İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Arutyunyan Xankəndidə erməniləri “tavana” oturdur

Separatçılar erməni əhalisinin 150 milyard dram borcunun qısa müddətdə ödənilməsini tələb edir

Xankəndidə separatçı rejim erməni əhalisindən borclarını təcili olaraq ödəməyi tələb edir. Erməni mediası yazır ki, qondarma “dövlət naziri” Qurgen Nersisyan “investisiya fondu”nda keçirdiyi görüşdə bu haqda bildirib. “Nazir” deyib ki, kim borcunu ödəməsə, məhkəmə (?-red.) onun haqqında qərar çıxaracaq və pul məcburi qaydada alınacaq, ödəniş etmək imkanı olmayanların əmlakı müsadirə olunacaq. Separatçı “nazir”in bu tələbi erməni əhali arasında ciddi narazılıq yaradıb. Qondarma “investisiya fondu”nun məlumatına görə, erməni əhalisinin 150 milyard dram borcu var. Bu pullar hansısa biznes qurmaq üçün götürülüb, lakin müharibə və sonrakı dövrdə bunu etmək mümkün olmayıb. Separatçılar isə borcu olan ermənilərə bildiriş göndərib və qısa müddətdə ödənilməsini tələb edib.

Publika.az yazır ki, bu vəziyyət Qarabağdakı proseslərdən konkret nəticələr çıxarmağa imkan verir: birincisi, separatçı rejim heç olmadığı qədər çıxılmaz vəziyyətdədir; ikincisi, erməni əhalisini “borc təhdidi” ilə özlərinə tabe etdirmək və Azərbaycana reinteqrasiya meyllərini sıradan çıxarmaq istəyirlər; üçüncüsü, separatçıların qaçışdan öncə pulları toplamaq istədikləri də istisna deyil. O da vurğulanır ki, rəsmi Bakının bir neçə istiqamətdə addım atması imkanı yaradır. Məsələn, erməni əhalisinə Azərbaycana reinteqrasiya prosesi çərçivəsində bütün borclarının sıfırlanacağı haqda müraciət oluna bilər...

İranın Zəngəzur dəhlizini nüvə silahı ilə qorumaq “planı”

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, separatçı rejim çıxılmaz vəziyyətə düşüb və artıq öz sonunun çatdığının fərqindədir: "Bu rejim vaxtilə Azərbaycanın təbii sərvətlərini istismar etməklə iqtisadi fəaliyyəti təşkil edərək borclarını geri qaytarmaq potensialına malik idi. İndi isə bölgədə iqtisadi həyatı təşkil etməkdə tamamilə acizdir və gəlirlərdən məhrumdur. 150 milyard dram təqribən 400 milyon dollara yaxın vəsait edir. Bu qədər vəsaiti geri ödəmək üçün qondarma rejim heç bir şərait yarada bilmir. Ermənistanın "Hraparak" nəşrinə danışan bölgə sakinləri vurğulayırlar ki, onların biznes məqsədilə götürdükləri kredit borclarını geri ödəmək üçün heç bir imkanları yoxdur, tək çarə olaraq əmlaklarını satışa çıxarıb, Rusiyaya köçməyi hesab edirlər. Həqiqətən də bölgədə əmlak satışı gedərək çoxalmaqdadır, hətta bu günlərdə azərbaycanlıların Xankəndidə mülk sahibi olması məsələsi gündəm olmuşdu. Artıq erməni diasporu da qondarma rejimə investisiya yatırmaqda maraqlı deyil, çünki bölgənin əsl sahibi geri qayıdıb və erməni diasporu tərəfindən bölgəyə yatırılmış bütün investisiya itirilmiş fond deməkdir. Ermənistanın baş naziri Paşinyan öz çıxışlarında və beynəlxalq formatlı danışıqlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə edib. Bugünlərdə Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarından da pozitiv impulslar gəlməkdədir: XİN sözçüsü Ayxan Hacızadənin tvitter mesajı “Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb” deməsi bu baxımdan diqqətəlayiqdir. Yəni artıq sülh müqaviləsi imzalamanın zamanıdır. Tam bu zamanda Ermənistan parlamenti qondarma rejimin “parlamenti” ilə birgə görüş keçirməyi rədd edib. Qondarma rejimin rəhbərlərinin hamilərinə olan borcunu qaytarması üçün blokadada saxladıqları sivil bölgə sakinlərinə təzyiqlərinin artması “normaldır”. Əslində Qarabağı blokadada saxlayan biz yox, qondarma rejimin rəhbərliyidir. Bu blokadadan canını qurtarmaq istəyən yerli ermənilərin tək çarəsi isə Azərbaycan vətəndaşlığını qəbul etmək ola bilər. Belə ki, Laçın yolunda quraşdırılmış sərhəd-keçid məntəqəsindən Ermənistana yol alan bölgə əhalisinin geri qayıtmaq üçün Azərbaycan vətəndaşlığına ehtiyacı olacaq. Onların reinteqrasiyasını sürətləndirmək üçün borclarının silinməsi də təklif edilə bilər. Beləliklə, “erməni revanşistlərinin, daşnak düşüncəli diaspora hamilərinin siyasi təlqinləri, yerli ermənilərin boyunlarına keçirdikləri borc zəncirlərinin ağır yükü” olmadan, Azərbaycan vətəndaşı olaraq sıfırdan təmiz həyata başlamaq, yaxud Qarabağdan köçüb getmək - bu dilemma qarşısında Qarabağ ermənilərinin həyati seçim etmə vaxtı çatıb".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə qeyd etdi ki, separatçı rejimin çıxılmaz vəziyyətdə olduğu hər keçən gün daha da aydın görünür: “Laçın sərhəd-keçid məntəqəsinin qurulması Xankəndidəki separatçıların təsirini faktiki olaraq sıradan çıxardı. Erməni əhalisinin iki yolu var, bu haqda artıq özləri də danışır. Ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da ərazini tərk edəcəklər. Separatçılar erməni əhalisinin nə getməsini, nə də Azərbaycana reinteqrasiyasını istəmir, öz mövcudluqlarını qorumaq üçün müxtəlif yollara əl atır. Borc məsələsi də bu vasitələrdən biridir. Bununla erməni əhalisini özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Lakin separatçılar da bilirlər ki, mövcud vəziyyətdə əhalinin borcu qaytarması çətindir, buna rəğmən, borcların təcili qaytarılması tələbini irəli sürmələri iki məsələni də önə çıxarır: birincisi, separatçı rejimin artıq maliyyə imkanları da tükənməkdədir; ikincisi, separatçı rejimin qaçmamışdan öncə pulları topladığı da istisna deyil. Ümumilikdə, bundan sonrakı proseslərdə erməni əhalisi separatçıların əlində qalan son vasitədir, onlar özlərini qorumaq üçün əhali faktorundan istifadə edəcəklər. O da istisna deyil ki, əhalinin adından Azərbaycana qarşı təxribatlar törədilsin və bununla reinteqrasiyanı qəbul etmədiklərini nümayiş etdirsinlər. Artıq bundan sonrakı dövrdə erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması Azərbaycanın üzərinə düşür. Rəsmi Bakı erməni əhalisi ilə təmasları bu və ya digər formada sıxlaşdırmalı, onlara real vəziyyəti izah etməli, eyni zamanda separatçıların əhaliyə qarşı qanunsuz addımlarını beynəlxalq müstəvidə müzakirəyə çıxarmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR