İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikasayağı zarafat: “Ermənistan demokratiya çırağıdır...”

Media nəzarətdə, müxalifətçilər həbs edilir, yürüşlər qadağandır...; Vaşinqton bu gedişlə İrəvanın “çırağını söndürə” bilər

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistanın cənubuna səfərində diqqətçəkən bir bəyanat səsləndirib. Səfir deyib ki, “çətinliklərə və çağırışlara baxmayaraq, Ermənistanın və Sünik bölgəsinin qanunun aliliyinin möhkəmləndirilməsinə sadiqliyi dəyişməz olaraq qalır. Məhz bu öhdəliyə görə Ermənistan Cənubi Qafqazda demokratiyanın çırağı olaraq qalır”. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında da ağızdolusu demokratiyadan danışıb.

“Çoxları deyir ki, Ermənistan bu gün demokratiyaya görə əziyyət çəkir. Amma demokratik olmasaydı, son illərdə başına gələn qaçılmaz sınaqlardan Ermənistan iflic vəziyyətinə düşəcək, müstəqilliyini və suverenliyini itirəcəkdi. Ermənistanda demokratiya çətin sınaqlardan keçir. Ermənistanda və dünyanın müxtəlif yerlərində baş verən bir sıra hadisələr belə bir sual doğurur: demokratiya təhlükəsizliyi, sülhü, birliyi, firavanlığı və xoşbəxtliyi təmin etməyə qadirdirmi? 44 günlük müharibənin sonunda Ermənistanın dövlət qurumları ekstremist qrupların hücumuna məruz qaldıqda, cəmiyyət parçalanarkən demokratik yolla formalaşmış qurumlar dövlətçiliyin müdafiəsində möhkəm dayandılar. Ermənistanda o ağır vəziyyətdə söz və sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılmadı, qeyri-mütənasib güc tətbiqi halları qeydə alınmadı, qanunun aliliyi aşağı salınmadı”, - Paşinyan bildirib.

Amerikanın Ermənistanın Cənubi Qafqazda demokratiya çırağı hesab etməsi səfirin şəxsi qənaəti, yoxsa Vaşinqtonun rəyi olduğu sual doğurur. Çünki “Ermənistan” və “demokratiya” anlayışları bir-biri ilə uyuşmur. Bir-birini zorakılıqla dəyişən hakimiyyətlər, terrorçuların milli qəhrəman elan edilməsi, adlarına küçə və prospektlərin verilməsi, orden və medalların təsis edilməsi “demokratiya çırağı”nın “işıqlarıdır”. Demokratiyanın tərkib hissələrindən biri qanunun aliliyi və insan hüquqlarının qorunmasıdır. Ermənistanda qanunların çevriliş yolu ilə hakimiyyətə gəlmiş sorosçu Nikol Paşinyanın iradəsinə tabe etdirildiyini biz yox, erməni mediası yazır. Prokurorlar sanksiyaları, məhkəmələr isə qərarları onun tapşırıqları ilə qəbul edirlər. Ermənistanda əslində Paşinyanın yumşaq diktaturası hökm sürür ki, bunu ermənilər özləri də etiraf edirlər. Yeri gəlmişkən, hələ Yaxın Şərqdəki müharibədən əvvəl antisemitizmin hökm sürdüyü ölkələr cərgəsində Ermənistanın adı da ön yerlərdə idi.

Son aylar Paşinyan idarəçiliyinə qarşı artan narazılıqlar Ermənistanda əksəriyyətin heç də “demokratiya çırağından” razı olmadığını göstərir. İrəvanda keçirilən aksiyalara da Paşinyan demokrat kimi yanaşmır. Əlbəttə, ABŞ da bundan xəbərdardır. Amma indi bunları dilə gətirmək uyğun zaman deyil və Ermənistana “çıraq rolu”nda görmək daha uyğundur. ABŞ dünənə kimi bu mədhiyyələri Gürcüstana deyirdi, indi isə Ermənistana. Amerika bu siyasətlə Ermənistanın “çırağını söndürə” bilər. Bir yandan isə bu təriflərin yağdırılması erməniləri şirnikləndirmək və Rusiyadan uzaqlaşdırmaq priyomlarıdır. Sadəcə, final necə bitəcək - Paşinyan da Saakaşvili kimi xəstə canı ilə əlləşəcək, yoxsa Ermənistan gerçəkdən Avropanın bir parçasına çevriləcək?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

“Yeni Müsavat”ın sualını cavablandıran AMİP sədri Arzuxan Əlizadə xatırladır ki, vaxtilə Saakaşvili Gürcüstanı da Cənubi Qafqazın yeganə demokratik ölkəsi kimi təqdim olunurdu: “Amma məlum oldu ki, Qərb üçün demokratiya özünün strateji və iqtisadi maraqlarından artıq deyilmiş. Ona görə Saakaşvilini  qurban verdilər, indi amerikalılar Gürcüstan demokratiyası barədə əvvəlki kimi tez-tez danışmırlar. Əksinə, Saakaşvilini qorumadılar, arxasında dayanmadılar. İndi də Ermənistanı Cənubi Qafqazda demokratik dövlət kimi təqdim etmək tam gülüncdür. Belə görünür ki, amerikalılar üçün demokratiya anlayışı Qərbin maraqlarına xidmət etmək deməkdir”. Partiya sədrinin sözlərinə görə, işğalçı siyasət yürütmək demokratiyadırsa, onda ABŞ doğru deyir: “Paşinyan demokratik dəyərlərə uyğun olmayan siyasi addımlar atır. Orada demokratik hakimiyyət yoxdur, sadəcə, Qərbin əlinə oynayan marionet iqtidar var. Çünki demokratik dövlətdə başqa ölkələrə qarşı ərazi iddiaları olmur. Ermənistan isə Türkiyə və Azərbaycana qarşı ərazi iddiası olan ölkədir. Ona görə amerikalı səfirin sözləri riyakarlıqdır”.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova isə deyir ki, Paşinyan dövrü Sərkisyan və Köçəryan kimi cinayətkar rejimlərin başçılarının dönəmindən fərqlənir: “İndiki Ermənistan o vaxtla müqayisədə daha yumşaq görünə bilər. Amma İrəvanda keçirilən mitinqlər zorakılıqla dağıdılır. Köçəryanın oğlunu döyüb həbsə atıblar. Özü meydandan gələn Paşinyan indi küçə hərəkatlarına liberal yanaşa bilmir. Əksinə, ölkədə polis nəzarəti gücləndirilib. Hakimiyyət polisə son aylarda xüsusi imtiyazlar verməkdədir. Qarabağla bağlı aksiyalarda da erməni polisi qəddarlığı ilə seçilirdi. Ümumiyyətlə, Paşinyan siyasi rəqiblərini cəzalandırır”. Təhlilçi erməni mediasının da buxovlandığını müşahidə edir: “Ermənistanda azad mətbuat anlayışı qalmayıb. Ölkədə Paşinyanın nəzarətində olan KİV-lər var, bir də Köçəryanın pul verdiyi bəzi mətbu orqanlar mövcuddur. Yəni müstəqil media yoxdur. O halda amerikalı səfir Ermənistanda "demokratiya çırağı"nı hara görür? Media nəzarətdə, müxalifətçilər həbs edilir, yürüşlər qadağandır. Üstəlik, Paşinyan son vaxtlar təlimat verir ki, media Rusiyaya qarşı tənqidlərin dozasını artırsın. Bunun harası demokratiyadır?"

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR