İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Nağıyev: “Rusiya regiondan 2 dəfə gedib, lakin sonradan...”

“Qərb-Rusiya qarşıdurması Azərbaycanın qələbəsi və Rusiya sülhməramlılarının regiona gəlməsi ilə başladı. Təbii ki, Rusiya güclənmədi, amma münaqişənin əsas oyunçularından başlıcası kimi mövqeyini saxladı. Təbii ki, buna Türkiyə də nail oldu. Lakin vəziyyət get-gedə dəyişdi və Rusiyanın prosesdən sıxışdırılması başlandı”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, cərəyan edən proseslər Qərblə Rusiya arasında yeni rəqabət deyildi: “1990-cı illərdə də vasitəçilərin özləri vasitəçiliyə ehtiyac duyurdu. ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər arasında belə problemlər yaşanırdı və Rusiyanın Ukraynaya təcavüzü nəhayət ki, nöqtəni qoydu. Rusiyanın ciddi cəhdlə regionda olmaq istəyi bir çıxış yolu kimi onun Avropa ilə sərhədlərinin bağlanması və alternativ marşrutun Cənubi Qafqazdan Türkiyəyə, İrana və ondan kənardan keçməsinin əhəmiyyətini artırdı. Belə bir vəziyyətdə Laçın dəhlizi ilə bağlı məsələ gündəmə gəldi və Ermənistanla Qarabağ arasında marşrut orada yaşayan ermənilərin ərazini tərk etməsi, yolun nəzarətinin Azərbaycana təhvil verilməsi ilə bitdi. Deməli, belə bir vəziyyət yaranıb ki, Rusiya sülhməramlıları heç nəyə dəqiq zəmanət verə bilmirlər və yeganə olaraq erməniləri qoruyurlar”.

Arzu Nağıyevin sözlərinə görə, Rusiyanın mövqeyi delimitasiyası və demarkasiyası aparılmayan ərazidə qarşıdurmanın yaranması ilə daha da aşağılandı: “Rusiyanın heç nə edə bilməməsi səbəbindən uğurlar Qərbin aktivinə yazıldı. Vaşinqtondan Bakıya və İrəvana edilən müraciətlər təsirli effekt verdi, KTMT İrəvanın nöqteyi-nəzərindən müttəfiqinə kömək edə bilmədi və hətta faktiki olaraq rəsmi Bakının delimitasiya edilmiş sərhədin olmaması ilə bağlı arqumentlərini təkrarladılar. Buna görə də Qərbin hərəkətləri İrəvana daha sərfəli gəldi. Vaşinqton, İrəvan və Bakı arasında aktiv təmaslar başladı. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bəyanatı, Makronun canfəşanlığı öz işini gördü. Lakin Moskvanın hərbi gücü əvvəlki kimi olmasa da, son nəticə məlum deyildi. Təbii ki, Qərbin regiona təsir etmək mexanizmi var, Rusiyanın regiondan getməsi, daha doğrusu sıxışdırılıb çıxarılması Azərbaycan və Ermənistan üçün risklidir”.

Deputat maraqlı paralellik aparıb: “Rusiya regiondan iki dəfə gedib - 1918 və 1993-cü illərdə, lakin sonradan Gürcüstana bir yolla, Ermənistana digər formada, Azərbaycana da tam başqa bir formada qayıdıb. Bilir ki, mütləq şəkildə əvvəl-axır bölgəni tərk edəcək. Lakin ciddi cəhdlə bu gedişin uzanmasını istəyir, biz demək olar ki, hər gün bunun və üzərinə düşən missiyanın yerinə yetirilməməsinin şahidi oluruq”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR