İnsanlara hürriyət, millətlərə istiqlal!

Andropovun ölmüş bildiyi DTK zabiti – o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin ən məhsuldar əməkdaşı olub...  

 

O, öz dövründə SSRİ-də məxfi rabitə sahəsi üzrə ən güclü mütəxəssislərdən biri sayılıb. Ən mürəkkəb şifrələri belə açmağa qadir olan Viktor Şeymov DTK-da “məxfi” və “xüsusi” statusa malik olub. Vəzifə ranqına görə çox da yüksək pillədə dayanmasa da bəzi məsələlərdə DTK sədri Yuri Andropov, müavinləri Semyon Sviqun və Georgi Tsinyev məxfi informasiyaları məhz birbaşa ondan qəbul ediblər...

Orta məktəbi qızıl medalla, Bauman adına Moskva Ali Texniki Məktəbi fərqlənmə diplomu ilə bitirən Şeymov gənclik illərində nə vaxtsa dövlət təhlükəsizliyi orqanlarında çalışacağını ağlına belə gətirməyib. O, ali təhsil aldıqdan sonra elmi yaradıcılıqla məşğul olacağına qərar verib, aspiranturada təhsilini davam etdirmək istəyib. Ancaq mövcud dövrdə institutu bitirdikdən sonra təyinat yerinə getməyin mütləq şərt sayılması Şeymovun gələcək planlarını alt-üst edib. O, kosmos texnikası konstruktoru kimi Moskvada qapalı elmi-tədqiqat institutuna təyinat alıb. Bu institutun digər əməkdaşları kimi Şeymov da DTK-nın nəzarətinə götürülüb.

Qısa müddətdən sonra Şeymov institutda bilik və bacarığı, səmərələşdirici təklifləri, ictimai fəallığı ilə fərqlənib. 1971-ci ildə institutdan DTK-ya növbəti kadr seçimi aparılanda institut rəhbərliyi Şeymovun sənədlərini DTK-nın kadrlar idarəsinə göndərib. Bu məsələ ilə bağlı Şeymovla heç bir söhbət aparılmayıb. Yalnız onun sənədləri tam yoxlanıldıqdan və öyrənildikdən sonra Şeymov DTK-ya dəvət olunub. Beləliklə, Şeymov 1971-ci ildə DTK orqanlarına xidmətə qəbul edilib.

Altı aylıq kurslardan sonra Şeymov DTK-nın rabitə, kriptoqrafiya və məxfi şifrələnmə xidmətini kurasiya edən 8-ci baş idarəsinə təyinat alıb. Onun əsas vəzifəsi SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin Moskva ilə informasiya mübadiləsində məxfiliyinə və texniki təhlükəsizliyinə cavabdehlik olub. Bir sözlə, bütün məxfi yazışmalar, danışıqlar və digər əlaqələr Şeymovun əlinin altından keçib.

DTK əməkdaşı kimi müəyyən güzəşt və imtiyazlara sahib olsa da, gənc zabit kimi mənzillə təmin edilsə də Şeymovu tutduğu vəzifə qane etməyib. SSRİ-nin apardığı siyasət, DTK-nın agentura şəbəkəsinin xarici ölkələrdə qurduğu tələlər, siyasi oyunbazlıqlar Şeymovda öz ölkəsinə qarşı ikrah hissi yaradıb. O, xidmət etdiyi vəzifədən də çıxa bilməyib. Belə ki, orqandan xaric olmaq üçün heç bir tutarlı bəhanəsi olmayıb. Şeymov üçün yalnız bir çıxış yolu qalıb. Özünə sərfəli olan şərtlərlə SSRİ-dən qaçmaq yolu. Elə 1979-cu ildə də ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Şeymova sərfəli şərtlərlə “iş” təklif olunub.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Şeymovun bacarığı və vəzifəsi ilə bağlı ətraflı məlumata malik olub və onlar bir müddət DTK zabitini əməkdaşlığa cəlb etmək üçün planlar cızıblar. Nəhayət, 1979-cu ilin dekabr ayının sonunda Amerika xüsusi xidmət orqanlarının üç əməkdaşı ilə Viktor Şeymovun Varşavada görüşü baş tutub. İki saatdan artıq davam edən görüşdə tərəflər şərtlərini açıqlayıblar, DTK mayoruna Amerikaya keçmək şərti ilə əməkdaşlığa görə 1 milyon dollar təklif olunub. Şeymov məbləğlə razılaşıb, amma daha bir şərtini bildirib, onunla birgə həyat yoldaşı və 5 yaşlı qızının SSRİ-dən təhlükəsiz çıxarılması təmin edilməlidir. Bununla da 1 milyonluq sövdələşmədə razılıq əldə olunub.

Sövdələşmənin şərtlərinə uyğun olaraq 1980-ci ilin may ayının 15-də Şeymov həyat yoldaşı və qızı ilə SSRİ-dən qaçırılıb. Onların sərhəddən necə keçirilməsi dəqiq məlum olmasa da, bəzi versiyalara görə ailə Leninqraddan Finlandiyaya ABŞ kəşfiyyatına işləyən digər bir DTK zabitinin vasitəsi ilə keçirilib.

Sözsüz ki, məxfi statuslu zabitin ailəsi ilə birlikdə birdən-birə yoxa çıxmasını DTK rəhbərliyi rahatlıqla qarşılamayıb. Amma heç kim onun qaçmasını da düşünməyib. Belə zənn edilib ki, Seymovlar ailəsi öldürülüb. DTK sədri Andropovun göstərişi ilə ciddi araşdırmalar, əməliyyat-axtarış tədbirləri başlanıb. Altı ay ərzində heç bir nəticə əldə olunmayıb. Moskvada baş verən digər bir hadisə Şeymovun yoxa çıxmasına qismən də olsa aydınlıq gətirib. 1980-ci ilin dekabr ayında DTK katibliyinin rəis müavini Vyaçeslav Afanasyevin Moskvanın “Jdanov” metrostansiyasında xətt milis bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilib. Qətl sərf tamah məqsədilə törədilib. Hadisə ilə bağlı 4 milis əməkdaşı həbs edilib və istintaq başlanıb. Eyni zamanda Şeymovlar ailəsinin istintaqı da davam edib. 1981-ci ildə milis əməkdaşlarına ölüm hökmü cəzası veriləndə, onlar vaxt qazanmaq üçün məhkəmədə daha bir cinayət törətdiklərini, daha bir DTK zabitini qətlə yetirdiklərini “etiraf” ediblər. Məqsəd ölüm cəzasının icrasının vaxtının uzadılması, yaxınlarının hökmün dəyişdirilməsinin mümkünlüyü söyləmələri olub. Bununla da, Şeymovun SSRİ-dən qaçması ehtimalını bir daha heç kim ağlına gətirməyib və 1985-ci ilə qədər Şeymovun yoxa çıxması müəmma olaraq qalıb.

Moskvada Andropov Şeymovun gərgin axtarışlarında olanda isə sabiq DTK zabiti qaçışından iki həftə sonra, 1980-ci ilin iyun ayında ABŞ-da öz işinə başlayıb. Məhz onun informasiyalarına əsasən Moskva ətrafında məxfi rabitə qurğularına Amerika kəşfiyyatçıları müdaxilə edə biliblər, Moskva ilə SSRİ-nin xarici ölkələrdəki səfirliklərinin və DTK rezidentlərinin informasiya mübadilələri ABŞ xüsusi xidmət orqanları tərəfindən quraşdırılmış xüsusi qurğulara yazılaraq Vaşinqtona göndərilib. Şeymov sosialist düşərgəsində olan ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində əsas fiqurlardan biri olub. Bir sözlə, ABŞ-da Şeymovun bildiklərindən və imkanlarından maksimum istifadə olunub.

Şeymova vəd edilən 1 milyon dolların yarısı ona ödənilib. 500 min dollar isə sabiq DTK zabitinə şəxsi avtomobil və mənzil verilməsi, o cümlədən qızının təhsil haqqı ödənilməsi ilə kompensasiya edilib.

SSRİ-də Şeymov müəmması uzun illər sirr olaraq qalıb. Yalnız 1980-ci illərin sonlarında onun Amerikada olması haqqında Moskva xəbər tutub. Həmin vaxt isə Şeymov artıq ABŞ vətəndaşı olub. Sabiq DTK sədri 1991-cı ildə ilk dəfə mətbuata açıq müsahibə verib:

“Mən Amerika kəşfiyyatına işləmək seçimimdə yanılmamışam. Çünki sovet ideolgiyasına, SSRİ-də kommunizmə  sürətlə “gedən” iyrənc yola yaxşı bələd olmuşam. SSRİ-nin dağılmasında zərrə qədər rolum varsa mən buna görə özümü xoşbəxt sayıram...”

Qeyd edək ki, 15 il Amerika xüsusi xidmət orqanlarında çalışan Şeymov 2019-cu ildə, 73 yaşında, ABŞ-ın Virciniya ştatında öz şəxsi iqamətgahında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR