İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar İsgəndərov: “Viləş su anbarı əhalinin su ilə bağlı tələbatını ödəyə bilmir”

"Viləş su anbarının ikinci qolunun tikilməsinə ehtiyac var. Mən əminəm ki, hökumət bu istiqamətdə işlərini sürətləndirəcək və bölgənin suya olan ehtiyacı aradan qaldırılacaq"

Musavat.com xəbər verir ki, bu sözləri Deputat Anar İsgəndərov verib.

Deputat Anar İsgəndərov parlamentin iclasında çıxış edərək bildirib ki, Azərbaycan öz tarixində ilk dəfə parlament səviyyəsində büdcə müzakirəsini 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirib.

“O zaman büdcənin formalaşdırılması üçün yeganə gəlir sahəsi xam neft olmuşdu. Çox təəssüflər olsun ki, bolşevik Rusiyası Azərbaycanda siyasi böhran yaratmaqla kifayətlənməyərək onu iqtisadi böhranla sərt imtahana çəkdi, Bakı neftini almaqdan imtina etdi. Beləliklə, 1920-ci ilin aprel işğalı müstəqilliyimizə son qoydu, parlamentdə büdcə müzakirəsini və hökumətin hesabatını ləğv etdi”,-deyə tarixçi alim bildirib.

A.İsgəndərov qeyd edib ki, 70 illik sovet dönəmində parlamentdə büdcə müzakirəsi formal xarakter daşıyır, çünki hər bir müttəfiq respublikanın büdcəsi Mərkəzdə təsdiq olunurdu: “Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra parlamentdə büdcə müsakirəsi 1918-1920-ci illərin ənənələrini bərpa etdi. 2024-ci ilin büdcə layihəsi tarixi bir ildə müzakirə olunur. 2023-cü il “Heydər Əliyev ili”dir. Bu ilin tarixi məziyyətləri haqqında kifayət qədər danışmaq olar. Yüz il bundan əvvəl sovet rəhbərliyinin xeyir-duası ilə Azərbaycanın tarixi torpaqlarında Dağlıq Qarabağ muxtar qurumu yaradıldı. Bu qurum yarandığı gündən Azərbaycana qənim kəsildi və 90-cı illərin sonunda nəinki Azərbaycandan ayrıldı, torpaqlarımızın böyük bir hissəsini işğal etdi, bir milyon insanı qaçqın və köçkün həyatını yaşamağa məhkum edildi. Məhz ümummulli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildi. 44 günlük Vətən Müharibəsi nəticəsində düşmən darmadağın edildi, torpaqlarımız işğaldan azad edildi, quruculuq işləri başladı. 2023-cü ilin sentyabrında separatçı mövqeyində dayanaraq, Azərbaycan qanunlarını qəbul etməkdən imtina edən separatçı qurum rəhbərliyi darmadağın edildi. Beləliklə, 100 il bundan əvvəl yaradılan separatçı qurum tarixin arxivinə verildi. Bu gün Azərbaycanın üçrəngli bayrağı bütün torpaqlarımızda şərəflə dalğalanır. Məhz 2024-cü ilin dövlət büdcəsi tarixi bir dövrə təsadüf edir. İşğaldan azad olunan şəhər və kəndlərimiz ilk dəfə dövlət büdcəsinə cəlb olunub”.

Deputat ardınca təmsil etdiyi 71 saylı Masallı kənd seçki dairəsi ilə bağlı bir neçə təklifini hökumət üzvlərinin nəzərinə çatdırıb: “Vaxtilə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Lənkəranda Xanbulan və Masallıda Viləş su anbarları tikilib istifadəyə verildi. Bölgənin yüzlərlə kəndi içməli su ilə təmin edildi. Amma bu gün Viləş su anbarı əhalinin su ilə bağlı tələbatını ödəyə bilmir. Viləş su anbarının ikinci qolunun tikilməsinə ehtiyac var. Mən əminəm ki, hökumət bu istiqamətdə işlərini sürətləndirəcək və bölgənin suya olan ehtiyacı aradan qaldırılacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR