Onlayn ictimai-siyasi qəzet
“Military Watch Magazine”in məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri onlarla hava yanacaqdoldurma təyyarəsini (KC-135 Stratotanker) bazalardan çıxararaq irəli mövqelərə yerləşdirib.
Musavat.com xəbər verir ki, bu hərəkət İsrail və İran arasında davam edən hərbi qarşıdurmaya ABŞ-ın daxil olma ehtimalını gücləndirib.
Mənbələr bildirir ki, bu təyyarələrin irəli mövqelərə dislokasiyası, həm ABŞ-ın potensial hücum əməliyyatlarında iştirak ehtimalını, həm də müttəfiqlərinə – xüsusilə İsrailə dəstək məqsədilə logistik imkanların artırıldığını göstərir.
Qeyd edək ki, yanacaqdoldurma təyyarələrinin bölgəyə irəliləməsi ABŞ-ın döyüş təyyarələrinin uzun məsafəli uçuşlarını və davamlı əməliyyatlarını təmin etmək üçün həyati əhəmiyyət daşıyır.
Bu addım bölgədəki gərginliyin yeni mərhələyə keçəcəyini göstərir və ABŞ-ın açıq şəkildə mövqeyini sərtləşdirdiyinə dair siqnal kimi qiymətləndirilir.
Musavat.com xatırladır ki, İsrail baş naziri Benyamin Netanyahu Donald Trampa çağırış edərək İrana qarşı əməliyyatlara dəstək istəyib.
Xüsusilə İranın Fordo nüvə obyektini dağıtmaq üçün İsrailin ABŞ-ın xüsusi aviasiyasına ehtiyacı var.
Çünki Fordo təsisi dağın içindədir, İsrailin bu tip obyektlərə zərbə verməsi “bunker buster” silahları və ya ABŞ-ın yardımı olmadan çətindir.
İsrailin müdafiə naziri İsrael Kats bu gecə İranın paytaxtı Tehranı hədəf alaraq sərt bəyanat verib.
Musavat.com xəbər verir ki, Katsın “X” hesabında yazdığı mesajda deyilir:
“Tehran diktatoru artıq vətəndaşlara atəş açan qorxaq bir qatildir. Onlar bunu İsrail ordusunun müdaxiləsini dayandırmaq üçün edirlər. Tehran sakinləri bunun üçün ağır qiymət ödəyəcək və bu, çox tez olacaq”.
Katsın bu açıqlaması İranda son günlər baş verən raket və hava hücumları fonunda gəlir. İsrail ordusunun rəsmi məlumatına görə, gecə bombardımanları zamanı azı 5 mülki vətəndaş həyatını itirib. Bu hücumların görüntüləri arasında sakinlərin sığınacaqlara qaçması və partlayış səslərinin əks olunduğu videolar sosial şəbəkələrdə yayılıb.
İsrail baş naziri Benyamin Netanyahunun dəfələrlə Tehranı mülki hədəf seçməkdə ittiham edən şiddətli ritorikası, Katsın sərt ritoriki ilə üst-üstə düşür. Katsın hədəsində qeyd etdiyi “ağır qiymət” ifadəsi, İsrailin Tehranı hədəfləyən cavab tədbirlərini genişləndirməyə hazır olduğunu göstərir.
Qeyd edək ki, İsrailin başlatdığı bombardmanlar nəticəsində İranın 250-yə yaxın vətəndaşı həlak olub. Onların yarısından çoxu mülki vətəndaşdır.
Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ