İnsanlara hürriyət, millətlərə istiqlal!

Aralarında "şah" da var, tüstü onları bihuş edir - Micandan REPORTAJ

İsmayıllının Mican kəndində illərdir arıçılıqla məşğul olan Elnur bəy bu peşəni həm sevgi, həm də zəhmətlə davam etdirir.

O, dağların qoynunda yerləşən arı təsərrüfatında topladığı tam təbii balları satışa çıxarır. Amma bal əldə etmək heç də asan deyil. İşin arxasında arı ailələrinin zəhmətkeşliyi, arı təsərrüfatı sahibinin möhkəm iradəsi dayanır.

ELNUR.jpeg (1.41 MB)

Hər nə qədər zəhmətkeş və faydalı olsalar da, arılar eyni zamanda aqressivdir. Ona görə də arıçılar mütləq xüsusi geyim geyinir, başlarını qorumaq üçün üzlüklü papaqlardan istifadə edirlər. Lakin bu da bəzən kifayət etmir. Arıları sakitləşdirmək üçün tüstü üsulundan istifadə olunur. Kağız və karton parçaları yandırılaraq dəmir alətin içində tüstü yaradılır və bu tüstü arıların üstünə üfürülür. Tüstü onları bihuş vəziyyətə salır və sancmaq riskini azaldır.

Hər arı ailəsində bir şah arı olur və idarəetməni də o həyata keçirir. Ölçüsü digər arılardan böyük, uzun, gövdə qismi isə parlaq tünd rəngdə olur. Maraqlıdır ki, bu “şah” əslində dişidir. Şah arının yuvada olmaması bütün nizamı pozur – yumurta qoyulmur, ailə dağılır. Elə buna görə də, şah arının sağlamlığı və varlığı arı ailəsinin davamlılığı üçün həyati əhəmiyyət daşıyır. Arı südü məhz şah arıdan alınır. Bu məhsul çox az miqdarda əldə olunur, buna görə də qiyməti baha olur və qramla satılır. Sağlamlıq baxımından çox faydalı sayılır.

Arıların ömrü isə olduqca qısadır - sadə bir işçi arının ömrü cəmi 40 gündür. Ölən arıların yerini şah arı tərəfindən qoyulan ağ rəngli kiçik yumurtalardan çıxan yeni işçilər tutur. Onlar bu qısa müddətdə minlərlə çiçəkdən nektar toplayaraq bal hazırlayırlar.

ELLNU.jpeg (2.13 MB)

Bal ildə 2 dəfə olur: May və avqust ayında.

Elnur bəy bildirir ki, may balı əsasən ağac çiçəklərindən toplanan nektardan hazırlanır. Çiçək balının rəngi açıq olur. Avqust ayında isə ot, yerdəki çiçəklərdən toplanan nektardan tünd rəngli bal hazırlanır. Tünd bal orqanizm üçün xüsusilə faydalıdır.

Hazırda təsərrüfatda 60 manata satılan “dalağ balı” tamamilə orqanikdir – arının özü tərəfindən yaradılan şanlı (dalağ) hissələrdə toplanır. Adi balın kilosu isə 35 manatdır. Bundan əlavə, arının üzərində yığılan çiçək tozu da satışa çıxarılıb, kilosu 80 manatdır.

Bal arısının ilk düşməni elə arının özü olur. Yabanı çöl arıları bəzən bal arılarının qutularına yaxın ərazilərdə yuva qurur, bal arıları ilə dalaşırlar. Təəssüf ki, bu qarşıdurmalarda bal arıları müqavimət göstərə bilmir və çox vaxt tələf olurlar.

BALL.jpeg (945 KB)

Arıçılıq təbiətlə əməkdaşlıq tələb edən bir peşədir. Elnur bəyin işi isə bu əməkdaşlığın canlı nümunəsidir. Zəhmətlə yoğrulan, təbiətin öz bağrından süzülən saf balın hekayəsidir.

Mənzər Novruzlu,
İsmayıllı, Mican kəndi
Fotolar müəllifindir

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR