Onlayn ictimai-siyasi qəzet
Son iki ay ərzində ölkədə 4 ana ölümü faktı qeydə alınıb. Sonuncu olaraq Lənkəranda ana ölümü Lənkəranda baş verdi. Belə ki, iyulun 7-də Lənkəran Regional Perinatal Mərkəzində daha bir ana ölümünün baş verdiyi haqda məlumat yayıldı. Bildirilir ki, bu, sözügedən mərkəz fəaliyyətə başladığı gündən - 2022-ci ilin yanvarından üçüncü ana ölümü idi.
Bu xəbərlərin ardınca Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib ki, komissiya bütün ana ölümlərini araşdırır və tədbirlər görülür. Məlumata görə, Quba və Şəki perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması yönündə təkliflər verilib: “Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək”.
İki ay ərzində 4 ana ölümünün baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Bəs ölkədə ana ölümləri niyə azalmır?
Statistikaya əsasən, 2022-ci ildə ölkədə 18 ana ölümü baş verib. Son 16 ildə Azərbaycanda ən az ana ölümü 2018-ci ildə qeydə alınıb - 17 nəfər. Ən çox ana ölümü isə 2005-ci ildə baş vermişdi - 41 nəfər.
Faktları araşdıranda məlum olur ki, ana ölümləri daha çox rayon, ucqar kənd yerlərində baş verir. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran, daha sonra Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Şirvan rayonlarında rast gəlinir.
Mütəxəssislər bildirir ki, ana ölümlərinin əsas səbəbləri qanaxmalar, hipertenziya, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir. Mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVİD-19 virusuna yoluxma halları da ana ölümlərinə səbəb olub.
Bölgələrdə ana ölümlərinin əsas səbəbləri sırasında daha çox hamiləlik öncəsi qadının müayinə və yaxud müalicə olunmaması, vaxtında aşkarlanmamış riskli hamiləlik göstərilir. Hamilə qadınların vaxtında həkimə müraciət etməməsi səbəbinə gəldikdə isə bir çoxu imkanı olmadığından həkimə müraciət edə bilmədiyini deyir. Halbuki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz həyata keçirilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında aparılır. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Bəs bölgələrdə hamilə qadınlar bu imkandan niyə istifadə etmir və yaxud edə bilmir? Məlumatsızlıq, yoxsa?..
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, ana ölümlərinin artması ilə bağlı fikirlərlə razılaşmıram. Hazırda internet resusları, informasiya texnologiyaları o qədər inkişaf edib ki, dünyanın ən kiçik nöqtəsində belə baş verən hadisə dərhal yayılır, hər kəsin məlumatı olur. Bu baxımdan bu cür məlumatlar insanlara çox gəlir. Amma məsələ belə deyil. Əlbəttə ki, ana, uşaq ölümləri var, səbəbləri də var”.
Adil Qeybulla qeyd edib ki, ana ölümləri bütün hallarda həkimlərlə bağlı olmur: “Burada çox sayda səbəblər var. Birincisi, bugünkü müşahidələr onu göstərir ki, hamiləliyi normal, fizioloji keçən anaların sayı minimum həddədir. Əksər hallarda xeyli yanaşı xəstəliklər, digər problemlər olur. Tutaq ki, ana hamilə qalır, müəyyən dövrdən sonra yanaşı xəstəliklər özünü göstərməyə başlayır. Məsələn, hamiləliyin sonuna yaxın böyrək və ya qaraciyər çatışmazlığı baş verir və bu zaman insanlar artıq əl-ayağa düşməyə başlayır. Belə hallar az deyil. Həmçinin yerlərdə tibb işinin düzgün təşkil olunmaması, vaxtında müayinə və müalicələrin aparılmaması ilə bağlı da faktorlar var və bu məsələ də ana ölümlərinin baş verməsində mühüm rolu var. Problemin qarşısını almaq minimuma endirmək üçün hər bir fakt dəqiqliklə araşdırılmalı, ümumiləşdirilməli və ortaya çıxan nəticələrə uyğun tədbirlər görülməlidir. Yəni yol budur. Dünyanın heç bir normal ölkəsində belə bir şey yoxdur ki, qadın hamilə qalır, amma qeydiyyata düşmür və yaxud hamiləlikdən əvvəl müayinə olunmur. Bu məsələlərə ciddi yanaşılmalıdır”.
Adil Qeybulla
Adil Qeybulla həmçinin xüsusən də regionlarda bu istiqamətdə maarifləndirici işlərin aparılmasına ehtiyac olduğunu vurğulayıb: “Qeyd olunduğu kimi, hamilə qadınların müayinəsi və müalicəsi İcbari Tibbi Sığorta paketinə daxildir. Lakin bəzən insanlar bu barədə məlumatsız olurlar. Qardaş Türkiyə kimi inkişaf etmiş ölkələrdə belə bəzən kənd yerlərində insanlar həkimə müraciət etməkdən yayınır. Təbii ki, bu da psixologiya, müəyyən ənənələrlə bağlıdır. Lazımdır ki, maarifləndirmə işləri aparılsın, bunun üçün də xüsusən televiziyanın gücündən, imkanlarından istifadə olunmalıdır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ