İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir?”

Qarabağ haqda film Venesiya Festivalında

İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.

Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.

İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində mərhum prezident Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.

Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.

Venesiya Film Festivalı növbəti dəfə “Qızıl şir”i təqdim edəcək - AZƏRTAC

Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.

Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb. Xatırladaq ki, avqustun 28-dən start götürən festival sentyabrın 7-dək davam edəcək.

Emin Əfəndiyevin 52 dəqiqəlik “Tənha insanın monoloqu” filminin premyerası ötən ay Milli Kino Günündə keçirilib. Filmdə klassik ata-oğul əhvalatı əks olunur. Birinci Qarabağ müharibəsi qazisi olan ata kontuziya alıb, əsirlikdə olub, əsəbləri korlanıb. Qayğıkeş, sevgi dolu atanı müharibə sərtləşdirərək tamam başqa bir adama çevirib. Ata və oğul arasında yaranan konfliktlərin səbəbləri arasında mental, patriarxal faktorlar var, amma ümumilikdə, bir ailənin dağılmasının səbəbkarı atanın müharibədə aldığı psixoloji yaralardır.

İkinci Qarabağ müharibəsinə çağırılan oğul yataq xəstəsi, nitq qabiliyyətini demək olar ki, itirmiş, sözləri yarımçıq deyən atanı həkimin məsləhəti ilə qocalar evinə qoymağı planlaşdırır. Ata isə qocalar evində yaşamaq istəmir, ölümü seçir. Yeməkdən, dərmandan imtina edir və beləcə, oğulu öz yükündən azad edir ki, müharibədə ikən ondan nigaran qalmasın.

“Qısametrajlı da olsa İkinci Qarabağ müharibəsi haqqında olan filmin Venesiya Festivalında nümayiş olunması sevindirici haldır və bu, milli kinomuzun uğurudur. Buna görə filmin rejissoruna, həmçinin bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”. Bu sözləri millət vəkili, yazıçı, jurnalist Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən deyib. Aqil Abbas həmçinin qeyd edib ki, özü də İkinci Qarabağ müharibəsi haqqında ssenari yazıb: “Ssenarini artıq təhvil vermişəm. İndi bəyənib, nə zaman film çəkəcəklər, bu artıq məndən asılı məsələ deyil.  Ümumiyyətlə, kinonun böyük auditoriyası var. Bir əsər yazanda onu maksimum 50 min adam oxuyar, amma yaxşı bir film çəksən, ona milyarda yaxın adam baxa bilər. Çünki müxtəlif televiziyalarda nümayiş olunur, festivallara çıxır və sairə.

Bu baxımdan, İkinci Qarabağ müharibəsinin həqiqətləri, Azərbaycanın qələbəsi, igid oğullarımız necə döyüşüb, hansı çətinliklərdən keçmişik, bütün bunların dünyada nümayişinə böyük ehtiyac var. Niyə “Rembo”ya və yaxud digər xarici filmlərə baxmalıyıq? Qəhrəmanlıq haqqında öz filmlərimiz olmalıdır və dünya bizə baxmalıdır.  O ki qaldı dünyanı özünə cəlb edə biləcək filmlər çəkə biləcəyimizə, hesab edirəm ki, buna hələ var. Doğrudur, bu məsələdə dövlətin böyük dəstəyinə ehtiyac var, amma gəlin baxaq görək, nə qədər özəl şirkətlərimiz var. Onların arasında milyonlar deyil, milyardlar qazananlar da var. Həmin şirkətlər sanballı filmlər çəkilməsinə dəstək ola bilərlər. Və yaxud niyə Qarabağ müharibəsi haqqında çəkilən filmə Müdafiə Nazirliyi pul vermir? Biz görürük ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi öz filmlərini çəkir, eləcə də Müdafiə Nazirliyi də Qarabağ müharibəsi haqqında çəkilən filmi maliyyələşdirə bilər".

Mədəniyyət nazirini ittiham etmək ədalətsizlikdir - Sevda Sultanova

Sevda Sultanova 

Kinotənqidçi Sevda Sultanova isə deyir ki, Kino Agentliyinin rəsmi facebook səhifəsində, həmçinin saytlarda festivalda iştirakla bağlı yayılan informasiyada manipulyativ məqamlar var: ""Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir". Birinci cümlədəki “Azərbaycan kinosu tarixində ilk dəfə olaraq” hissəsi oxucuları və festivallar haqda detallı bilgiləri olmayan saytları asanlıqla tələyə salır. Təsəvvür yaranır ki, Azərbaycan ilk dəfə Venesiya festivalında iştirak edir və hər iki film festivalın hansısa mühüm proqramında iştirak edir. Hətta bəzi saytlarda məlumat belə başlıqla yayılıb: “Filmlərimiz ilk dəfə Venesiya festivalında”.

Venesiya festivalında əsas müsabiqə, horizontlar, qısametrajlı filmlər müsabiqəsi, müsabiqədənkənar baxış, Venesiya klassikası, Sconfini və digər proqramlar var. Bəs bizim filmlər hansı proqramdadır? Təbii ki, əsas müsabiqədə, horizontlarda, hətta qısametrajlı film müsabiqəsində də yoxdur. Çox güman ki, sadəcə, müsabiqədənkənar nümayiş olub. Amma bu məlumat belə dəqiq deyil. Bəlkə heç nümayiş də olmayıb. ARKA-nın rəsmi səhifəsində isə belə yazılır: “Festivalda Azərbaycan kinosu tarixində ilk dəfə olaraq üç film təqdim olunub”. Yenə “ilk dəfə” sözü manipulyativ xarakter daşıyır. Və hansı üç filmdən söhbət gedir? Məlumatda daha sonra yazılır: “Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin "Quşlar susanda" film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib". Hansı prodüserlərlə görüş olub? Bu barədə də heç bir məlumat verilmir.

Azərbaycan kino tarixində ilk dəfə Elçin Musaoğlunun “Nabat”ı bu festivalın horizontlar proqramında göstərilib. Daha sonra yenə də ilk dəfə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” (müştərək layihədir) Venesiya festivalının əsas müsabiqəsinə düşüb. Amma ARKA-nın Facebook səhifəsində bu faktlar qeyd olunmur. Daha bir məsələ, xatırladım ki, 2003-cü ildə Murad İbrahimbəyovun “Neft” filmi (Azərbaycan, Rusiya) Venesiya kinsofestivalında “Ən yaxşı qısametrajlı film”ə görə “Gümüş Şir” mükafatını alıb".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR