Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Əlbəttə, əgər ona kimi erkən seçkilər qərarı verilməsə və “Ermənistan” adında saxta dövlət dünya xəritəsindən silinməsə.
Sonuncu, 2021-ci il iyun seçkiləri də növbədənkənar olub. Səbəb isə 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən, işğaldan sonra erməni cəmiyyətinin ovqatını, mövqeyini öyrənmək, onun hansı siyasi qüvvəyə etimad, simpatiya bəslədiyini dəqiqləşdirmək idi.
Dəqiqləşdi: elektoratın əksəriyyəti dünya seçki tarixində ilk dəfə müharibəni uduzan ölkə rəhbərinin, ali baş komandanın partiyasına səs verib onu qalib etdi. Nikol Paşinyan öz postunda qaldı. Bu əslində erməni xalqının sülhə səs verməsi idi...
Gözləmək olardı ki, Nikol Vovayeviç aldığı mesajı düz oxuyacaq və vaxt itirmədən toplumun yerdə qalan kəsimi daxil, öz xalqını sülhə hazırlayacaq. Ardınca Azərbaycanla 5 məlum prinsip əsasında sülh müqaviləsi imzalayacaq, ölkə konstitusiyasından iki qonşu dövlətə qarşı əsassız torpaq iddiaları ilə bağlı bəndləri çıxarıb sənədi beynəlxalq hüquqa uyğunlaşdıracaq, Azərbaycanla, Türkiyə ilə düşmənçilik səhifəsi qapanacaq. Nəticə olaraq, bölgədə bütün kommunikasiyalar, sərhədlər açılacaq, kapitulyant ölkə nəhayət, blokadadan çıxacaq. Rusiyadan, digər güc mərkəzlərindən asılılığı azalacaq. Daha heç bir dövlətin, xarici güc mərkəzinin əlində qonşulara qarşı alət, oyuncaq olmayacaq və s.
Əfsus, üstündən 3 ildən çox keçməsinə rəğmən, “yük” köhnə yerində qalır. Doğrudur, N.Paşinyan Praqa bəyannaməsi ilə (2022) Qarabağın Azərbaycan ərazisi olduğuna imza atıb. İşğal altındakı 4 kəndimizi geri qaytarıb. Ancaq davamı gəlməyib. Davam barədə isə bir abzas yuxarıda yazdıq.
Əksinə, son sorğular göstərir ki, erməni cəmiyyətində Türkə nifrət azalmayıb. Əhalinin əksəriyyəti ərazi iddiaları ilə bağlı konstitusiyaya düzəlişin əleyhinədir. Əsl nonsens. Görəsən bir millət kin-ədavət bəslədiyi, torpaqlarına göz dikdiyi qonşuları ilə dinc-yanaşı yaşamağı necə təsəvvür edir? Gerçəkdən hayları anlamaq üçün gərək hay olasan. Yaxşı, o zaman 2021-də Paşinyanın partiyasına niyə səs vermişdiniz?..
Üstəgəl, Nikol Paşinyan hökumətinin özü ötən müddətdə Ermənistanı silahlanmasına, ordu quruculuğuna daha çox diqqət və vəsait ayırıb (Gələn il üçün hərbi xərclər rekord həcmdə – 1.7 milyarda dollar olacaq), nəinki Bakı və Ankaranın 4 ildir havada qalan barışıq əlini sıxıb qonşularla siyasi-diplomatik və iqtisadi-ticari əlaqələri bərpa eləməyə. Elə bu sətirlər yazılarkən müdafiə naziri Suren Papikyan ABŞ-da Penqaton başçısı Lloyd Ostinlə hərbi əməkdaşlıqla bağlı danışıqlar aparırdı.
Təbii ki, Azərbaycanda və Türkiyədə qonşularına konstitusion ərazi iddiaları olan Ermənistanın bu hoqqalarını diqqətlə izləyir və nəzərə alırlar. Alınacaq da. Təsadüfi deyil ki, dünən İlham Əliyev Bakıda keçirilən Qərbi azərbaycanlıların tarixi yurd yerlərinə qayıdış hüququ ilə bağlı II beynəlxalq konfransının iştirakçılarına müraciətində Ermənistanın sülhə meylli olmamasından narahatlığını ifadə edib. “Dərin kök salmış düşmənçilik, Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddiaları və davam edən hərbiləşmə davamlı sülh perspektivlərinə mane olur,” – Prezident bildirib...
İndi də iddialar səslənir ki, növbəti seçkilərdə hakim partiyanın siyahısına baş nazirin arvadı Anna Akopyan başçılıq edə bilər. Yəni guya ölkənin yeni rəhbəri, ali baş komandan Anna olacaq. Bu barədə yerli “Hraparak” qəzeti yazıb.
“Onun hiperaktivliyini izah edən məqam məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. Hakim partiyanın üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri də Anna Akopyanın ssenarisinə uyğun aparılıb”, - nəşr əlavə edib.
Zaman-zaman yazmışıq: ermənilərə baş naziri deyil, başı, xəstə təfəkkürü dəyişmək lazımdır. Çünki xain qonşuların ən böyük problemi, bəlası bu. Yoxsa Paşinyanın yerinə Pişikyan gəlsə, hər il seçki də keçirilsə, müsibətləri, əzabları azalmayacaq. Özləri cəhənnəm, bölgə vaxtaşırı hərbi toqquşma, savaş meydanına çevriləcək.
Deyəsən, yenə ona doğru gedirik. Keşkə, yanılaydıq...
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ