Onlayn ictimai-siyasi qəzet
Separatçı Şahramanyanın yenidən “dil”ə gəlməsi özünün ağlının və iradəsinin məhsulu deyil; xunta rejiminin ağ bayraqlı başçısını danışdıranlar kimlərdir?- Ekspertlərdən ilginc açıqlamalar
Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırmağa cəhd göstərir. Separatçı-revanşist elementlər Ermənistanda yeni “evcik” oyununa, daha dəqiqi “mühacir hökumət” şousuna start veriblər.
Əfsus ki, Paşinyan hakimiyyəti sülh danışıqları ilə bağlı zaman-zaman pozitiv açıqlamalar versə də, 2023-cü il ərzində də bu, əməldə hiss olunmadı. Nəticə etibarilə separatçı ünsürlər təzədən ayaqlanmaq üçün əlavə fürsət əldə etmiş oldular. Bəllidir ki, Azərbaycan dəfələrlə danışıqlara hazır olduğunu bəyan edərək öz ədalətli şərtlərini açıqlayıb. Ermənistan da sözdə sülh tərəfdarı olduğunu bəyan edir, hətta sülh müqaviləsinin 15 günə imzalanmasını mümkün sayan açıqlamalar da verirlər, ancaq işə gələndə əksi görünür. İndi də Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyanın qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv etməsi və Ermənistanın buna qarşı sərt addımlar atmaması gündəm olub. Doğrudur, baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyanın açıqlamasında deyilir ki, Ermənistanda fərman imzalayan ikinci şəxs ola bilməz və yoxdur: “Ermənistan Respublikasında ikinci hökumət ola bilməz və yoxdur”.
Hakim “Mülki Müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan isə özünü feysbuk səhifəsində yazıb: “Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?... Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəllifləri ciddi şəkildə cəzalandırılacaq”.
Ancaq aydındır ki, belə açıqlamalar Bakı üçün yetərli sayılmaz. Hər halda İrəvanda separatçıların ofisi indiyədək bağlanmayıb. Odur ki, qərar ən yüksək səviyyədə - baş nazir tərəfindən verilməlidir. S.Şahramanyan başda olmaqla bütün separatçılar yanvarın 1-dən İrəvandakı fəaliyyətlərini dayandırmalıdırlar. Paşinyan “əl-ayağa” dolaşan, eyni zamanda Rusiyanın maraqlarına xidmət edən separatçı qalıqlarını neytrallaşdıra biləcəkmi, yoxsa bu, elə onun özünün Azərbaycana qarşı “proksi” oyunudur?
Bu arada, maraqlıdır ki, Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib...
Ola bilsin N.Paşinyan Putindən “ev tapşırığı” alsın və ona uyğun addımlar atsın. Bu dönəmdə Şahramanyanın aranı tozlandırması heç də özünün şəxsi təşəbbüsü ilə deyil və o da proseslərdə icraçı statusunda çıxış edir. Separatçı Şahramanyanın yenidən “dil”ə gəlməsi özünün ağlının və iradəsinin məhsulu sayıla bilməz. Heç şübhəsiz xunta rejiminin ağ bayraqlı başçısını danışdıranların kimlər olduğuna dair də aydınlıq yaranacaq. İlin sonuna çox az qaldı, Paşinyan üçün kritik 5 gün...
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyəti ilə Qarabağdan ora gedən “miatsum”çular arsında ziddiyyət var: “Ancaq onlar arasındakı ziddiyyət Azərbaycana yanaşmada fərqli mövqedən daha çox, Ermənistanın kimin boyunduruğu altında olmasıyla bağlıdır. Əgər Ermənistan baş nazirinin rəsmi saytında bu gün də ”arsax" bölməsi varsa, onların XİN-in saytında da bizə qarşı açıq torpaq iddiasının olduğunu görürüksə, Şahramanyanın elə həmən Paşinyan sayaq əvvəl bir şey deyib, sonra onun əksini bildirməsinə təəccüblənməyə dəyərmi? Və onlar arasında fərq varsa, o da bundan ibarətdir ki, Paşinyan Qarabağın Azərbaycan olduğunu deyib, imzasıyla təsdiqləmək istəmir, ikincisi isə bu haqda sənəd imzalayıb, indi də regionda qarşıdurmanın qalmasında maraqlı olanların tapşırığı ilə başqa hava çalır".
Deputat xatırlatdı ki, bütün bunlar Ermənistanı Fransayla Hindistanın silahlandırmaları fonunda baş verir: “Azərbaycan bu baş verənləri görməzdən gələ bilərmi? Əlbəttə, yox. Ermənistan hakimiyyətinin də, oradakı hərbi xuntanın tör-töküntüsünün də yanvarın 1-dək vaxtları var. Əgər onlar bu cür ikibaşlı oyunlara son qoymasalar, Azərbaycana qarşı torpaq iddiasından əl çəkməsələr, mən Qərbi Azərbaycan Respublikasının da yaradılacağını və ardınca da gərəkən addımlar atılacağını istisna etmirəm. Bir sözlə, deyəsən, yenidən dəmir yumruğa ehtiyac duyulacaq".
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı xatırlatdı ki, ermənilər verdikləri sözə, atdıqları imzaya əməl etməyən toplum kimi tanınır: “Şahramanyanın açıqlaması bunu bir daha nümayiş etdirdi. Bu qərarı onun təkbaşına qəbul etdiyi də absurddur, cəfəngiyyatdır. Böyük ehtimalla, bu, Paşinyanın özünün məkrli planının tərkib hissəsidir. O, qondarma ”artsax" adı altında regionda vəziyyəti gərginləşdirib, vaxtı uzatmağa çalışır. Paşinyanın işarəsi olmasa, Şahramanyan bu addımı ata bilməzdi".
A.Nağının sözlərinə görə, Şayramanyanı Rusiya da oyuna qata bilərdi: “Rusiya yeni yaranacaq situasiyadan regionda təsir imkanlarını gücləndirməyi düşünə bilər. Təbii ki, 5 gün ərzində elə də ciddi hadisə baş verməyəcək. Biz Ermənistanın yalançı açıqlamalarına fikir verməməli, 44 günlük müharibənin davam etdiriməsi haqda düşünməliyik”. Partiya sədri hesab edir ki, Şahramanyan və onun yanındakılar barəsində beynəlxalq axtarış elan olunmalıdır, tutulub Bakıya gətirilmələri üçün digər tədbirlər görülməlidir.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə bu mövzudan bəhs edərkən rəsmi İrəvanın ziddiyyətli davranışlarına diqqət çəkdi: “Azərbaycan dövlətinin növbəti humanitar jestindən sonra münasibətlərdə yaranan nisbi yumşalma, o cümlədən beynəlxalq səviyyədə bir vacib məsələdə hər iki dövlətin bir-birini dəstəkləməsi əlbəttə müəyyən ümidlər yaratmışdı və bu ümidlər hələ də qalmaqdadır. Amma biz bilməliyik ki, Ermənistan adlı dövlət, bütövlükdə qlobal erməniçilik və qlobal erməniçiliyi himayə edən maraqlı dövlətlər və qüvvələr düşmənçiliyi əbədi olaraq saxlamaq niyyətindədirlər. Hətta sülh müqaviləsinin imzalanması erməniçiliyin anti-Azərbaycan fəaliyyətinə və mifik niyyətlərinə son qoyacağı anlamı verməyəcək. Bu baxımdan biz sülh danışıqları prosesini davam etdirməklə yanaşı, Ermənistan və onun havadarlarının növbəti məkrli planlarının qarşısını almağa da hazır olmalıyıq. Şahramanyanın 26 sentyabr fərmanından imtina edilməsinə dair sərsəm açıqlaması erməniçilik üçün indiki halda daha çox mənəvi məsələdir. İstisna deyil ki, bu ”xəyali dövlət" hələ bəzi ölkələrdə öz nümayəndəliyini də açacaq. Bunlar yaxşı anlayır ki, işğal dövründə yaratdıqları oyuncaq idarəetmə heç zaman geriyə qayıda bilməyəcək. Onların məqsədi qlobal məkanda mifik arzularına dair məlumatları gündəmdə saxlamaq, Azərbaycana beynəlxalq təzyiqləri davamlı etmək, anti-Azərbaycan və anti-türk ritorikalarını davam etdirməkdir. Əlbəttə, bunların özlüyündə erməniçiliyi “tonusda saxlamaq” və revanş hisslərinin azalmasına yol verməmək niyyəti də var".
Ermənistanın rəsmi dairələrinin açıqlamalarına gəldikdə, S.Məmmədov qeyd etdi ki, bunlar ikiüzlülükdən başqa bir şey deyil: “Onlar özləri üçün ”dovşana qaç, tazıya tut" oyunu oynamaqdadırlar. Biz isə onları bəlkə də daha yaxşı tanımalıyıq. Nəzərə alaq ki, Ermənistan hələ qanunvericilik səviyyəsində Azərbaycana qarşı ərazi iddalarından imtina etməyib, keçmiş qondarma qurumun saxta “konstitusiyası” da ləğv edilməyib. Bu tərəfdən də beynəlxalq erməniçilik öz işindədir. Fransanın seçilmiş orqanlarının bir qrup nümayəndəsinin imzaladığı və tərəfinizdən dərc edilmiş “COP29 Bakıda, utanc və ləyaqətsizlik görüşü” başlıqlı məqalə dərc etdirməsi, digər əlaltı olan lobbi nökərləri - hansılar ki, ABŞ Konqresində, Avropa Parlamentində, beynəlxalq qurumlarda, o cümlədən beynəlxalq QHT-lərdə və mediada cəmləşiblər - anti-Azərbaycan fəaliyyətlərini nəinki zəiflətməyib, hətta daha da sürəkli ediblər". STM icraçı direktoru qeyd etdi ki, Ermənistan daxilindəki siyasi qüvvələr də Azərbaycanın xoşməramlı addımlarını adekvat qiymətləndirmək əvəzinə, sərsəm açıqlamalar verməkdədir: “Prezidentin köməkçisi Hikmət Hacıyevin sərhədlərin delimitasiya və demarkasıya prosesləri ilə bağlı verdiyi açıqlamanı erməni siyasətçilərindən biri ”təhlükəli nəticələri olan" açıqlama kimi qiymətləndirib. Halbuki, bu açıqlama sülh müqaviləsinin tezləşməsinə yönələn praqmatik açıqlama idi. Ona görə də biz hər zaman səfərbər olunmalı və istənilən cəbhədəki döyüşlərə hər zaman hazır olmalıyıq. Hələlik iki cəbhədə davam edən döyüşlərə, həm informasiya cəbhəsində, həm beynəlxalq hüquq müstəvisində bizə qarşı açılan cəbhələrdə də dəmir yumruğu işə salmalıyıq".
Elşad Paşasoy,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ