Onlayn ictimai-siyasi qəzet
“Google”dan sonra digər böyük Amerika texnologiya korporasiyası “Apple” da prezident Donald Trampın fərmanına uyğun olaraq ABŞ-dakı istifadəçilər üçün xəritələrində Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.
Musavat.com “Bloomberg”ə istinadən xəbər verir ki, söhbət əksər “Apple” cihazlarında, o cümlədən “iPhone, iPad” və “Mac”da quraşdırılmış “Maps” - Xəritələr tətbiqindən gedir.
Agentlik qeyd edir ki, “Apple” hələlik yalnız ABŞ istifadəçiləri üçün körfəzin adını dəyişib, lakin tezliklə onu bütün dünyada istifadəçilərə təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın sonunda inauqurasiyasından qısa müddət sonra Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. Arqument olaraq, Ağ Evin rəhbəri bunun “Amerika iqtisadiyyatı üçün əsas əhəmiyyətini qoruyan” “dünyanın ən böyük körfəzi” olduğunu göstərdi. Tramp öz sərəncamında qeyd edir ki, yeni ad ABŞ-ın “bu inkişaf edən iqtisadi resursu və onun iqtisadiyyat üçün kritik əhəmiyyətini nəzərə alaraq” verilir.
BMT bu məsələ ilə bağlı bildirib ki, coğrafi obyektlərin adının dəyişdirilməsi hər hansı bir dövlətin səlahiyyətinə aid deyil.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ