İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqressorun əmisi oğlu olmaq...- İşğaldan əziyyət çəkmiş ölkəyə yaraşarmı?

Bir böyük dövlətin öz qonşuluğundakı və ya bir az uzaqdakı kiçik dövlətə hücum edib onu ya bütöv şəkildə, ya da ərazisinin bir hissəsini işğal, ilhaq etməsinə necə haqq qazandırmaq, “əcəb edir” demək olar?

Belə deyənlər ya siyasəti bilmirlər, ya da həmin aqressiv dövlətə nəyə görəsə aşırı dərəcədə rəğbət bəsləyirlər. Üçüncü variant da odur ki, belələri patoloji ədalətsiz adamlardır.

“Mənə dəyməyən qurd min il yaşasın” söhbəti beynəlxalq və regional siyasətdə keçərli deyil. Son minilliklərin tarixi təcrübəsi göstərir ki, bu gün qonşuya hücum edən yırtıcı mütləq sabah sənə də cumacaq. Hitler Çexiyanı işğal etdi, Polşaya dəymədi, yoxsa o boyda Fransanı tutandan sonra Macarıstandan yan keçdi?

Tarixdə “böyük fateh” kimi tanınan istənilən işğalçı hökmdarı götürün, hamısı önünə çıxan ölkələri tuta-tuta, azsaylı xalqları qıra-qıra, köləyə çevirə-çevriə ta yorulub əldən düşənə, durdurulana qədər gediblər, milyonlarla insan öldürüblər.

Bu baxımdan heç bir yadelli işğalçıya, aqressora haqq qazandırmaq, tərəf çıxmaq olmaz. Bu, öz ayağına balta vurmaq kimi bir şeydir. Əgər bu gün qonşunu işğal edən aqressoru haqlı sayırsansa, demək, o aqressorun sənin vətənini də işğal etməsinə hazırsan.

Sonuncu dəfə ölkəmizdə bu cür işğalçıya kütləvi haqq qazandırmaq olayı 1990-cı ildə, İraq diktatoru Səddam Hüseynin müstəqil Küveyt dövlətini işğal edəndə olmuşdu. Hətta rəsmi qəzetlərdə, televiziyada belə siyasi icmalçılar Küveyti İraqın “tarixi ərazisi” adlandırır, dolayısı ilə Bağdadın bu ölkə üzərində hansısa ərkinin olmasına eyham edirdilər.

Xalqımız isə tamamilə Səddam Hüseynin tərəfində idi, “Səddam yaxşı edir” deyir, Küveytin müstəqil dövlət olaraq mövcudluq haqqını inkar edirdilər. Ölkədə yeni doğulan oğlan uşaqlarına Səddam adı qoymaq dəb olmuşdu. Axtarsaq, görərik ki, bu gün Səddam adı daşıyan kişilərin əksəri 34-35 yaşlı kişilərdir. Bunlar Səddama o zamankı rəğbətin əsərləridir.

Hazırda ABŞ prezidenti Trampın Rusiya qarşısında müəyyən revaranslar etməsinə, Ukrayna ilə möhtəkir alverçilər kimi danışmasına, ona dəstəkdən boyun qaçırmaq istəməsinə görə sevinən bir sıra siyasətşünas və jurnalistlər Ukrayna prezidenti Zelenskiyə nifrət, Rusiya prezidenti Putinə rəğbət ifadə edirlər, “biz demişdik, belə olacaq”, “Qərbə güvənərək Rusiyaya təpik atanın axırı belə olmalıydı” kimi ifadələr işlədirlər. “Proqnoz”ları doğrulsun deyə 50 milyonluq bir ölkənin məhv olmasını istəyirlər.

Sanki bu müharibədə Ukrayna uduzsa, Zelenski öldürülsə, yaxşı olacaq. Ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiya daha da iştahlanmayacaqmı? Keçmiş SSRİ respublikalarını ard-arda özünün federal subyektinə çevrimək istəməyəcəkmi?

Özü də “federal subyekt” deyərkən heç kəsin ağlına dünyadakı digər federativ dövlətlər gəlməsin. Moskvanın federasiya anlayışı tamam başqadır. O, azman bir dövlətdə nə qədər muxtar qurum var, hamısının rəhbər kadrlarını özünün təyin etməsini istəyir. Nə seçki, nə xalq iradəsi? Bütün idarəetmə şaquli qaydada, Moskvadan olmalıdır. Moskva istədiyi vaxt müttəfiq respublikanın, federal qurumun rəhbərini dəyişmək, cəzalandırmaq hüququna yiyələnməlidir. Belə vərdiş ediblər. O Türkiyədir ki, böyük şəhərlərin bələdiyyə sədrləri müxalifət partiyasının üzvləridir. Rusiyada bir dənə belə fakt yoxdur, ola bilməz, bu gedişlə heç vaxt olmayacaq.

Başqa sözlə, bu gün Ukraynanın Rusiya tərəfindən işğal olunmasını arzu edənlər dolayısı ilə Rusiyanın 1920-ci ilin aprelin 27-də olduğu kimi, yenidən Bakını işğal etməsini istəyirlər – ya bilmədən, ya da bilə-bilə.

Ukrayna bu gün tək özü üçün vuruşmur, bütövlükdə postsovet məkanı, eləcə də Rusiyanın digər yaxın qonşularının müstəqilliyi üçün vuruşur. Onun müqaviməti qırılsa, Avrasiyada “yıxılan domino daşları” vaqiəsi yaşanacaq.

Ölkəmizdə daha çox adamın Rusiyanın aqressiyasına qarşı olmasının, öz azadlığı və müstəqilliyi üçün vuruşan Ukraynanın haqq işinə dəstək verməsnin səbəbi budur. O adamların tam əksəriyyəti xalq hərəkatının fəalları olublar, 37 ildir ki, Kremlin hər cür yamanlıqlarının şahididirlər. Bu gün əminliklə bəlli mövqedədirlərsə, bir bildikləri var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR