İnsanlara hürriyət, millətlərə istiqlal!

Anklavların geri qaytarılacağı xəbəri erməniləri təlaşa saldı

Ermənistanda 8 kəndin geri qaytarılmasının vacibliyini anlayanlar da var, İrəvan bu dəfə də geciksə...; deputat: “Ermənistan o torpaqları qaytarmalıdır və qaytaracaq!”

Prezident İlham Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbətində Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb. Söhbət 30 ildən artıqdır Ermənistanın işğalı altında olan Sədərəyin Kərki və Qazağın 7 kəndindən gedir.

Azərbaycanın dövlət başçısı danışıqlarda moderatorluq edən və Brüssel görüşünə hazırlaşan Ş.Mişelə 8 kənd xatırlatması etməklə 86,6 min kv.km-lik ərazilərimizi tanıdığını bəyanlayan Nikol Paşinyanın sözünə və imzasına şübhəsini ifadə etmiş olub. Bu, həm də o deməkdir ki, Paşinyan qarşıdakı danışıqlarda sülhə doğru addım atmaqda səmimidirsə, o halda ilk öncə ərazi bütövlüyünü tanıdığı Azərbaycanın kəndlərini azad etsin və heç olmasa, öz sözünə və Qranadada imzaladığı sənədə hörmət eləsin. Avropa İttifaqı Şurasının rəhbərinə deyilən bu fikirlər həm də Azərbaycanın ərazi məsələsində heç bir güzəştə və unutqanlığa yol verməyəcəyinin qətiyyətli şəkildə ifadəsidir.

Xatırladaq ki, bu ilin mayında Ermənistanın baş naziri  Praqada "AzadlıqRadiosu"na müsahibəsində 8 kəndi qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndləri”ni təhvil verməlidir. Nikol Paşinyanın iddiasına görə, “Berkaber, Vazaşen, Ayqeovit, Parvakar kəndləri Azərbaycanın nəzarətindədir” və Bakının tələb etdiyi 8 kəndin məsələsi yalnız bu kəndlərin “qaytarıldığı” təqdirdə həll oluna bilər. İrəvan bununla “barter” təklif edir.

Göründüyü kimi, Ermənistan bu sərsəm iddialarla sülh prosesini əngəlləmək, vaxt qazanmaq və havadarlarının ssenarilərinin gerçəkləşməsi üçün imkanlar əldə etmək istəyir. Nikolun adını çəkdiyi ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və Birinci  Qarabağ müharibəsi başlayana qədər bu ərazilərin böyük hissəsində azərbaycanlılar yaşayırdı. Xatırladaq: Berbaker kəndi - əsl adı Bibişdir, 1988-89-cu illərə qədər azərbaycanlılar yaşayıb, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız oradan qovulub. Vazaşen - əsl adı Lələkənd: Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-in qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub.

Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər. Parvakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib.

Azərbaycan torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil. Azərbaycan və Ermənistan ordusunun hazırda dayandığı sərhəd xəttində yerləşir. Paşinyanın sözlərindən aydın olur ki, İrəvan Azərbaycan Ordusunun geri çəkilməsini və bu kəndlərin ərazilərindəki nəzarətin aradan qalxmasını istəyir.

Qeyd edək ki, erməni deputat Tiqran Abramyan da reallığı anlayaraq “Biz 8 kəndi Azərbaycana qaytarmasaq, sülh müqaviləsi olmayacaq” - deyib. Bir sıra ermənilər başa düşürlər ki, Azərbaycan Prezidenti dediyini edir, xüsusilə də ərazi məsələsi ilə bağlı bir metr də olsun güzəşt ola bilməz! 

Diqqətçəkən məqam Paşinyanın “Azərbaycanda qalan ərazilər” iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün “erməni anklavı” kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırlar. Hərçənd Nikolun Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri - sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır.

“Anklavları Azərbaycana versəniz, artıq getməlisiniz, olmamalısınız”. Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O bildirib ki, Nikol Paşinyanın səhvlər paradı davam edir. Onun sözlərinə görə, Paşinyan Qranadada imzalanmış dördtərəfli bəyannamədən sonra “qəhrəmancasına” Ermənistan Respublikasının ərazi bütövlüyünün “qorunmasına” nail olduğunu bəyan edir. “Siz "qəhrəmancasına" təsəvvür edirsiniz ki, biz nəsə etmişik, “uğur əldə etmisiz”, dünya ərazi bütövlüyümüzü tanıyıb... Siz ciddisiniz?" - Oskanyan Paşinyana səslənib. Daha sonra o əlavə edib: “Paşinyanın başa düşdüyü ərazi bütövlüyü bizim üçün qeyri-müəyyəndir. Orada qeyd olunan o rəqəmlər, kvadrat kilometrlər bu gün xalqımız üçün heç bir əhəmiyyət kəsb etmir. Ən azı bu gün Paşinyan xalqın qarşısında dayanıb, xalqın gözünə baxmalı və açıq şəkildə deməlidir ki, bu rəqəmlərə nə daxildir, anklavlar daxildir, ya yox?” Keçmiş xarici işlər naziri "Nikol Paşinyan bütün məğlubiyyətlərdən sonra Azərbaycana Qarabağdan sonra əlavə olaraq anklavları da versə, onda artıq mövcud olmayacaq", - deyə qəzəblənib.

Ekspertlərimiz nə düşünür, müzakirə mövzusu olan kəndlər məsələsinə nə vaxt və hansı yolla nöqtə qoyulacaq? Bunun üçün də hərbi əməliyyata ehtiyac olacaqmı?

Deputat Sahib Alıyev koronavirusa yoluxub

 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hayları onların xülyalarına uyğun gəlməyən hər şey qorxuya salır: “Həmin Oskanyan qarışıq hamısı demirdi ki, "artsax" Azərbaycana verilsə, Ermənistan olmayacaq? Qarabağ artıq bizdədir, amma nəsə nə Ermənistan, nə Oskanyan yox olmağı düşünürlər". Anklavların qaytarılmasına gəldikdə, S.Alıyev bunları bildirdi: “Bəli, bunsuz sülh anlaşması mümkünsüzdür. Ermənistan o torpaqları qaytarmalıdır və qaytaracaq! Proseslərin gedişi göstərir ki, ilin sonuna kimi bu məsələdə də irəliləyiş olacaq”.

Hərbi ekspert müdafiə nazirlərinin görüşü barədə: böyük perspektivlər vəd  edir - 23.01.2020, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, Qarabağda separatizmin kökü kəsilsə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məsələsi hələ uzun illər müzakirə və mübahisə mövzusu olacaq: “Bu, heç kimdə şübhə doğurmamalıdır. Çünki Ermənistan və ona havadarlıq edənlərin xəyal və xülyaları suya düşdüyünə görə, artıq Qarabağla bağlı hər hansı planlarının yaxın gələcəkdə reallaşdırılmasının mümkünsüzlüyünü anlayır və Azərbaycanla yalnız anklavda olan kəndlərimizin, həmçinin erməni işğalında olan 8 kəndimizlə bağlı öz mənasız dirənişini göstərməkdə davam edəcəklər. Mənim təxminlərim belədir ki, bu proses də hələ uzun vaxt aparacaq. Ermənistan siyasi-hərbi rəhbərliyi Qarabağ məsələsində fiaskoya uğradıqdan sonra məhz bu kəndlərimizlə bağlı çalışacaqlar ki, ictimai fikirdə itirdikləri mövqeyi qismən də olsa, bərpa etsinlər. Çox çətin olacaq, amma uzun müzakirələrdən sonra Ermənistan məcburiyyət qarşısında qalıb ərazilərimizi qaytarmalı olacaq. Bu, olacaq, amma tez olacağını düşünmürəm”. Ü.Cəfərov hesab edir ki, bu gün hələ tərəflərin bir araya gəlib hansısa məsələdə razılıq əldə edəcəyi perspektivləri azdır: “Bu mənada Ermənistanın uzun illər işğal altında saxladığı həmin ərazilərimizlə bağlı addım atması da asan olmayacaq. Bir vaxtlar ermənilər və onlara havadarlıq edənlər Qarabağla bağlı da eyni mövqeyi nümayiş etdirirdilər. Nəticəsi hansı qanlar və qadalar hesabına başa gəldi, məncə, geniş izah etməyə ehtiyac yoxdur. Unutmamalıyıq ki, bölgədə bir sıra böyük siyasi qüvvələrin planları pozulub və indi onların Azərbaycana və Ermənistana başqa təzyiq rıçaqları qalmayıb, yalnız həmin 8 kəndlə bağlı məsələlər istisnadır. Bu da reallıqdır ki, qarşıda hələ çətin münasibətlərin olması mübahisəsizdir. Ermənistan tam müstəqil olmayınca, bizim bölgədə rahatlığımız olmayacaq”.

Fransa öz qərəzli münasibəti ilə sabitliyi pozur”-İlyas Hüseynov

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə bildirdi ki, İspaniyanın Qranada şəhərində Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması və buna imza atması yenidən anklavlar məsələsini aktuallaşdırdı: “Ermənistanın hələ ölkəmizin 8 kəndini işğalda saxlaması daim rəsmi Bakının diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, Naxçıvanın Kərki və Qazağın 7 kəndi çox strateji əhəmiyyətli yolların üzərində yerləşir. Bu kəndlər Ermənistan-İran və Ermənistan-Gürcüstan magistral xətlərini özündə birləşdirir. Digər mühüm məqam bundan ibarətdir ki, Azərbaycanın Qərbə çıxan nəqliyyat, dəmiryolu və neft-qaz layihələrini həmin kəndlərdən vizual görmək mümkündür. Anklavların qaytarılması enerji, təhlükəsizlik və kommunikasiyalar üzərində nəzarət anlamını verir və bizim üçün müstəsna əhəmiyyətə malikdir. Lakin anklavların qaytarılması düşünürəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlıdır”. Politoloq qeyd etdi ki, Ermənistan bu prosesə mütləq başlamalıdır: “Bununla yanaşı, sərhədlərin delimitasiyası həm də iqtisadi və nəqliyyat əlaqələrinin yaranmasını da sürətləndirəcək. Hələ də işğal altında qalan anklavların Azərbaycana qaytarılması bütün sərhəd problemlərini aradan qaldıra, sülh və dövlətlərarası münasibətlərin formalaşmasına əsas yarada bilər”.

Hələlik rəsmi İrəvan Azərbaycan Prezidentinin 8 kəndlə bağlı xəbərdarlığına normal reaksiya verməyib. Amma sonra gec ola bilər, əvvəlki hadisələrdən dərs götürülməsində fayda var...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR