İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anar və Rəsul Rza yolumda çəpər oldular” – Əlisa Nicat danışdı

Yazıçı Əlisa Nicat Yazıçılar İttifaqının sədri Anar Rzayevin onu ittiham edən açıqlamasına münasibət bildirib.

Əlisa Nicat Musavat.com-a aşağıdakıları bildirib:

“Rəsul Rza sağlığında iki dəfə məni küçədə görüb dedi, sizdə yaxşı balıq olur, ondan gətir. Söhbət dediyim kimi olub, yalan deyənin atasına lənət. 

O ata-bala mənim yolumda çəpər oldular. Yazıçılar İttifaqına üzv olmaq üçün gözlədim. Məni işə götürməyə qoymurdular. Rəsul Rza 15 ilə yaxın “Qızılbaşlar” romanını çap etdirməyə imkan vermədi.  Hər yanda mənfi rəy yazdırdı ki, guya romanda müharibə var, qan axır. Bundan artıq adama daha nə pislik edərlər, ey Anar”, -yazıçı bildirib.

Xatıraladaq ki, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Musavat.com-a açıqlamasında bildirib ki, Əlisa Nicat atası yazıçı Rəsul Rzaya şər atıb:

"Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir".

Yazıçı Seyran Səxavət  də saytımıza sözü gedən məsələ ilə bağlı fikir bildirib:

“Əlisa Nicat yaşca məndən böyükdür, onu mühakimə etmək istəmirəm. Onu 1964-cü ildən tanıyıram. İl yarım bundan öncəyə qədər aramızda səmimi münasibət olub. Lakin il yarım bundan öncə bir müsahibəsində yaşına, başına yaraşmayan söz dedi. Ondan sonra Əlisadan ürəyim qırıldı. Jurnalist ondan Yazıçılar İttifaqı və yazıçı Anar barəsində soruşmuşdu. O isə bildirmişdi ki, guya Anar Əlisa ilə ədavət aparır və bütün qapıları onun üzünə bağlayıb. Bunu da onunla əsaslandırmışdı ki, guya 60 il bundan öncə Rəsul Rza Əlisadan balıq istəyib. O da gətirmədiyinə görə indi Anar Əlisadan acıq çıxır. Bu, heç uşağın da ağlına gəlməzdi. Bu, hansı əxlaq, mənlik və kişilikdir... Rəsul Rza Əlisa kimi kişidən heç vaxt balıq istəməzdi. Əlisa bunu özündən uydurmuşdu”.

Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb.

“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.

Daha sonra sözlərinə belə davam edib: “Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.

Yazıçının Səməd Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR