İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı iqtisadiyyatlardan neqativ xəbərlər - xammal bazarlarını nə gözləyir?

Dünyanın gözü ən böyük istehlakçıdadır...

Dünyanın aparıcı iqtisadiyyatlarında qeydə alınan göstəricilər xammal bazarları üçün heç də ürəkaçan deyil. Qlobal iqtisadi proseslərdə müəyyənləşdirici rola malik ABŞ, Avropa Birliyi və Çin iqtisadiyyatlarında əhvalın neqativə meyllənməsi müşahidə olunur.

Belə ki, “Markit” şirkətinin ilkin hesablamalarına əsasən, iyul ayında ABŞ-ın istehsal sektorunda işgüzar aktivlik indeksi(Manufacturing PMI) iyundakı 46,3 bənddən 49 bəndə yüksəlib. Bu artıma baxmayaraq, indeksin 50 bənddən aşağıda qalması istehsal sektorunda işgüzar aktivliyin məhdudlaşdığını göstərir.

Xidmət sektorunda işgüzar aktivlik 54.4 bənddən 52.4 bəndə qədər azalıb. Buna baxmayaraq, göstəricinin 50 bənddən yüksək olması ölkənin ümumi daxili məhsulunun 80 faizini verən bu sektorda işgüzar aktivliyin genişləndiyini göstərir.

ABŞ-la bağlı neqativ xarakterli daha bir xəbər «Fitch» beynəlxalq reytiq agentliyinin ölkənin uzunmüddətli kredit reytinqini AAA-dan AA+-a endirməsidir. Agentlik bunu ölkənin büdcə göstəricilərinin pisləşməsi və dövlət borcunun artması ilə izah edir. «Fitch»ə görə, ABŞ dövlət büdcəsinin kəsiri cari ilin sonunda bir il əvvəlki 3,7 faizdən 6,3 faizə qədər artacaq. Ölkənin ümumi dövlət borcu ÜÜDM-in 112 faizinə çatacaq.

ABŞ maliyyə naziri Canet Yellen agentliyin bu qərarını “əsaslandırılmayan və köhnə göstəricilərə istinad edən” qərar adlandırıb.

«S&P Global» şirkətinin hesablamalarına əsasən, iyil ayında Avrozonanın istehsal sektorunda işgüzar aktivlik indeksi iyundakı 43,4 bənddən 42,7 bəndə qədər azalıb. Bu, son 3 ildə ən aşağı göstəricidir. Avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniyada sənaye istehsalı sektorunda 40.6 bənddən 38.8 bəndə, Fransada 46 bənddən 45,1 bəndə qədər azalıb.

Şirkətin məlumatına görə, Avrozonanın özəl sektorunda iqtisadi azalma gözləntilərdən daha yüksək olub. Yeni sifarişlərin azalması yaxın aylarda bu prosesin daha da dərinləşəcəyini göstərir.

Avrozonanın ümumiləşdirilmiş işgüzar aktivlik indeksi isə iyulda bir ay əvvəlki  49.9 bənddən 48,9 bəndə düşüb.

Xidmət sektorundakı PMI azalsa da, 50 bənddən yüksək olub - 51.1 bənd.

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çin Statistika İdarəsinin məlumatından aydın olub ki, ölkənin xidmət və tikinti sektorunda işgüzar aktivlik indeksi(PMI) iyundakı 53,2 bənddən 51,5-ə düşüb. Bu sektorda yeni sifarişlər altindeksi 49,5 bənddən 48,1 bəndə, optimizm indeksi isə 60,3 bənddən 59 bəndə qədər azalıb.

Qeyri-istehsal sektorunda PMI iyunla müqayisədə 1,7 bənd azalmaqla 51,5 bənd təşkil edib. Bu sektorda yeni sifarişlər altindeksi 1,4 bənd azalaraq 48,1 bəndə düşüb, alış qiymətləri altindeksi 1,8  bənd artaraq 50,8 bənd, satış qiymətləri altindeksi isə 1,9 bənd artaraq 49,7 bənd olub.

Emal sektorunda PMI iyunla müqayisədə cüzi artaraq 49,3 bənd təşkil edib. Bu sektorda yeni sifarişlər altindeksi 48,6 bənddən 49,5 bəndə yüksəlib, ixrac satışları altindeksi isə 46,4 bənddən 46,3 bəndə, məşğulluq indikatoru 48,2 bənddən 48,1 bəndə düşüb.

Sənaye sektorunda yaxın gələcək üçün optimizmi müəyyən edən göstərici 53,4 bənddən 55,1 bəndə yüksəlib.

Çin iqtisadiyyatı üzrə ümumiləşmiş PMI iyundakı 52,3 bənddən iyulda  51,1 bəndə qədər azalıb ki, bu da 2022-ci ilin dekabrından bəri ən aşağı göstəricidir.

Çində iqtisadi artım sürəti də qaneedici səviyyədə deyil. Belə ki, 2023-cü ilin ikinci rübündə ölkə iqtisadiyyatı birinci rüblə müqayisədə 0,8 faiz genişlənib. Kəskin lokdaunların olduğu ötən ilin ikinci rübü ilə müqayisədə illik artımın 6,3 faiz olması beynəlxalq analitik mərkəzlər üçün gözlənilməz hesab edilir: çünki gözləntilər 7 faizdən yuxarı idi.

Əgər bu sürət saxlanarsa, ilin yekununda Çində cəmi 3 faizlik iqtisadi artım qeydə alınacaq ki, bu da 2000-ci illərdən bəri pandemiya ili istisna olmaqla, ən aşağı göstəricilərdən biri olacaq.

ÜDM artımı və işgüzar aktivlik göstəricilərilə yanaşı, Çin iqtisadiyyatında vəziyyətin ürəkaçan olmadığını göstərən başqa göstəricilər də açıqlanıb. Belə ki, iyunda ölkədə pərakəndə satışlar maydakı 12,7 faizə qarşı cəmi 3,3 faiz artıb. Ekspertlər bildirirlər ki, maydakı yüksək göstərici 2022-ci ilin eyni dövründəki aşağı göstəricinin hesabına əldə edilib. İyunda isə artıq zəif baza dövrü olmadığına görə reallıq üzə çıxıb. 3.3 faiz son 10 il üzrə orta göstəricidən 2 dəfədən də çox aşağıdır və istehlakçıların iqtisadiyyatın gələcəyi ilə bağlı bədbin gözləntilərdə olduğunu göstərir.

Çinin əmək bazarı da təşviş doğuran göstəricilər nümayiş etdirir. Belə ki, 16-24 yaşlı gənclər arasında işsizlik 21,3 faizə yüksəlib. Çin analitiklərinə görə, yaxın bir neçə ildə vəziyyətin düzələcəyinə ümid azdır: əmək bazarına milyonlarla dünənki tələbə daxil olacaq, ləng inkişaf edən iqtisadiyyatın onları işlə təmin etmək gücü olmayacaq.

Sənaye iqtisadiyyatın aparıcı sahəsi olmaqda davam edir - "İki sahil"

Dünyanın əksər ölkələri inflyasiyadan əziyyət çəkdiyi bir məqamda Çin iqtisadiyyatı defilyasiya təhlükəsi ilə üzləşib ki, bu da çox ciddi təhdidlərdən biri hesab olunur. İyun ayında Çində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb. Bu zaman istehlak bazarındakı vəziyyətin xəbərvericisi sayılan istehsalçı qiymət indeksi mayla müqayisədə 0,8 faiz, illik ifadədə isə 5,2 faiz aşağı düşüb.

Nəhayət, təhlükəli göstəricilərdən biri də ixracla bağlıdır. İyunda Çinin ixracı illik ifadədə 12,4 faizlik azalma nümayiş etdirib. Bu, Pekinlə ən böyük ticarət tərəfdaşları olan ABŞ və Avropa Birliyi arasında yaranan problemlərdən irəli gələn prosesdir və növbəti aylarda onun daha da dərinləşməsi gözləntiləri var.

İqtisadiyyatdakı ləng inkişaf idxalda da azalmaya səbəb olub - iyunda illik 6,8 faiz.

Beynəlxalq analitik mərkəzlərdə hesab edirlər ki, iqtisadi göstəricilərdəki mənfi tendensiyalar Çin hakimiyyətini iqtisadi stimullaşdırma proqramını tətbiq etməyə vadar edə bilər. Belə proqramlar Çində bir neçə dəfə tətbiq olunub. Məsələn, 2008-2009-cu illər maliyyə böhranı zamanı dövlət iqtisadiyyatı stimullaşdırmaq üçün 600 milyard dollar sərf etmişdi. İndiki halda iqtisadi artımı sürətləndirmək üçün daha az dəstəyə ehtiyac var. Bu məsələnin Çin Kommunist Partiyası rəhbərliyinin bu ay keçiriləcək iclasında müzakirə olunacağı güman edilir.

Beləliklə, qlobal iqtisadiyyatın aparıcı ölkələrində iqtisadi göstəricilər heç də müsbət istiqamətli deyil. Bu isə xammal bazarları üçün kəskin neqativ faktor rolunu oynayır. Xüsusilə dünyanın ən böyük istehlakçısı olan Çində iqtisadi genişlənmənin aşağı sürəti xammal bazarlarında tələbin azalması deməkdir.

Azərbaycanın iqtisadi maraqları baxımından həyati əhəmiyyət kəsb edən neft bazarında hələlik qiymətlər qaneedici səviyyədədir. Bu bazarda qiymətlər OPEK+ ölkələrinin hasilatı azaltmaq istiqamətli addımları ilə dəstəklənir. Belə ki, avqustun 1-dən etibarən Rusiya dünya bazarına gündəlik neft ixracını 500 min barel azaltmağa başlayır. Bu addım mart ayından başlayaraq gündəlik hasilatın 500 min barel azaldılmasına əlavə olaraq atılır.

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu addım dünya neft bazarında balansı qorumaq məqsədi ilə atılır. Novakın sözlərinə görə, şirkətlər hasilatı, yaxud ixracı azaltmaq barədə özləri qərar verəcəklər, əsas odur ki, Rusiyanın ümumi ixracı vəd edilən həcmdə azalacaq.

Rusiyanın energetika naziri Nikolay Şulgin isə TASS-a bildirib ki, ölkəsi neft ixracını iyuldan azaltmağa başlayıb ki, avqustun 1-dən onu vəd olunan həcmə - 500 min barelə tam çatdırsın.

Bu ay həmçinin Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1 milyon barel azaltmaq qərarını davam etdirəcək. Ər-Riyad bu addımı yalnız iyul ayı üçün bazarda qiymətlərin azalmasının qarşısını almaq məqsədilə atmışdı. Lakin sonradan bu qərarın müddəti avqusta şamil edildi. May ayından ölkə gündəlik hasilatı 500 min barel azaltmışdı. Nəticədə hasilat 10 milyon barelə düşmüşdü. Hazırda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 9 milyon barel təşkil edir.

Əsas oyunçuların hasilat və ixracı azaltmaları dünya bazarında qiymətlərin 85 dollara qədər yüksəlməsi ilə müşayiət olunur.

Bu günlərdə neft bazarı üçün daha bir pozitiv faktor ötən həftə ABŞ-da neft ehtiyatlarının 1982-ci ildən bəri ən kəskin səviyyədə -  15,4 milyon barel azalmasına dair məlumatlardır. Həftənin əvvəlindən qiymətlərdə qeydə alınan azalma bu xəbərdən sonra yenidən zəif də olsa artımla əvəz olunaraq, Brent markalı neftin bir bareli üçün 85 dollardan yuxarı qalxıb.

Azərbaycanın dünya bazarına çıxardığı AzeriLight markalı neftin qiyməti isə 87 dollardan yuxarıdır.

Azərbaycanın dövlət büdcəsində neftin orta qiyməti 60 dollar nəzərdə tutulduğuna görə hazırkı qiymət diapazonu ölkə üçün komfortlu hesab olunur.

Lakin hazırda diqqətlər Pekinə yönəlib. Əgər Çin hökuməti yaxın 1 ay ərzində iqtisadiyyatı stimullaşdırmaq üçün radikal addımlar atmasa, hasilatın azaldılması belə azalan tələb qarşısında qiymətləri saxlamaq üçün yetərli olmayacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR