyd edək ki, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞ PA üzvü kimi, Teodoros Rusopulosun da adı "qara siyahı"ya daxil edilib. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcək".

Azərbaycan deputatları AİHM-in hakimlərinin seçkilərində iştirak etməyib  və indi Bakının bu hakimlərin qərarlarının tanımaması tamamilə məntiqli və qanunidir. Üstəlik, AİHM-in heç vaxt qanunun və insan hüquqlarının müdafiəsi üçün effektiv fəaliyyəti olmayıb. Şahbaz Quliyev və Dilqəm Əsgərovun işini xatırlatmaq kifayətdir. Erməni işğalçıları onları qanunsuz olaraq 8 il həbsdə saxlayıblar. Səkkiz il  Avropa Şurası və AİHM erməni işğalçılarının azərbaycanlı əsir və girovlara qarşı zorakılıq etməsi ilə bağlı mötəbər məlumatlara reaksiya verməyib. Bununla belə, AİHM hakimləri konveyer sürəti ilə “siyasi məhbus” elan edilmiş daha çox şəxsin xeyrinə qərarlar çıxarırdılar.

Ümumiyyətlə, AİHM Azərbaycana qarşı nə zamansa ədalətli mövqe tutubmu? Bu məhkəmə Azərbaycanla bağlı məsələlərdə sanki Avropa Şurasının rəhbərliyindən sifariş almış kimi davranmırmı?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçkisində nümayəndə heyətimizin iştirak etmədiyinə görə bu məhkəmənin qərarlarının Azərbaycanda tanınmayacağı ilə bağlı öz mövqeyini ifadə edib: “Təəssüf ki, özünü guya "söz azadlığının, insan hüquqlarının müdafiəçisi" kimi təqdim eləyən Avropa Şurası Parlament Assambleyasının sədri və bir sıra Avropa Şurası rəsmiləri Azərbaycana qarşı heç bir siyasi etikaya, ədalətə və hüquqa sığmayan bəyanatlar verib. Sifarişli prosesə başladıqları açıq-aydın görünür. Maraqlıdır ki, bir tərəfdən Avropa Şurasının baş katibi Azərbaycan Prezidentindən Avropa Şurasını tərk etməmək üçün xahiş edir, digər tərəfdən isə AŞ PA prezidenti və digər Avropa Şurası rəhbərliyinə daxil olan şəxslər tərəfindən haqsız hücum təşkil edilir. Azərbaycan nümayəndə heyəti AŞ PA-nın sessiyasında iştirak etmir. Belə olan halda iştirak etmədiyimiz sessiyada seçilmiş hakimlərin qəbul etdiyi qərarların Azərbaycanda hüquqi əsasının olmadığı anlamına gəlinir. AŞ PA-da fəaliyyət göstərmədiyimiz və səsvermə hüququmuz olmadığı halda orada seçilən hakimlər qrupu tərəfindən qəbul edilən qərarların Azərbaycanda icrasının imperativ olduğunu iddia etmək məntiqsizlikdir".

Hüquq müdafiəçisi qeyd etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı olan iddiaları, şikayətləri tez bir zamanda icraata götürüb və qərarları tezliklə çıxarıb: “Lakin Azərbaycanın etdiyi şikayətlərə, iddialara illərlə, bəzən on ildən artıq müddət keçdikdən sonra baxıblar. Əksəriyyətində də iddiamıza, şikayətlərimizə istədiyimiz cavabı almamışıq, ədalətsiz qərarlar çıxarılıb. Nadir hallarda isə şikayətdən 10 il keçdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsində məsələyə baxılıb və şikayət təmin olunan qərar çıxarılıb. Məsələn, "Çıraqov qardaşlarının işi" təxminən 10 il uzadıldı və sonra ədalətli qərar qəbul olundu və Ermənistan silahlı birləşmələri tərəfindən Laçın və digər rayonların işğal edildiyi, azərbaycanlılara maddi, mənəvi ziyan vurulduğu qərarda təsdiqini tapdı. Lakin məhkəmənin çıxardığı qərarın icrası kağız üzərində qalırdı. AŞ PA isə qərarın icrası üçün heç bir tədbir görmürdü, cavabdeh Ermənistana təsir göstərmirdi. Digər məsələlərdə də AŞ PA ləng, ayrı-seçkilik nümayiş etdirib. Ona görə də artıq Azərbaycanda insanlarda rəy formalaşıb ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciətə cavab verilməsi ən azı 5-6 il çəkəcək, baxılması daha çox müddət aparacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR