İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arkoz” şirkətindən yarımçıq qalmış tikililərlə bağlı ittihamlara CAVAB

Bir neçə gün öncə Musavat.com-da Naxçıvanda bəzi tikinti layihələrinin yarımçıq qalması, layihəyə uyğun tikilməməsi və ya tikintidən sonra binalarda ciddi problemlərin yaranması ilə bağlı “Naxçıvanda 2 milyon 700 minlik duz korrupsiyası – “Arkoz”un duzsuz avadanlıqları” başlıqlı reportaj dərc edilib.

Həmin materialda qeyd olunan problemlərə görə tikinti layihələrini həyata keçirən “Arkoz” şirkəti ittiham olunurdu.

Şirkət reportajda səsləndirilən ittihamlarla razı olmadığını və qeyd olunan faktlara cavab vermək istədiyini bildirib.

Şirkətin redaksiyamıza göndərdiyi yazılı müraciətdə qeyd edilir ki, tikintisində problemlərin olduğu deyilən 14 saylı məktəb son 16 il ərzində heç bir cari təmirə dayandırılmayıb: “Məktəb binası statik baxımdan ən sağlam tikililər sırasındadır. Binanın daşıyıcı divarlarında və konstruksiyalarında, aşırımlarda və döşəmələrdə hər hansı çat və ya digər qüsur yoxdur. Tikilinin tikinti-texniki ekspertizasının aparılmasına etiraz etmirik və əminliklə deyə bilərik ki, qeyd edilən məktəb binası tikinti norma və qaydalarının tələblərinə tam cavab verir.

Bundan əlavə Hərbi Hospital da şirkət tərəfindən uğurla inşa edilərək tikinti norma və qaydalarına, layihələndirmə sənədlərinə uyğun vəziyyətdə təhvil verilib”.

Naxçıvan Duz İstehsalı Zavodu ilə bağlı məsələyə gəldikdə isə şirkət tərəfindən bildirilib ki, sifarişçi tərəfindən zavodun ilkin dizaynı və layihəsində edilmiş dəyişikliklər əsasında avadanlıqlar əraziyə gətirilib və sifarişçinin günahı ucbatından açıq anbarlarda saxlanılıb: 

“Tikintinin uzanmasına maliyyə resurslarına qənaət etmək məqsədilə sifarişçinin layihəyə etdiyi dəyişikliklər əsnasında bəzi avadanlıqların istehsal prosesindən çıxarılması səbəb olub. Nəticə etibarilə müzakirələr uzun çəkib və yekunda sifarişçinin israrı ilə avadanlıqlar quraşdırılaraq təhvil verilməsinə baxmayaraq, rəsmi açılışı qərəzli olaraq yubadılmaqdadır. Bəzi avadanlıqların sifarişçi tərəfindən layihədən çıxarılması, həmçinin istehsalatda istifadə olunan xammalın uyğun olmaması (40 % gil və torpaqdan ibarətdir) duzun rənginə təsir göstərib. Əlavə avadanlıqlar əldə edildiyi və quraşdırıldığı təqdirdə göstərilən hal aradan qaldırıla bilər. Zavodun inşası ilə bağlı materialların hüquq-mühafizə orqanları tərəfindən araşdırılması məsələsinə gəldikdə isə bildiririk ki, yuxarıda istinad olunan hallar hüquq-mühafizə orqanları tərəfindən tam araşdırılıb və məsələnin mülki xarakter daşıdığı qənaətinə gəlinib”.

Naxçıvan Dövlət Universitetinin rektorluq binasına dair məlumatla bağlı isə “Arkoz” şirkətindən bildirilib ki, bu layihənin onlara aidiyyəti yoxdur: 

“Qeyd edilən layihə tərəfimizdən icra edilməyib. Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının inşası ilə bağlı göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, layihə üzrə işlər 2021-ci ilin iyununda başlanılıb. Lakin “Tikilməkdə Olan Layihələrin İdarəedilməsi” MMC-nin qanuni təmsilçisi İsmayıl Əhmədov tərəfindən dəfələrlə layihədə özbaşına edilən dəyişikliklər və bunun nəticəsində artıq inşa olunan tikililərin sökülməsi layihənin icrasını yubadıb. 4 oktyabr 2023-cü il tarixində İ. Əhmədov tərəfindən qanunsuz olaraq layihənin icrasının dayandırılması tələb edilib və 12 oktyabr 2023-cü il tarixində tamamilə dayandırılıb. Qeyd edilən layihə üzrə 2022-ci ilin noyabrından etibarən görülmüş işlərin dəyəri şirkətimizə ödənilməyib. Son olaraq onu da qeyd edək ki, əksər layihələrin icrası sifarişçi tərəfindən ödəmələrin edilməməsi səbəbindən yubanıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR