Onlayn ictimai-siyasi qəzet
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) olub. Agentlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidmətini əldə edib. AQTA informasiya sistemlərini tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Eyni zamanda Agentlik məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə “AzInTelecom” AQTA mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ