İnsanlara hürriyət, millətlərə istiqlal!

Amin Mərdəkanski başına açılan atəşlə öldürülüb – QAN İNTİQAMININ ŞOK TARİXÇƏSİ  

İlk yayımlanma zamanı 08.08.2024 - 16:31

Ötən gecə Bakının Mərdəkan qəsəbəsində, Xəzər sahilindəki restoranlardan birində 1970-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyev öldürülüb. Kriminal aləmdə Amin Mərdəkanski kimi tanınan Amin Xudaverdiyevi 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadə odlu silahdan açdığı atəşlə qətlə yetirib. Belə məlumatlar var ki, qətldən sonra Amin Xudaverdiyevin üzü tanınmaz hala salınıb. Amin Xudaverdiyevin cansız bədəni Xəzər Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Gecə ilə cəsəd məhkəmə tibbi müayinədən keçirilərək dəfn olunub. İddia edilir ki, belə bir qəddar davranışın sensasion təfərrüatı var.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, Amin Xudaverdiyev bir neçə dəfə evli olub. Onun Pribaltikadan olan bir xanımla izdivacından dünyaya gələn qızı ilə Amin Xudaverdiyevin qətlinə görə həbsə alınan Ruhulla Abdullazadənin qardaşı Elməddin Abdullazadə ilə evlidir. Ötən il Amin Xudaverdiyevlə qudası Cavanşir Abdullayev arasında torpaq mübahisəsi olub.  Bildirilir ki, Amin Xudaverdiyev Mərdəkan və ətraf qəsəbələrdə çoxsaylı torpaq sahələrinin zəbt olunaraq digər şəxslərin adına keçirilməsində müstəsna rol alıb.  Belə torpaq sahələrindən biri də qudasına məxsus olub. Qudası torpaq sahəsini Amin Xudaverdiyevə vermək istəmədiyindən aralarında kəskin mübahisə olub. İş o yerə çatıb ki, Amin Xudaverdiyev qızını qudasının evindən çıxararaq öz evinə  aparıb. Qızının həyat yoldaşı Elməddin Abdullazadəni də həbslə hədələyib. Sonradan Elməddin Abdullazadə odlu silah gəzdirmə ittihamı ilə həbsə alınıb və hazırda həbsdədir.

Amin Xudaverdiyevlə Cavanşir Abdullayevin mübahisəsindən bir neçə ay sonra, 2023-cü il noyabrın 1-də, günün günorta çağı sonuncu evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. 

Qəddar qətl Cavanşir Abdullayevin Şağan qəsəbəsindəki evinin qarşısında, daim hərəkət olan küçənin ortasında, kameraların “gözü” qarşısında törədilib. Qətli icra edən Cavanşir Abdullayevin qudası Amin Xudaverdiyevin qardaşı Pərviz Xudaverdiyev olub.

Sonradan yayılan qətl səhnəsinin videosundan da görünür ki, Cavanşir Abdullayev özünə məxsus həyətin qarşısında avtomaşından düşür. Həmin vaxt əraziyə “Mercedes” markalı maşın gəlir və avtomaşının yanında dayanır. Maşının arxa sağ qapısı açılır və oradan Pərviz Xudaverdiyev düşərək Cavanşir Abdullayevə tərəf qaçır. Ona çatanda ilk olaraq qarın nahiyəsinə atəş açır. Yerə yıxılan Cavanşir Abdullayev özünü itirmir, ayağa qalxır, ona güllə atıb yaralayan Pərviz Xudaverdiyevin üstünə atılır, onun əlindəki silahı almağa çalışır. Pərviz Xudaverdiyev onu geri itələyir və növbəti atəşlə Cavanşir Abdullayevi yerə yıxır. Bu zaman Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə əlində taxta parçası ilə Pərviz Xudaverdiyevin üstünə qaçır. Ona tərəf açılan atəşdən yayınmaq üçün geri atılır. Pərviz Xudaverdiyev Ruhulla Abdullazadənin geri çevrildiyini görəcək yerdə çabalayan onun atası  Cavanşir Abdullayevin başına “kantrolnı” atəş açır. Bundan sonra 5 addım aralıda onu gözləyən, arxa sağ qapısı açıq “Mercedes”ə atılır və maşın yüksək sürətlə ərazidən uzaqlaşır.

9 ay əvvəl atasının qəddar qətli 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin gözləri qarşısında baş verib. Qudalar arasındakı mübahisə beləcə qan davasına, qan intiqamına çevrilib.

Belə iddialar var ki, Cavanşir Abdullayev qətlə yetirilən gün Pərviz Xudaverdiyevi hadisə yerinə gətirən “Mercedes” markalı maşında sürücü və digər şəxslə yanaşı Amin Xudaverdiyevin özü də olub.

Cavanşir Abdullayevin qətlindən sonra Pərviz Xudaverdiyev və onu hadisə yerinə gətirən “Mercedes”in sürücüsü həbsə alınıb. 2023-cü il noyabrın 1-də, günün günorta çağı baş verən amansız qətllə bağlı hazırda istintaqın davam etdirilməsi xəbəri var.

WhatsApp Image 2024-08-08 at 16.18.11.jpeg (70 KB)

Amin Mərdəkanski 

Qətlə yetirilən Amin Xudaverdiyevin kriminal keçmişi ilə bağlı da ilginc məlumatlar var. Bildirilir ki, Amin Xudaverdiyev ilk qətli ötən əsrin 90-cı illərin əvvəllərində törədib. O zaman atasının dostuna bir neçə bıçaq zərbəsi endirməklə həyatına son qoyub. Bundan sonra Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Xəstəxanasından psixi çatışmazlığı ilə bağlı sənəd alınmaqla Amin Xudaverdiyev qətlə görə cəzadan kənar saxlanılır. 22 yaşında törətdiyi qətldən sonra Amin Xudaverdiyevin dosyesinə daha bir qətl işi yazılır. Belə iddia da var ki, Amin Xudaverdiyevin törətdiyi növbəti qətl sifarişli olub. Öldürülən Oktay adlı şəxs, sifarişçi isə Zakir adlı Xəzər sakini imiş. Bu qətldən sonra da psixi xəstəliyinə dair sənədi Amin Xudaverdiyevin “xilas kəməri”nə çevrilib və onun növbəti cinayətlərində də həbsdən qurtulmasında ustalıqla istifadə edilib. Ümumilikdə Amin Xudaverdiyevin “ayağında”20-dən çox qətlin olması barədə də iddia var. Qeyd olunur ki, Amin Xudaverdiyev buna görə kriminal aləmdə həm də killer Amin kimi də tanınırmış.

Amin Xudaverdiyevin qətli ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR